18 yaşlı bu gənc müsəlman qızın niyə örtüyü açılıb başı qırxılıb?

0
1041

Bu ayın əvvəlində müsəlman yeniyetmə Yasmin Seweid-in Nyu York metrosunda nifrət hücumunun qurbanı olması beynəlxalq mətbuata çıxıb. Çərşənbə günü Seweid bu əhvalatı özündən quraşdırdığını boynuna alandan sonra həbs olunub.

Manhetten cinayət məhkəməsində ifşa edildiyi deyilən yeniyetmə şok içində imiş. Onun başı qırxılıb və örtüyü açılıb. 18 yaşlı qız polisə şikayəti saxtalaşdırmaqda və dövlət administrasiyasının işinə mane olmaqda ittiham edilir. Bu ittihamların hər birinə görə bir il həbs cəzası düşür.

Seweid, Donald Trump prezident seçiləndən sonra nifrət zəminində hücuma məruz qalmasından şikayət edən və hekayəsi mediaya çıxmış çox sayda müsəlmandan biridir. Seweid polisə şikayətində bildirmişdi ki, maddələrin təsiri altında olan üç ağdərili kişi qatarda onun hicabını çıxarmağa cəhd edib. Onun bu barədə yazdığı “Facebook” postu artıq pozulub. Bu postda o, həmin şəxslərin onu “terrorçu” adlandıraraq “Bu ölkədən rədd ol!” dediklərini iddia edirdi. Seweid-in sözlərinə görə, metroda heç kəs onun köməyinə gəlməyib.

ƏSL SƏBƏBİ DEMƏMƏKDƏN ÖTRÜ UYDURUB

Çoxsaylı media orqanının məlumatına görə, o, həmin hekayəni ailəsində üzləşdiyi təzyiqlərə ucbatından, evdə atasına evə gec gəlməsinin əsl səbəbini, dostları ilə içdiyini deməməkdən ötrü uydurub. Yasminin atası qızını “ağıllı, yaxşı qız” adlandırıb.

“Turning Point for Women and Families” (“Qadınlar və ailələr üçün dönüş nöqtəsi”) adlı qurumun yaradıcısı Robina Niaz deyir ki, müsəlman qadınlara və qızlara, özəlliklə də, hicab taxan qadınlara təzyiq çox böyükdür. Onun sözlərinə görə, bu hal Trump-ın seçilməsindən sonra daha da artıb. Niaz bu təşkilatı da 11 sentyabr hücumundan sonra ailələrinin təzyiqinə məruz qalan müsəlman qızlara və qadınlara yardım üçün yaratdığını deyir.

“Həm icmanın daxilində, həm də xaricində Seweid-ə hücumlardan təəssüf hissi keçirirəm”, – özü Pakistanda böyümüş, ancaq başını örtməyən Niaz deyir. Niazın sözlərinə görə, müsəlman icmasının bəzi üzvləri insanların baş verə biləcək əsl nifrət cinayətləri barədə şikayətlərə inanmayacağından qorxaraq Seweid və ailəsinə qarşı çıxırlar.

“Düşünürəm ki, biz gənc qadınları necə dəstəkləyəcəyimizə daha çox diqqət yetirməliyik ki, insanlar evdə, yaxud evdən kənarda yaşadıqları problemlər barədə danışanda və kömək istəyəndə özlərini bir az daha təhlükəsiz hiss etsinlər”, – o deyir.

“YENİYETMƏ OLMAQ ONSUZ DA ÇƏTİNDİR”

“Bu qızlar çox zaman ya mühacir, ya da ABŞ-da doğulmuş valideynlərin uşaqları olur. Valideynlərinin onlardan gözləntiləri yüksəkdir. Bu isə onları güclü təzyiqlə üz-üzə qoyur. Yeniyetmə olmaq onsuz da çətindir. Bunun üstünə müsəlman olmayan dostların və sinif yoldaşlarının təzyiqini gəlin. Dostları maraqlanır ki, onlar niyə içmir, niyə sevgililəri yoxdur və niyə evə gec gedə bilmirlər. Ya da, niyə böyüyəndən sonra, hələ də, valideynləri ilə qalırlar”,Niaz deyir.

“Bir yeniyetmə, yaxud gənc bütün bunları necə tarazlaşdırmalıdır? Baş verənlər onu o qədər qorxudub ki, belə bir hekayə uydurmalı olub. Bax, mən bununla mübarizə aparıram”, – deyə o əlavə edib.

Amerika-İslam Münasibətləri Şurasından (CAIR) Albert Fox Cahn söyləyir: “…Biz ümid edirik ki, baş verənlər diqqəti müsəlman icmasından gələn çoxsaylı həqiqi şikayətlərdən yayındırmayacaq.

…Bu ayrıca insident bir faktın əhəmiyyətini heç də kiçiltmir – müsəlmanlara nifrət, ayrıseçkilik və nifrət cinayətləri, sistematik olaraq, yetərincə işıqlandırılmır. Aydındır ki, bu, xanım Seweid üçün çətin dövr oldu, ancaq biz ümid edirik ki, … ona dəstək veriləcək”.

Azadliq.org

BIR CAVAB BURAXIN