Ərdoğan Putinlə necə barışdı: Məxfi ssenari — ŞOK TƏFƏRRÜAT

0
674

Rusiya ilə Türkiyə arasında münasibətlərin düzəlməsinə üç adam səbəb olub.

Bu sözlər türkiyəli yazar Murad Yetkinin bu gün “Hürriyət” qəzetində çap olunan köşəsində yer alıb. Müəllif özünün etibarlı mənbələrinə istinadən, əslində, Rusiya ilə Türkiyə arasında sülhün necə əldə olunduğunu müəyyən edə bilib. Yetkin bu işdə xüsusilə Nazarbayevin aktiv rol oynadığını söyləyib.

Həmin köşəni ixtisarla təqdim edirik:

“Türkiyə Prezidenti ABŞ-dakı Nüvə Sammitinə gedən zaman Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Azərbaycan Prezidenti İlham Əliyev münasibətlərin düzəlməsi üçün məsələyə əl atdılar, amma Putin Nuh deyir, peyğəmbər demirdi. O zaman Baş Qərargah rəisi Hulusi Akar Ərdoğana Rusiya ilə münasibətləri həll edəcək bir imkandan bəhs etdi.

General Akar iş adamı Cavid Çağların Dağıstan Respublikasında investisiyaları olduğunu bildirdi. Çağlar bölgənin Prezidenti Ramazan Abdullatipovla 1990-cı illərdən bu yana tanış idi. Çağlar o zaman Süleyman Dəmirəl hökumətində nazir, Abdullatipov isə Rusiya Prezidenti Boris Yeltsinin köməkçilərindən biri idi. Akar isə həmin dövrdə Baş Qərargah rəisi olan İsmail Hakkı Karadayının baş yavəriydi. Çağlar həm siyasətçi, həm də iş adamı kimi keçmişdə dövlətin gizli əməliyyatlarında iştirak etmişdi. Məsələn, PKK lideri Abdullah Öcalanın yaxalanması üçün Mərkəzi Kəşfiyyat İdarəsi ilə keçirilən ortaq əməliyyatda Milli Kəşfiyyat Təşkilatının üzvlərini Keniyaya aparan təyyarə Çağların özəl təyyarəsi idi. Türkiyənin Heydər Əliyevə Naxçıvan, daha sonra isə Bakıda olan zaman verdiyi dəstəkdə Çağların böyük rolu olub. Doğrudur, o, 2000-ci illərdə çətin vəziyyətə düşsə də, dövlət işlərində güvənilən şəxslərdən biri idi.

Akar Ərdoğan və İbharim Qalına Çağların Abdullatipov vasitəsilə Putinə bir kanal açdığını və bundan istifadə edilə biləcəyini anlatdı. Ərdoğan bundan sonra əməliyyat üçün yaşıl işıq yandırdı. Aprelin 30-da İstanbulda Çağlar, Ərdoğan və Akar görüşdü. Putin Ərdoğandan şifahi yox, yazılı bir müraciət gözləyirdi. Putinin xarici siyasət və təhlükəsizlik məsələlərində müşaviri olan Yuri Uşakov bu işlərdə əsas əlaqələndirici adam idi. Türkiyəni isə bu işdə İbrahim Qalın təmsil edəcəkdi. Bundan sonra Qalın məktub göndərilməsi üçün addım atmağa başladı. Bu işdə ona rus dilini bilən iki tərçüməçi kömək edirdi. Üstəlik, Çağların Rusiya işlərində ona kömək edən yardımçısı da Qalının tabeliyinə verilmişdi. Məktub ingiliscə yox, rusca yazılacaqdı. Proses Qalın, Çağlar, Abdullatipov və Uşakov vasitəsilə aparılacaqdı. Kremllə tam əlaqə qurulmuşdu.

Çağların iş səfəri adı altında apardığı məkik diplomatiyası mayın 3-cü həftəsindən etibarən sürətləndi. Məktublar Ankara və Moskva arasında gedib-gəlirdi, kəlimələrin üzərindən xətt çəkilir, yeniləri yazılır, anlamlar dəyişilirdi.

İyunun 22-də Qazaxıstanın Ankaradakı səfiri Canseyid Tüymebayev təcili kodu ilə iftara hazırlanan İbrahim Qalına zəng etdi. Nazarbayev Sankt-Peterburqda Putinlə görüşmüşdü. Tüymebayevin dediyinə görə, Putin məktub göndəriləcəyi halda Ərdoğanın əlini sıxmağa hazır olduğunu söyləyib. Qalın bu məlumatları dərhal Ərdoğana çatdırdı. Ərdoğan isə buna hazır deyildi. O, üzr və təzminat xarakterli məktub yazmaq istəmirdi. Bu, Türkiyənin öz sərhədlərini müdafiə etdiyi üçün üzr istəməsi anlamına səbəb olacaqdı.

İyunun 23-də səfir Tüymebayev yenidən təcili kodu ilə Qalına zəng etdi. Bu zaman Nazarbayev Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak üçün Daşkəndə getmiş və orada Putinlə danışmışdı. Razılaşmaya əsasən, məktub bir az yumşaldıla bilərdi. Sabahısı gün Putinlə yenidən görüşəcəkdilər. ŞƏT-in sammiti 24 iyun saat 13:00-da (Daşkənd vaxtı ilə) bitirdi. Əgər məktub gəlsəydi, tərəflər arasında olan ixtilaf bitəcəkdi.

Bundan sonra Ərdoğan Akarı öz köşkünə çağırdı. Akar gecə 23:00-da saraya gəldi. Qalın tərcüməçilər və Qazaxıstan səfirliyinin əməkdaşları ilə məktubun hazırlanmasında son işləri görürdü. Beləliklə, məktubdan “üzr istəyirəm” kəlməsi çıxarıldı və yerinə “qüsurumuza baxmayın” sözləri yerləşdirildi. Üstəlik, təzminat yerinə məktubda öldürülən pilotların ailəsinə yardım etmə sözü verildi. Ərdoğan məktubu bundan sonra Akarın yanında imzaladı.

Tezliklə, Qazaxıstan səfirliyinə məlumat verildi və Qalın 24 iyun saat 03:00-da məktubu Putinə çatdırmaq üçün yola düşdü. Saat 04:00-da Çağlar və komandasını götürmək üçün təyyarə İstanbula endi. Təyyarənin qalxması üçün problem yaranmışdı. Belə ki, təyyarənin keçəcəyi ölkələrdən izn gəlməmişdi. Xarici İşlər Nazirliyi dərhal məsələyə qarışdı. Qalın risk edərək təyyarənin havaya qalxması tapşırığını verdi. Gürcüstan hava məkanına girmək üçün icazə onun sərhədlərinə çatmazdan 20 dəqiqə öncə verildi. Azərbaycan bu icazəni təyyarə Gürcüstan hava məkanında ikən, Türkmənistan isə Azərbaycan hava məkanındaykən verdi. Türkmənistanda böyük problem yarandı. Belə ki, Özbəkistan təhlükəsizlik üçün öz hava məkanını bağlamışdı. Bundan sonra Nazarbayev təyyarənin Özbəkistan sərhədində yerləşən Qazaxıstanın Çimkənd qəsəbəsinə enməsinə və Qalının prezidentə məxsus helikopterlə Daşkəndə gəlməsinə izn verdi. Problem məhz burada yarandı. Belə ki, Türkmənistan hava məkanında iki saat qalan təyyarənin yanacağı bitmək üzrə idi. Bundan sonra Nazarbayev yenidən araya girərək, İslam Kərimovdan türk təyyarəsinin Özbəkistana buraxılmasını xahiş etdi. İslam Kərimov ölkəyə girişə izn verdi.

Təyyarə Daşkəndə 12:15-də çatdı. Qalın dərhal sammitin keçirildiyi məkana yollandı. Nazarbayev girişdə onları gözləyirdi. Bundan sonra Qalınla görüşən Nazarbayev ondan məktubun rus versiyasını istədi. Diqqətlə oxuduqdan sonra məktubdan razı qaldığını bildirdi. Bundan sonra Nazarbayev Uşakova məktubu verərək, türk heyətinə “mənim işim bitdi, xeyir olsun” deyərək oranı tərk etdi. Bundan az müddət sonra Uşakov Qalına zəng etdi və prezidentin məktubdan razı qaldığını söylədi. O, Putinin “məktub türklərin mövqeyinə daha yaxındır, amma qəbul etmək olar” sözlərini söylədiyini bildirdi. Uşakov bununla bağlı bəyanatı 27 iyunda verəcəklərini bildirdi. Qalın isə öncədən bəyanat mətnini görmək istədiklərini söylədi. Ruslar bununla razılaşdılar. Türk heyət Daşkənddən 17:00-da ayrıldı”.

Ölkə.Az

BIR CAVAB BURAXIN