Qarabağ münaqişəsinin ətrafında canlanma nəticə verəcəkmi?

0
575

 

Son günlər Dağlıq Qarabağ münaqişəsinin ətrafında canlnma hiss edilməkdədir. Bu baxımdan istər Rusiya xarici işlər naziri Sergey Lavrovun, istərsə də onun türkiyəli həmkarı Mövlud Çavuşoğlunun münaqişənin həlli ilə bağlı verdiyi açıqlamalar diqqəti cəlb edib. Lavrovla Çavuşoğlu arasında ötən gün Antalyada keçirilən görüşdən sonra sonuncu deyib ki, Rusiyanin Qarabağ problemini çözmə iradəsinə hörmətlə yanaşırıq. Öz növbəsində Lavrov Qarabağ münaqişəsinin tərəfləri qane edən variantda həllinə dəstək verdiklərini və problemin qısa müddətdə aradan qaldırılmasına çalışdıqlarını söyləyib.

Qarabağ münaqişəsinin həllində ilin sonuna yaxın canlanmanın hiss olunması Rusiya dövlət katibi, xarici işlər nazirinin müavini Qriqori Karasinin Bakıya səfəri zamanı verdiyi açıqlamasında da hiss olunub. Azərbaycan Xarici işlər nazirinin müavini Xələfə Xələfovla görüşündə Karasin Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə sülh yolu ilə həll edilməsi istiqamətində səylərin davam etdiriləcəyini və problemin həllində təsirli tədbirlərin görülməsi üçün tərəflərə ən yüksək səviyyədə dəstəyin göstəriləcəyini bildirib. O, eyni zamanda regional təhlükəsizlik məsələlərinin yüksək səviyyəli qarşılıqlı etimada əsaslandığını da xüsusi qeyd edib. O bildirib ki, Rusiya postsovet məkanında mövcud olan münaqişələrin siyasi-diplomatik yolla həllinin fəal tərəfdarıdır. Yəni Karasin faktiki olaraq ölkəsinin münaqişənin həllində əvvəlki kimi monopoliyanı əldən verməyəcəyini dolayısı ilə həm Azərbaycan rəsmilərinin, həm də beynəlxalq aləmin diqqətinə çatdırıb.

Buna paralel olaraq Rusiya Federasiyasının yeni xarici siyasət konsepsiyasında da Qarabağ münaqişəsi xüsusi diqqət mərkəzində saxlanılıb. Belə ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yeni xarici siyasət konsepsiyasının regional prioritetləri bölümünə salınıb. Həmin bölümdə qeyd olunur ki, Rusiya digər həmsədr ölkələrlə birlikdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövcud çoxtərəfli danışıqlar mexanizminə Rusiya, ABŞ və Fransa prezidentlərinin 2009-2013-cü illərdə birgə bəyanatlarında qeyd olunmuş prinsiplər əsasında yardım edir. Bu baxımdan qeyd etdiyimiz kimi Qarabağ münaqişəsinin həllinin ötən gün Antalyada Rusiya və Türkiyə xarici işlər nazirləri arasında keçirilən görüşdə əsas müzakirə hədəflərindən biri olduğunu nəzərə alsaq, onda türkiyəli nazirin Bakıya bu günkü səfərinin heç də təsadüfi olmadığı qənaətinə gəlmək olar.

Əlbəttə, Türkiyə münaqişənin həllində həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu məsələdə qardaş ölkənin mövqeyi dəyişməz olaraq qalır. Bununla belə Türkiyə ilə Rusiya arasında son yaxınlaşma meyllərini nəzərə alsaq, onda Ankara münaqişənin həllində hazırda yaranmış pat vəziyyətindən çıxmaq üçün tərəfləri qane edə biləcək hansısa çıxış yolu təklif edə bilər. Lakin belə çıxış yoluna Türkiyənin malik olub-olmadığını söyləmək olduqca çətindir. Çünki Çavuşoğlunun özünün də etiraf etdiyi kimi hazırki vəziyyətdə Dağlıq Qarabağ münaqişəsinin həlli olduqca çətin və mürəkkəbdir. Bununla belə Türkiyənin vəziyyətdən çıxış yolunu Rusiyanın işğal altında olan 5 rayonun azad edilməsi təklifində axtara biləcəyini də istisna etmək olmaz. Xatırladaq ki, Türkiyə Rusiyanın öncə 5 rayonun azad edilməsi təklfini dəstəkləyib və bunun münaqişənin həlli istiqamətində atılan ən önəmli addımlardan biri olduğunu vurğulayıb. Bu yaxınlarda keçirilən AŞPA toplantısında da Çavuşoğlu məsələnin bu tərəfinə diqqəti cəlb edərək: “Rusiya 5 rayonun azad edilməsi ilə bağlı olduqca ağıllı təkliflə çıxış edib. Bu variant hazırda tərəfimizdən müzakirə edilir. Biz ümid edirik ki, münaqişə bu əsasda da həllini tapacaq və beləliklə Türkiyənin Ermənistanla münasibətlərinin normallaşdırılmasına zəmin hazırlanacaq”,-deyib.

Çavuşolunun Bakı səfərində problemin hansı əsasda həllinin müzakirə edildiyi və tərəflərin buna münasibəti isə yaxın bir neçə gündə məlum olacaq.

Nəhayət bir məqama da diqqəti cəlb etmək istəyirik. Bu da Karasin və Çavuşoğlunun Bakı səfərinin Azərbaycan və Ermənistan Xarici işlər nazirləri arasında keçirilməsi nəzərdə tutulan Hamburq görüşü ərəfəsinə təsadüf etməsidir. Ola bilsin ki, Hamburq görüşü ərəfəsində Karasin və Çavuşoğlu Bakının münaqişəyə münasibətdə mövqeyinə bir daha aydınlıq gətirmək istəyiblər. Bununla belə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Hamburq görüşünün baş tutub-tutmayacağı da hələlik məlum deyil.

Əziz Mustafa

BIR CAVAB BURAXIN