ABŞ kəşfiyyatını mat edən casus: Rudolf Abel (1)
Əziz Mustafa
Bir vaxtlar polkovnik Abelin adı gələndə sovet kəşfiyyatinın şefləri belə hörmət əlaməti olaraq ayağa qalxardılar. Çünki xaricdə çalışan digər məşhur sovet kəşfiyyatçılardan fərqli olaraq, onun qismətinə ABŞ kimi bir ölkədə işləmək düşmüşdü . O, ABŞ-da atom bombasının sirrlərini öyrənərək Moskvaya göndərmək kimi məsuliyyətli bir vəzifəni həyata keçirmişdi. Rudolf Abelin bu ölkədəki fəaliyyəti SSRİ rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılırdı. Məhz bunun nəticəsidir ki, SSRİ rəhbərliyi onun casus təyyarəçi Pauerslə dəyişdirilməsi barədə tərəddüd etmədən razılıq vermişdi. Əsl adı Fişer Vilyam Henrixoviç olan bu kəşfiyyatçı xaricdə Rudolf İvanoviç Abel adı altında fəaliyyət göstərib. Onun fəaliyyəti kəşfiyyat tarixinin ən maraqlı səhifələrindəndir.
Uğurlu başlanğıc, uğursuz sonluq
O, 1903-cü ildə İngiltərənin Nyukasl şəhərində ruslaşmış alman ailəsində anadan olmuşdu. Vilyamın valideynləri inqilabçı olduqlarına görə 1901-ci ildə Rusiyadan qovulmüşdular. Ər-ərvad Fişerlər İngiltərəyə köçərək burada yaşayırdılar. Valideynlərinin inqilabi təsiri altında böyüyən gənc Vilyam uğurla imtahan verərək London universitetinə qəbul olundu. Universitetdəki illəri onun dünyagörüşünün formalaşmasına böyük təsir göstərdi. Rusiyada inqilab baş verəndən üç il sonra-1920-ci ildə Fişerlər ailəsi Moskvaya qayıtdılar. İngilis dilini yaxşı bildiyinə görə gənc Vilyamı Kommunist İnternasionalının (Kominternin) mərkəzi aparatına tərcüməçi götürdülər. İşə başladığı gündən o, sovet kəşifiyyatının diqqətini cəlb etdi. Kominterndə işləyərəkən ona buradakı bəzi adamların fəaliyyətinə nəzarət etmək tapşırıldı. Vilyam bu vəzifənin öhdəsindən bacarıqla gələrək kəşfiyyat qurumlarının rəğbətini qazandı. 1924-cü ildə o, Moskva Şərqşünaslıq İnstitunun hind şöbəsinə qəbul olundu. Amma birinci kursu bitirən kimi Vilyamı dərhal hərbi xidmətə çağırdılar. O, radioteleqraf alyında xidmət etdi. Hərbi xidməti başa vurandan sonra elmi-tədqiqat iİnstitutlarından birində işə düzəldi. Amma həmin dövrdə Vilyamın bütün addımlarını diqqət mərkəzində saxlayan sovet kəşfiyyatı onu öz siralarına qəbul etdi. O, bir müddət xarici kəşfiyyat orqanları ilə iş üzrə xüsusi təyinatlı bölmədə hazırlıq keçdi. Buradan onu adı gizli saxlanılan Avropa ölkələrindən birinə göndərdilər. Xaricdə qarşısına qoyulan vəzifəni yülsək peşəkarlıqla həyata keçirən Vilyam Moskvaya qayıdandan sonra ona dövlət təhlükəsizliyi leytenantı rütbəsi verdilər. Sonra o, İngiltərəyə kəşfiyyata göndəriləcək casusların hazırlanması ilə məşğul olur. Bir müddət sonra Vilyam yenidən xüsusi tapşırıqla Avropa ölkələrinə- əvvəl Fransaya, sonra isə Almaniyaya göndərilir. Fişer adı çəkilən ölkələrdə casus şəbəkəsinin qurulması üçün ciddi səy göstərir. Daha sonra isə bu ölkələrdən casuslar tərəfindən ötürülən xüsusi əhəmiyyətli məlumatları əldə edərək Moskvaya gətirir. O dövrdə sovet kəşfiyyatı Vilyamdan xarici ölkələrin birində- Almaniya və ya ABŞ-da şef rezident kimi istifadə etmək istəyirdi. Bunun üçün xüsusi əməliyyat planı da hazırlanmışdı. Amma ötən əsrin 30-cu illərində SSRİ-də baş verən hadisələr Vilyamın kəşfiyyatda işləməsini şübhə altına almışdı. Sovet kəşfiyyatının ən yaxşı əməkdaşları müxtəlif bəhanələrlə antisovet çevrilişində günahlandırılaraq həbs edilirdilər. Vilyamın də başı üzərini belə bir təhlükə almışdı. O, hiss edirdi ki, istənilən vaxt onu həbs edilə bilərlər. Ona görə də çıxış yolunu kəşfiyyat orqanlarından tərxis olunmaqda görür. Lakin onun işdən çıxmaq barədə ərizə yazmasına ehtiyac olmadı. Belə ki, ərizə ilə rəhəbrliyə müraciət edəndə məlum olur ki, Vilyamı artıq işdən çıxarıblar. Lakin onu işdən azad edərkən heç bir səbəb göstərməyiblər. Buna görə də o, özünün tezliklə həbs ediləcəyini gözləyir. Çünki həmin dövrdə kəşifiyyatçını elə-belə işdən çıxarmırdılar. İşdən çıxarıblarsa, deməli, ondan nədə isə şübhələniblər. Yalnız çox sonralar Vilyama məlum olur ki, o, milliyətcə alman olduğu üçün ona etibar etməyərək işdən azad ediblər.
Yenidən kəşfiyyata
Vilyam bir müddət Ümumittifaq Ticarət Palatasında işlədi, sonra bu iş onu sıxdığı üçün oradan çıxaraq zavoda işə girdi. Zavoddakı işi də onu sıxırdı və o, hiss edirdi ki, kəşfiyyat orqanlarından ayrı yaşamaq onun üçün çətin olacaq. Buna görə də o, bir neçə dəfə əvvəlki işinə qayıtmaq üçün kəşfiyyat rəhbərliyinə ərizə ilə müraciət etdi. Amma Vilyamın ərizələrinə cavab verən yox idi. Nəhayət, 1941- ci ilin sentyabr ayında- müharibə başlayandan təxminən 3 ay sonra onu düşmən arxasında təxribat işlərinin təşkili ilə məşğul olan şöbəyə işə qəbul etdilər. Həmin dövrdə Fişer Rudolf İvanovic Abel adlı şəxslə yaxın münasibət qurdu və onlar ayrılmaz dostlara çevrildilər. Sonrlar ABŞ-da həbs edilərkən o, Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşlarına özünü dostunun adı ilə (Rudolf İvanoviç Abel) ilə təqdim etdi və əsl adını gizlətdi. Müharibə dövründə Fişerin ən mühüm işlərindən biri alman kəşfiyyatının mahir nümayəndələrindən olan Otto Skortseni yalançı radio oyuna cəlb etmək və ona səhv məlumatların verilməsi oldu. Ümumiyyətlə, müharibə dövründə Vilyam Fişer düşmən arxasında təxribat işlərinin təşkilində, həmçinin düşmən arxasına göndərilən kəşfiyyatçıların hazırlanmasında əvəzsiz xidmətlər göstərdi. SSRİ kəşfiyyyatının rəhbərləri tərəfindən dəfələrlə təşəkkür alan Fişer ən qorxmaz və bacarıqlı kəşfiyyatçı kimi ad çıxardı.
İlk böyük uğur
Müharibə başa çatandan sonra Vilyam Fişeri atom bombasının sirrlərini öyrənmək üçün yaradılan xüsusi kəşfiyyat qrupuna rəhbər təyin edirlər. Həmin dövrdə sovet kəşfiyyatı atom bombasının sirrini öyrənilməsini daha da sürətləndirmək və bu işi qısa müddətdə başa çatdırmaq üçün xüsusi fəaliyyət planı hazırladı. Həmin plana əsasən Fişer ABŞ-a göndərildi. O burada atom bombasının sirrini öyrənərək qısa müddətdə Moskvaya göndərilməsini təmin etməli idi. ABŞ-a gələn kimi Fişer dərhal bütün kəşfiyyatçıları səfərbər edir və gizli laborotoriyaya öz casuslarını işə düzələdə bilir. O, ABŞ-a göndəriləndən az sonra atom bombasının çertyojlarını əldə edərək Moskvaya göndərilməsinə nail olur. Bu işə görə onu “Qırmızı bayraq” ordeni ilə təltif edirlər.
Yeri gəlmişkən onu da deyək ki, Fişer ABŞ-da “Mark” təxəllüsü altında fəaliyyət göstərirdi. Atom bombasının sirrini əldə etməsindən sonra Fişerə ABŞ-ın ali dairələrində xüsusi kəşfiyyat şəbəkəsi yaratmaq tapşırığı verilir. Bununla bağlı o, qısa müddətdə müəyyən işləri həyata keçirə bilir. Amma onu da qeyd edək ki, Fişer hələ 1955-ci ildə ABŞ kəşfiyyatının onların izinə düşdüyünü hiss etmişdi. Bununla bağlı o, Moskvaya məlumat verərək kəşfiyyat işləirnin qeyri- müəyyən vaxta kimi dayandırılması üçün icazə istəyir. Onun dediklərinə əhəmiyyət verməyən Moskva isə “Mark”dan narazı qaldığını bildirir və fəaliyyətini qismən məhdudlaşdırmağ tapşırır.
Arxadan vurulan zərbə
“Mark”ın işinin cox olduğunu nəzərə alaraq, Moskva 1952- ci ildə “Vik” təxəllüsli radist Xeyxaneni onun yanına göndərir. Qeyd edək ki, Xeyxanen sovet həyat tərzindən bezənlərdən və daxilində bu sistemə nifrət bəsləyənlərdən biri idi. O, kəşfiyyatda işləsə də haçansa bu sistemlə haqq-hesab çəkməyi qət etmişdi. Bunun üçünsə ona fürsət lazım idi. ABŞ-a gələn kimi o, belə bir fürsətin ələ düşdüyünü anlayır. Amma ilk illərdə birbaşa kəşfiyyat yoldaşlarını satmağa cəsarət etmir. Xeyxanen həddindən çox içirdi. Bu isə kəşfiyyatçı üçün pis hal hesab edilirdi. Bununla əlaqədar Fişer Xeyxanenə bir neçə dəfə xəbərdarlıq etmişdi. Xeyxanen isə bu xəbərdalığa məhəl qoymadan gününü sərxoşluqla keçirməkdə davam edirdi. Nəhayət onun bu vəziyyəti Fişeri özündən çıxardı və o, Xeyxanenin geriyə çağrılmasını Moskvadan xahiş etdi. Moskvada dərhal məsələnin nə yerdə oduğunu anladılar və Xeyxanendən ABŞ-ı tərk edərək təcili SSRİ-yə dönməsini tələb etdilər. Xeyxanen o saat anladı ki, Moskvada onun başını sığallamayacaqlar. Ona görə də Mərkəzi Kəşfiyyat İdarəsinə gedərək özünə məlum olan bütün sirrləri onlara açdı.