Almanlar tərəfindən başına 5 milyon frank qoyluan ələkeçməz Nensi- FOTOLAR

0
502

 

Onun adı dünyanın kəşfiyyatçı qadınları arasında xüsusi hörmətlə çəkilir. Bu da səbəbsiz deyil. Almanların arasında “Ağ siçan” kodu altında fəaliyyət göstərən Nensi Ueyk Fransanın faşistlərdən azad edilməsinə özünün böyük töhfəsini verən kəşfiyyatçı qadınlardan hesab edilir. O yüzlərlə insanı faşistlər tərəfindən güllələnmək təhlükəsindən xilas edərək onların partizan dəstələrinə qoşulmasına yardım edib. Təsadüfi deyil ki, almanlar məşhur kəşfiyyatçının başına 5 milyon frank qoymuşdular. Amma Ueyk işini yüksək peşəkarlıqla həyata keçirdiyindən onun izinə düşmək olmurdu.

Zelandiyadan Avropaya

Gələcəyin məşhur kəşfiyyatçısı olacaq Nensi Ueyk 1912-ci ildə Yeni Zelandiyadakı Vellinqton ətrafında yerləşən Rouznitdə anadan olmuşdu. Nensinin 2 yaşı olanda valideynləri müəyyən səbəblərdən Avstraliyanın Sidney şəhərinə köç etdilər. Amma tezliklə atası ailəsini Sidneydə qoyaraq Yeni Zelandiyaya qayıtdı. Bu da ananın 6 uşağını olduqca çətinliklə böyütməsinə səbəb oldu. Uşaqlıqda həyatının heç də yaxşı günlərini yaşaya bilməyən Nensi 16 yaşı olanda tibb bacısı kimi işləməyə başladı. Amma belə həyat onu təmin etmədiyindən Nensi Böyük Britaniyaya köç edərək burada jurnalistika fəaliyyəti ilə məşğul olmağa başladı. Onda hələ uşaqlıqdan xüsusi yazmaq istedadı vardı və bu da Nensiyə müxtəlif mətbu orqanlarda problemsiz çalışmaq imkanı verirdi. Faşizmin Avropada baş qaldırdığı dövrdə ingilis kəşfiyyatı tərəfindən ələ alınan Nensini Avropaya işləməyə göndərdilər. O mediamaqnat Herstin qəzetlərindən birinin Avropadakı müxbiri kimi çalışmağa başladı. O hətta həmin dövrdə Hitlerdən müsahibə götürən ilk jurnalistlərdən biri oldu. Faşizmin iç üzünü görən Nensi Avropadan göndərdiyi məqalələrində Hitleri və onun ətrafındakıları ifşa edir, onların bəşəriyyətə fəlakət gətirə biləcəyi barədə xəbərdarlıq edirdi. Həmin dövrdə də Nensi qəti şəkildə ömrünü faşizmlə mübarizəyə həsr etməyi qərara almışdı. 1939-cu ildə faşist Almaniyası Polşanı işğal edəndə o əsarətdən qaçan qaçqınlar üçün xüsusi düşərgələr salınmasında yaxından iştirak etmş və bununla da minləriə insanın həyatının xilas edilməsində önəmli rol oynamışdı.

1939-cu ildə varlı fransız iş adamı Anri Fiokka ərə gedən Nensi onun simasında həm də faşizmə qarşı mübarizədə özünün etibarlı müttəfiqini tapmış oldu. 1940-cı ilin may -iyun aylarında Almaniya Fransanı işğal etdi. Bundan sonra ər-arvad Anri və Nensi işğalçılara qarşı mübarizə məqsədi ilə yaradılan Müqavimət hərəkatının ən fəal üzvlərindən birinə çevrildilər. Həmin dövrdə Nensi və Anri Avropada faşistlərdən qaçan minlərlə qaçqının və hərbçinin Fransadan İspaniyaya getməsinə yardım etdilər. Həyat yoldaşının nüfuzundan istifadə edən Nensi almanlar tərəfindən işğal edilən ərazidə yaradılan oyuncaq Vişi hökumətində işləməsinə imkan verə biləcək saxta sənəd düzəldə bildi. Ona oyuncaq Vişi ordusunda xidmət etməkdən imtina edən çoxsaylı qaçqın əsgər və zabitlərin Fransadan İngiltərəyə köç etməsinə yardım etmək vəzifəsi tapşırılmışdı. Saxta sənədlərdən istifadə etməklə Nensi qısa müddətdə bu tapşırığın öhdəsindən bacarıqla gəldi. Nensi həm də işğal altında olan ərazilərdə mühacirətdə qurulan Şarl de Qoll hökuməti ilə üsyançılar arasında rabitəçi funksiyasını həyata keçirirdi.

Gestapodan Nensinin başına 5 milyon frank

Müəyyən gizli qüvvələrin işğal altında olan ərazilərdən yüzlərlə insanı Fransadan İspaniyaya və oradan da İngiltərəyə göndərdiyi alman kəşfiyyatına-gestapoya məlum olmuşdu. Onlar bu işin təşkilatçısını axtarır, ancaq heç cür onun izinə düşə bilmirdilər. 1942-ci ildə gestapoya yüzlərlə insanın müxtəlif yollarla İngiltərəyə göndərilməsinin “Ağ siçan” ləqəbli casus tərəfindən həyata keçirildiyi məlum oldu. Amma onlar”Ağ siçan” ləqəbli casusun kim olduğunu aşkara çıxarmaqda çətinlik çəkirdilər. Ona görə də gestapo bu casusun yerini xəbər verənə 5 milyon frank mükafat vəd etmişdi. Bununla belə gestapo 1942-ci ildə Nensı ilə maraqlanmağa başladı. Amma onun fəaliyyətində təhlükəli bir şey tapa bilmədilər. Lakin gestapo Nensini izləməkdə davam edirdi. İzləndiyini hiss edən Nensi İspaniya ərazisi ilə İngiltərəyə qaçmaq qərarına gəldi. O 5 dəfə onu izləyən gestapo əməkdaşlarından yayınaraq gizlicə qaçmağa cəhd etdi. Lakin buna nail ola bilmədi. Nəhayət 6-cı cəhddə kəşfiyyatçı onu izləyənlərdən yayına və İspaniya ərazisindən istifadə etməklə İngiltərəyə gedə bildi. Nensinin Fransada qalan həyat yoldaşını isə gestapo həbs edərək sorğu -suala tutdu. Lakin Anri Fiokk həyat yoldaşını satmadı və buna görə gestapo tərəfindən edam edildi.

Böyük Britaniyada Nensi ingilis kəşfiyyatının Fransa üzrə koordinatoru vəzifəsini həyata keçirməyə başladı. 1944-cü ildə yenidən gizlicə madam Andre adı altında Fransaya qayıdan kəşfiyyatçı qadın casus Con Farmerlə “Maki” adı verilən 7 min nəfərlik könüllülər dəstəsi yaratdı. Bu dəstə bir il ərzində həyata keçirdiyi təxribatlar nəticəsində 1400 nəfər alman əsgər və zabitini məhv etdi. Nensi eyni zamanda düşmən arxasında müqavimət hərəkatı üçün Böyük Britaniya təyyarələri tərəfindən havadan atılan döyüş sursatının çatdırılması və bölüşdürülməsi vəzifəsini də həyata keçirirdi. Həmin dövrdə bu qorxmaz kəşfiyyatçının düşməni çaş-baş salan əməliyyat planları ona böyük şöhrət gətirmişdi. Onun bu qəhrəmanlıqları Böyük Britaniyanın ali mükafatlarından “Georgi” medalı, Fransanın Ali Xaç ordeni və Amerikanın Azadlıq medalı ilə təltif olunmasına gətirib çıxarmışdı. II Dünya müharibəsi başa çatandan sonra Nensi bir müddət də kəşfiyyatda işlədi, əvvəlcə Parisdə, sonra da Praqadakı səfirliklərdə Böyük Britaniyanın avisiya rəsmisi kimi kəşfiyyat fəaliyyətini davam etdirdi. 1949-cu ildə kapitan rütbəsində istefaya çıxdı. Əvvləcə Avstraliyaya getisə də, sonradan yenidən İngiltərəyə qayıtdı və 1957-ci ilə kimi kəşfiyyat xidmətində çalışdı. Həmin ildə də zabit Con Forvardla ailə həyatı qurdu və təkrar istefaya çıxdı. 1985-ci ildə Nensinin özünün və ingilis kəşfiyyatının fəaliyyətindən bəhs edən “Ağ siçan” kitabı çapdan çıxdı və dərhal da bestsellərə çevrildi. Sağlığında ikən ələ keçməz Nensi adı ilə tanınan bu məşhur kəşfiyyatçı qadın 2011-ci ildə 98 yaşında dünyasını dəyişdi. Bununla belə o sağlığında ikən adını dünyanın məşhur kəşfiyyatçı qadınları sırasına yazdıra bildi.

Əziz Mustafa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

17 − 6 =