Abır mücəssəməsi

0
674

 

Bu gün Xalq artisti, tanınmış kamança ifaçısı Şəfiqə Alxas qızı Eyvazovanın 70 yaşı tamam olur.

İndiyədək çox sənət adamından müsahibə almışam. Onların arasında elələri olub ki, xatirimdə dərin izlər buraxıb. Onlardan biri, hətta deyərdim ki, birincisi Şəfiqə xanım Eyvazova olub. Neçə il bundan əvvəl onunla Bakı Musiq Akademiyasında görüşdüm. Bir zamanlar ekranda gördüyüm, yalnız öz ifası ilə deyil, həm də öz geyimi ilə digərlərindən fərqlənən bu xanımla görüşmək, sözün düzü, çoxdankı arzum idi. İndiyədək yadımdadır: kəndimizdə sənət adamlarından, abırdan-həyadan söz düşəndə bu kamança ustasının adı həmişə çəkilərdi, o, hamıya nümunə göstərilərdi. Mən belə bir xanımla həmsöhbət olduğuma görə ondan müsahibə götürəndə nə qədər sevindiyimi bir Allah bilir… Hə, onu da deyim ki, müsahibədən sonra o, həyat yoldaşı Arif Əsədullayevlə birgə məni Buzovnaya – öz evlərinə qutab qonaqlığına dəvət etdi. Lakin bu fürsəti əldən verdim. Sonradan Arif müəllim məni görəndə zarafatla: “Adam da belə qonaqlığı əldən qaçırar?” – dedi.

Bəli, Şəfiqə xanım kamanda ilk solo ifa edən qadın kimi də tariximizə düşüb. Bu barədə söz düşəndə isə o belə deyir: “Düzdür, kamanda ilkə imza atan qadınam. Ancaq birincilik iddiası heç ağlımın ucundan da keçməyib. Heç xəbərim olmadı nə vaxt əlimə kaman aldım, nə vaxt birinci oldum. Heç fikirləşmədim ilk solo ifaçı mən olacağam, ümumiyyətlə, musiqiçi olacağım ağlıma gəlməzdi”.

Şəfiqə xanım bu günümüzün sənət aləminə də öz baxışı olan sənət adamlarındandır. O, ekranlarımızda baş alıb gedən özbaşnalıqdan narazıdır: “Efirlərə baxmağa qorxuram. Yaşlı adamam. O qədər “şok, şok” deyirlər ki, deyirəm şoka düşərəm çıxa bilmərəm”. Onun fikrincə, ətəyini qısa etməklə, köynəyinin qolunu kəsməklə sənətə gəlmirlər. Qadın sənətindən, peşəsindən aslı olmayaraq, ilk növbədə abır-həya gözləməlidir.

Sözün düzü, Şəfiqə xanıma zəng edib, onu ad günü münasibətilə təbrik etmək istəyirdim. Lakin telefon nömrəsini unutduğumdan bu arzum ürəyimdə qaldı. Odur ki, elə bu kiçik yazı ilə onu təbrik etmək qərarına gəldim.

Qvami

BIR CAVAB BURAXIN