ABŞ-Rusiya qarşıdurması bəşəriyyəti nüvə müharibəsi təhlükəsinə aparır/Əziz Mustafa

0
747

 

Son illərdə Rusiya ilə ABŞ və onun müttəfiqləri arasında gərginliyin son həddə çatması tərəflərin istifadəsində olan nüvə silahı ilə bağlı məsələnin yenidən gündəmə gətirilməsinə səbəb olub. İş orasındadır ki, Ukrayna ərazilərinin işğalı ilə bağlı Vaşinqtonla Moskva arasında gərginliyin artdığı bir vaxtda ABŞ və Rusiyanın bəzi yüksək səviyyəli hərbçiləri qarşılıqlı nüvə zərbələrinin endirilməsinin mümkünlüyü barədə təhlükəli açıqlamalar verməkdədirlər. Buna paralel olaraq, faktiki olaraq Rusiya ABŞ və onun müttəfiqlərinə qarşı nüvə zərbəsi endirilməsi taktikasını sınaqdan çıxarmaqdadır. Bu müstəvidə də hələ 2013-cü ildə Rusiya hərbi aviasiyasının təlimlər zamanı İsveçə nüvə zərbələri endirilməsi taktikasını sınaqdan çıxarması məlum olub. Həmin hərbi hava təlimlərində səsdəniti “TU-22M3 Backfıre” qırıcı-bombardmançı təyyarələrinin də iştirak etdiyi məlum olub. “TU-22M3 Backfıre” qırıcı-bombardmançı təyyarələrinin nüvə silahı daşıdığını nəzərə alanda Kremlin Qərbə qarşı nə qədər böyük təxribata əl atmaq niyyətində olduğu və qarşı tərəfi da analoji addım atmağa təhrik etməsi nəzərə çarpır. Buraya hazırda Rusiya ilə NATO üzvü olan Türkiyə arasında davam edən gərginliyi də əlavə edəndə bəşəriyyət üçün nüvə müharibəsi təhlükəsinin ciddi olduğu meydana çıxır. Əlbəttə, Rusiyanın nüvə silahından istifadə edərək ABŞ başda olmaqla Qərbdəki müttəfiqlərini təhdid etməsi Kremlin özünə də yaxşı heç nə vəd etmir. Belə ki, Rusiyadan Avropaya gələn nüvə təhdidi ilə bağlı ABŞ və müttəfiqləri də cavab tədbirlərini həyata keçirməkdədirlər. Özü də SSRİ və Qərb arasında soyuq müharibə dövrü ilə müqayisədə bu dəfə NATO və ABŞ-ın strateji təyinatlı nüvə qüvvələri Rusiyanın sərhədlərinin yaxınlığında, nüvə başlıqlı ballistik raketlərin 8-10 dəqiqəlik məsafəsində yerləşiblər. Hər halda istər Polşadan, istərsə də Pribaltikadan endiriləcək nüvə zərbələri ilə 8-10 dəqiqə ərzində Rusiyanın hərbi bazalarını məhv etmək və düşmənə sarsıdıcı zərbələrin endirilməsi mümkündür. Bunun da günahkarı Rusiyanın özüdür. Belə ki, Rusiyanın postsovetməkanı ölkələrindən olan Pribaltika dövlətlərini daim təhdid altında saxlaması və hər an adıçəkilən əraziləri işğal etmək üçün hərəkətə keçmə təhlükəsinin olması ABŞ və onun NATO üzrə müttəfiqlərini cavab tədbirləri görməyə məcbur etdi. Bu müstəvidə də son illərdə ABŞ və NATO-nun Pribaltika ölkələri ilə hərbi-dəniz, hərbi-hava və quru təlimləri keçirməsi məhz Rusiyadan gələn nüvə təhlükəsinə qarşı müdafiə məqsədlərinə xidmət edir. Pribaltika ölkələrini müdafiə məqsədi ilə ABŞ-ın adıçəkilən bölgədə, o cümlədən Polşada strateji təyinatlı qüvvələrinin sayını ildən-ilə artırması isə yeni “soyuq müharibə”nin təhlükəli həddə çatmaqda olduğunu bir daha göstərməkdədir.

ABŞ nüvə başlıqlı raketlər məsələsində 1970-ci il səviyyəsindədir

Təbii ki, yeni “soyuq müharibə”nin nüvə silahından istifadə səviyyəsinə keçməsinin qarşısını alan bir mühüm amil var. Bu da tərəflərin istifadəsində olan mövcud nüvə başlıqlı raketlərin sayı, onların dağıdıcı gücü və harada yerləşdirilməsi ilə əlaqədardır. SSRİ ilə ABŞ arasında “soyuq müharibə” dövründə bəşəriyyətin nüvə müharibəsinə sürüklənməsinə imkan verməmək üçün nüvə silahının sayının azaldılması ilə bağlı müvafiq anlaşmalar imzalanmışdı. SSRİ-nin dağılması nəticəsində nüvə silahından istifadə təhlükəsi aradan qalxdı. Lakin 2000-ci ildən başlayaraq, Rusiyanın sürətli silahlanma strategiyasını önə çıxarması qarşı tərəfdə birmənalı qarşılanmadı. Əvvəlcə, Qərbdə Rusiyanın sürətlə silahlanması strategiyasını önə çıxarmasını ciddi qəbul etməsələr də sonra bunun qarşısıalınmaz prosesə çevrilməsi ABŞ və onun müttəfiqlərini müvafiq addımlar atmağa məcbur etdi. Xüsusilə, Rusiyanın 2008-ci ilin avqustunda Gürcüstana müdaxilə edərək Abxaziya və Cənubi Osetiyanı işğal etməsi Qərbi Kremldən gələn təhlükənin nə qədər ciddi olduğu barədə düşünməyə məcbur etdi. Vəziyyətin nüvə silahı təhlükəsinin tətbiqi həddinə çatmasının və “soyuq müharibə”nin yenidən qızışmasının qarşısını almaq məqsədi ilə 2010-cu ildə Prezident Barak Obamanın təşəbbüsü ilə Rusiya ilə ABŞ arasında SNB-3 anlaşması imzalandı. Həmin anlaşmaya əsasən, ABŞ və Rusiya nüvə silahı arsenalını 1550 ədədə kimi azaltmalı, eyni zamanda nüvə başlıqlı ballistik raket daşıyıcılarının sayını 700 ədəd həddində saxlamalı idilər. ABŞ Dövlət Departamentinin 2016-cı il yanvar ayının 1-nə olan məlumatına görə, Pentaqon (ABŞ Müdafiə Nazirliyi) bu anlaşmaya, demək olar, əməl edərək, nüvə başlıqlı raketlərinin sayını 762 ədədə qədər azaldıb. Rusiyada isə nüvə başlıqlı raketlərin sayının 526 ədəd olduğu ehtimal edilir. Faktiki baxımdan bu, tərəflər arasında nüvə başlıqlı raket daşıyıcılarının sayının bərabər olduğunu göstərir. Belə ki, raket daşıyıcıları arasında olan fərq çox da böyük deyil.

Təbii ki, ən önəmli məsələlərdən biri, düşmən hədəfini minlərlə kilometr uzaqlıqdan məhv etməyə qadir olan ballistik raketlərin sayı və onların harada yerləşdirilməsi ilə bağlıdır. Bu çərçivədə də ABŞ-ın yerüstü Qitələrarası ballistik raketlərinin sayı 46 il bundan əvvəlki, yəni 1970-ci il səviyyəsindədir. ABŞ-ın hərbi qüvvələrinin istifadəsində olan sonuncu qitələrarası nüvə başlıqlı raket daşıyıcısı 1978-ci ildə istehsal olunub. Düzdür, ABŞ hərbi qüvvələrinin istifadəsində olan qitələrarası nüvə başlıqlı raketlər, “Minitmen” kompleksi vaxtaşırı təkmilləşdirilib və onlardan 2030-cu ilə kimi istifadə etmək mümkündür. Buna paralel olaraq, GBSD (Ground-BasedStrategicDeterrent) müdafiə təyinatlı strateji raket hücumundan müdafiə sisteminin yaradılması ilə bağlı tədbirlər də davam etdirilir. Bu məqsədlə də ABŞ Müdafiə Nazirliyinə 62,3 milyard dollar ayrılması nəzərdə tutulub. Lakin bu layihənin əleyhdarları da var. Bu layihənin həyata keçirilib-keçirilməməsi ABŞ-da üzümüzə gələn payızda keçiriləcək prezident seçkilərindən sonra məlum olacaq. Buna baxmayaraq, Rusiyadan gələn yeni nüvə müharibəsi təhlükəsi qarşısında ABŞ 2024-cü ilə kimi yeni müdafiə sisteminin reallaşmasına 348 milyard dollar xərcləmək niyyətindədir. Bu çərçivədə də 26 ədəd nüvə başlıqlı qitələrarası ballistik raketin istehsalı nəzərdə tutulub.

Rusiya da hərbi nüvə gücünü artırır

SSRİ dağılandan sonra nüvə başlıqlı yeni raketlərin istehsalını dayandırmağa məcbur olan Rusiya 2000-ci illərdən başlayaraq, ordunun istifadəsində olan nüvə başlıqlı qitələrarası ballistik raketlərini təkmilləşdirməyə və yeni texnologiya əsasında istehsalını artırmağa başladı. Bu çərçivədə də həyata keçirilən tədbirlər nəticəsində 2015-ci ildə Rusiyanın strateji təyinatlı raket qüvvələri 24 ədəd yeni “RS-24 Yars” qitələrarası ballistik raketlərlə təchiz edildilər. Bu raketlərin hər biri 4 ədəd nüvə başlığı daşımağa qadirdirlər. 2020-ci ilə kimi Rusiya hərbi qüvvələrinin istifadəsində olan bütün qitələrarası nüvə başlıqlı raketlər yeniləri ilə əvəz ediləcək. Bundan əlavə, Rusiyada “R-26 Rubej” ballistik raketi mövcuddur. ABŞ, hələlik, bu raketin gücü haqqında tam məlumata malik deyil. Lakin bəzi məlumatlara görə, “R-26 Rubej” ballistik raketləri həm uzaq, həm də yaxın məsafəli strateji təyinatlı hədəflərin məhvi üçün nəzərdə tutulub. Bu raket kompleksi eyni zamanda həm 2000, həm də 6 min kilometr məsafədəki hədəfləri dəqiqliklə məhv etməyə qadirdir. Rusiyanın “R-26 Rubej” ballistik raketləri də məhz ABŞ-ın Avropadakı hava hücumundan müdafiə sistemlərinin məhvi üçün nəzərdə tutulub.

Beləliklə, Rusiya 2000-2015-ci illərdə SSRİ-nin dağılmasından sonra zəifləmiş hərbi gücünü bərpa edə və ordusunun müasir hərbi silahlarla təminini müəyyən qədər reallaşdıra bilib. Bu baxımdan Rusiya ilə müqayisədə ABŞ ordunun müasir texnologiya əsasında istehsal ediləcək qitələrarası nüvə başlıqlı ballistik raketlərlə təchizində Rusiyadan geridə qalır. Belə ki, Rusiya Hərbi Hava Qüvvələrinin müasir ballisitk raketlərlə təchizini 2020-ci ildə başa çatdıracaqsa, ABŞ bu vəzifəni yalnız 2024-cü ildə reallaşdırmış olacaq. Bununla belə, ABŞ-ın maliyyə imkanlarının Rusiyadan kifayət qədər böyük olduğunu nəzərə alsaq, onda Rusiyanın yenidən sürətlə silahlanma yarışına tab gətirə bilməyəcəyi və nəticədə iqtisadi baxımdan çökə biləcəyi ehtimal edilir. Buna paralel olaraq ABŞ və müttəfiqlərinin strateji təyinatlı hava hücumundan müdafiə sistemlərinin Rusiyanın sərhədlərində yerləşdirildiyini nəzərə alanda nüvə müharibəsi istənilən halda Kreml üçün fəlakət demək ola bilər. Üstəlik, Ukrayna ərazilərinin bir hissəsini işğal etməklə Rusiya Kiyevin timsalında yeni düşmən qazanıb. Polşanın ardınca Ukraynanı da özünə düşmənə çevirməklə Rusiya özü üçün daha bir təhlükə mənbəyi yaradıb. Beləliklə, Rusiya-Qərb qarşıdurması təhlükəli istiqamətdə inkişaf etməkdədir. Bu isə bəşəriyyətə yaxşı heç nə vəd etmir.

BIR CAVAB BURAXIN