2016-cı ilin 6 ayı ərzində Azərbaycanda 28 uşaq intihar edib

0
611

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda uşaq və gənclər arasında intiharların səbəbləri ilə bağlı izahatla çıxış edib.
Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, uşaqlar arasında intihar hallarının səbəbləri müxtəlifdir:

“İntihar hadisələrində məişət zorakılığı zəminində yaranan psixoloji problemlər, uşağın əhatə olunduğu mühitin təsiri böyükdür. Dünyada araşdırmalar göstərir ki, intiharlar daha çox 16-18 yaş arası gənclər arasında baş verir ki, bunun da ən çox faizini oğlanlar təşkil edir. Müasir dövrdə intihar hadisələrinin sayı dünyada artan dinamika ilə inkişaf edir. Cəmiyyətin sosial xarakteri ilə bağlı olaraq intihar faizi də ölkədən ölkəyə fərqlənir. Dünyanın bir çox ölkələrində aparılmış araşdırmalara əsasən intiharların əsas səbəbləri məişət və ailə zorakılığı, dini sektaların təsiri, internetin mənfi tərəfləri, sosial vəziyyət, xəyanət, ünsiyyət imkanlarının olmaması və digər səbəblərdir. Azərbaycanda da intihar hallarının qarşısının alınması, bu istiqamətdə maarifləndirici tədbirlərin görülməsi mühüm əhəmiyyət daşıyır. Komitə tərəfindən intihar halları ilə bağlı məlumatlar araşdırılır. Komitənin tabeçiliyində 11 uşaq və ailələrə dəstək mərkəzləri fəaliyyət göstərir. Mərkəzlərdə sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmamış şəxslərə və onların ailələrinə, zorakılığa məruz qalmış şəxslərə yardım edilir”.
Qeyd olunub ki, valideynlər arasında maarifləndirmə işlərinin aparılması, sosial çarxların hazırlanaraq telekanallarda yayımlanması əhəmiyyətlidir: “Bu istiqamətdə də komitə müvafiq işlər görür. Valideynlərə uşaqlarla davranış qaydalarını öyrətmək lazımdır. Məsələn, uşaqlarda bəzən özünəqapanma halları olur. Valideyn bu halda dərhal övladı ilə maraqlanmalı, problemlərini dinləməli, məktəbdə müəllimləri, məktəb psixoloqu ilə danışmalı, ona hərtərəfli kömək etməlidir. Bu sahədə kompleks yanaşma vacibdir. Etinasız yanaşmaq sonda bədbəxt hadisə ilə nəticələnə bilər. Bu gün internetin mövcud olduğu bir dövrdə bütün məlumatlar hər kəs üçün əlçatan olub və yaş məhdudiyyəti olmadan hər bir şəxsin oraya giriş imkanları mövcuddur. Bütün bunları nəzərə alaraq düşünürük ki, televiziyalarda nümayiş olunan filmlərin hansı yaş kateqoriyası üçün uyğun olduğunu bildirən işarələrin əvvəlcədən verilməsi əhəmiyyətli olduğu kimi, valideynlərin də bu işə xüsusi diqqət ayırması, övladına nəzarət etməsi vacibdir. Bəzən uşaq baxdığı bir filmin və ya verilişin təsiri altına düşə bilər ki, bu da sonda pis halla nəticələnə bilər”.
Qeyd edək ki, 2016-cı ilin 6 ayı ərzində Azərbaycanda 28 uşaq intihar edib

BIR CAVAB BURAXIN