Əliağa Vahidi öldürən tibb bacısı

0
882

 

O yetim, çəlimsiz uşaq gələcəyin böyük şairi olanda zillət dolu günləri xatırlayıb danışardı ki, əmim Məşədi Ağabəy olmasaydı, dələduz uşaqlara qoşulub qazamatlarda çürüyəcəkdim. Ağabəy əmisi Əliağanı mollanaxanaya qoysa da, sonra nəzərini bu yetim, ufacıq uşaqdan çəkir. Mollaxananın haqqını hər ay verə bilməyənlərdən biri də Əliağa İsgəndərov idi. Mollanın tənəsi, danlağı bu həssas qəlbli utancaq uşağı boğaza yığır, ölüm olsun, belə oxumağa, dostlarının, yoldaşlarının da üzünə baxa bilmirdi!

 

Oxumaq-öyrənmək həvəsinə nə verirlər, günlərin birində dözmür, ya Allah, deyib, mollaxanadan baş götürüb gedir. Gedir ki, anasının, ailəsinin ehtiyaclarını ödəmək üçün iş tapsın, başını saxlasın. İş tapılır – çilingər şagirdi işləyir. Şagird deyəndə ki, əldə-ayaqda başını qatır, onu qulluğa göndərirlər, ora-bura buyururlar. Əliağa filan yerə get, Əliağa diribaş ol, Əliağa belə iş görməzlər, Əliağa… Nə yaxşı, yarımçıq da olsa, mollaxanada təhsil almışdı. Bu yazı-pozu ömrünün axırına qədər onun çörək yeri olur. Hələ desən, bu yarımçıq təhsillə korrektor, redaktor işləyir.

 

Sənin qəpik-quruşlarını alır, aparıb verir arağa…

 

Cəfər Cabbarlı ilə uşaqlıq dostu idilər. Onu yanına salıb jurnal redaksiyasına aparan da Cəfər kişi olur, Cəfər Cabbarlı. Təkcə yanına salıb aparan yox, redaksiyada bu utancaq, çəlimsiz Əliağanı o ki var, tərifləyən də Cabbarlı olur. 1915-ci ildə  “Babayi əmir” jurnalının aprel sayında Molla Balbala imzası ilə ilk şeiri çap olunur. Bir il sonra doqquz səhifəlik ilk şeirlər kitabı da işıq üzü görür. Yavaş-yavaş tanınır, imzası az qala bütün jurnallarda görünməyə başlayır. Babat qonorar, çiyninə qonan məşhurluq quşu, bir-birinin dalınca yazılan uğurlu şeirlər… Gəncliyin bu qaynar çağında çatışmayan bircə şey vardı: sevgi.

 

Elə o illərdə Özbək Yaqubun qızına vurulur. Amma Yaqub qızı Zülfiyyə haqqında bir az sonra danışarıq, söz ki Cabbarlıdan düşdü, Əliağa ilə Cəfər arasında olan bir əhvalatı yazım, yaddan çıxmasın.

 

Günlərin birində Vahidlə şair dostu Həsən Səyyar söhbət edirmişlər. Heç birinin də cibində bir qəpiyi yox! Vahid xatırlayır: “İkimizin də başı bərk ağrıyırdı. Həsənə dedim, gedək Məmmədəli Sidqinin yanına, o bizə kömək edər. Getdik “Kommunist” mətbəəsinə, ancaq Məmmədəlini tapa bilmədik. Bir də gördüm Cəfər gəlir. Kefim oldu kök. Vəziyyətimizi başa saldım Cəfərə, dedim bizə əl tutsun. Cəfər əvvəl bizi evə dəvət elədi. Dedi: Sona yaxşı yemək bişirib, gedəyin”. Doğrudan da Cəfərin adətiydi, restorana, yeməkxanaya getməkdənsə, elə dost-tanışı evə dəvət edərdi. Dedim, yox, Cəfər, evə getməyə nə vaxtımız var, nə də halımız. İşimizi düzəlt, bizi yola sal. Cəfər qayıtdı ki, bir qafiyə deyəcəm, ardını gətirdin, pulu verəcəm. Güldüm ki, ay Cəfər, Həzrəti-İsa da gəlsə, ardını gətirəcəm. Cəfərin qafiyəsi belə idi: “Mey damından Allah saxlasın”. Dedim, Həsən yaz ora:

 

Zalimin zülmü-firavanından allah saxlasın,

Acizin də ahu-fəğanından allah saxlasın.

Qoy ədu haqsızlığın göstərsin, etsin zülmünü,

Həzrəti-həqqin də divanından allah saxlasın.

 

Cəfərin xoşuna gəldi.

 

Bu əhvalatı xalq artisti, muğam ustası Tələt Qasımov bir az fərqli danışır. Deyilənə görə, Vahid Cəfər Cabbarlıdan pul istəyəndə Məmməd Səid Ordubadi də onun yanında olub. Cəfərə deyir, Vahidə bir də pul vermə, sənin qəpik-quruşlarını alır, aparıb verir arağa. Bu dəfə bir qafiyə de, ardını gətirə bilməsə, bir qəpik də verdi yoxdu. Vahid qafiyənin ardını gətirəndə Ordubadinin o qədər xoşuna gəlir ki, Cəfərdən əvvəl özü pul verir, deyir, Vahid, tez-tez gəl-get.

 

Tələt Qasımovun Vahidlə bağlı başqa xatirəsi də var: “Vahid Hüseyn Cavidgilə tez-tez gedib-gələrmiş. Cavidin yoldaşı da məclis açarmış, içki—zad. Bir gün yenə gedir, Hüseyn Cavid deyir ki, mən içmirəm, tövbəliyəm. Sən işində ol. Vahid bədahətən deyir:

 

Cavid elədi şəraba tövbə,

ya rəbb, amandır,

bizə çatmasın bu növbə.

 

Mircəfər Bağırova məktub

 

Mixaylovski küçəsində Özbək Yaqub adlı bir tacirin xalça dükanı varmış. Yaqub əkənin şeirlə arası sazmış, ona görə Vahidlə söhbətləri yaxşı tutarmış. Vahid hər dəfə bu xalça dükanına gələndə Yaqub kişinin qızı Zülfiyyəni görər, girəvə düşəndə xısın-xısın danışardı.  Zülfiyyə də Vahidə biganə deyildi, hətta şəklini də bağışlamışdı ona. Vahid Zülfiyyə ilə evlənmək istəyirdi, amma varlı-hallı alverçinin kasıb şairə qız verməyi sual altıdaydı. Günlərin birində şair özündə cəsarət toplayıb yollanır Yaqub əkənin dükanına ki, açıq danışsın, qızı istəsin. Amma lələ köçmüş, yurdu boş qalmışdı. Tacir Yaquba nə fəlakət üz vermişdisə, dükanı satılıb, tələsik Səmərqəndə yola düşmüşdü.

 

Əliağa iki-üç gün özünə gələ bilmir, Zülfiyyənin xəyalı onu rahat buraxmır. Səmərqənd  hara, Bakı hara, lap tutaq ki, pul-para düzəldib yola çıxdı, Yaqub əkənin yerini-yurdunu hardan tapacaqdı? Axır bir yol tapır, pul düzəldir, Zülfiyyəyə olan sevdası onu Səmərqəndə gətirir. Soraqlaşıb xalçaçı Yaqubun yerini-yurdunu öyrənir, birbaş yollanır evinə. İnsafən xalçaçı onu hörmətlə qarşılayır. Çay gəlir, plov gəlir, süfrəyə hər cür naz-nemət düzülür. Amma Bakıdan sevdalısının ardınca gələn adamın boğazından tikə keçərdimi, keçməzdi! Gözləri elə hey Zülfiyyəni axtarırdı. Və eşidir ki, Yaqub əkə Zülfiyyəni nişanlayıb. O gecəni diri gözlü açır. Bir qəzəl yazıb şəkli ilə bir yerdə qoyur zərfə, qıza verib Yaqub əkənin evindən, Səmərqənddən, ilk məhəbbətindən ayrılır:

 

Görüm ey bivəfa, zülfün həmişə şanəsiz qalsın,

O canlar məskəni əğyarsız, biganəsiz qalsın…

 

Vahid sonralar Polina adlı rus qızıyla evlənir. Deyilənə görə, Vahid qızı görüb bəyənəndən sonra Cəfər Cabbarlının yaxasından yapışır ki, amanın günüdür, köməyə elə, mənim ruscam bərbaddır, yaxınlaşa bilmirəm, qızla, atası-anası ilə söhbət elə, gör razılıqlarını ala bilirsənmi? Polina ilə evlilik baş tutur, amma bu rus qızı şairə övlad verə bilmir. Vahidin ikinci arvadından olan oğlu – Ramiz İsgəndərov danışır ki, atam Polinanı əldə-ayaqda işlətmək, paltar yudurtmaq üçün almışdı: “Anamın o arvaddan zəhləsi gedirdi. Həmişə deyərdi ki, Vahidi qoymur uşaqlarına pul versin. 15 yaşım vardı, atam öləmişdən qabaq 120 rubl pensiyasını mənə verib tapşırdı ki, bir hissəsini apar ver Polinaya, o birini hissəsi ilə də siz dolanın”.

 

Vahidin üçüncü dəfə evlənməyinin maraqlı tarixçəsi var. Amma əvvəlcə bir məsələyə aydınlıq gətirmək lazımdır. Şairin Polinadan uşağı olmasa da, onu boşamamışdı, tez-tez yanına gedib gəlirdi, deməli, Vahid bu rus qızını özünün ilham mənbəyi hesab edirmiş, onu bütün varlığı ilə sevirmiş. Oğlu Ramizin “əldə-ayaqda” işlətmək üçün deməsi, yəqin ki, anasının bu rus qadına olan pis münasibətinin nəticəsidir ki, uşaq yaşlarından ona da sirayət edib. Vahidin Polinanın üstünə arvad almağının yeganə səbəbi övlad istəyi idi.

 

Yavər Kələntərli danışırmış ki, Vahidin iki qəşəng iti olub. Hərdən onları da özü ilə gəzməyə çıxararmış: “Bir dəfə hansı nacinssə Vahidə söz atır ki, budu e, oğluyla qızını yanına alıb gedir. Həmin söz hələm-hələm söz altında qalmayan şairi yandırıb-tökübmüş. Hətərən-pətərən danışığa yerindəcə kəskin cavab vermək adətinin xilafına – belə mütəəssir, kövrək bir beyt deyibmiş:

 

Mənə dünyada vəfalı qoşa itim qalacaq,

Mən olmasam, onlar yetim qalacaq.

 

Şair ahıl, mərəzlərə düçar vaxtında xəstəxanada ona qulluq edən şəfqət bacısına zarafatca “adamın belə arvadı ola” deyir, həmin qadın da zarafatca “alsan, niyə olmur”, deyir və… və zarafat-zarafat evlənirlər. Vahidin yadigar balalarını da elə bu qadın dünyaya gətirir. Şairin həyat tərzi, güzəranı, evsizlik evdə tez-tez dava-dalaş yaradardı. Əliağanın ən böyük problemlərindən biri evsizliyi idi.

 

Günlərin birində dözməyib Mircəfər Bağırova şeirlər məktub yazır:

Evimi görsə naxırçı, deyər, samanlıqdır,

Havası yox, həmi nəmdir, həmi qaranlıqdır.

Divarda ağcaqanadlar, yer üstə taxtabiti,

Hücuma bax gecələr, gör nə hökmranlıqdır.

Hünərdir ay yarım hər kim bu evdə ömr eləsə,

İnanmaram dirilə, şübhəsiz, oyanlıqdır.

Çox ərizə yollamışam Baksovetə, Raysovetə,

Gözləməkdir işim, məsələ dumanlıqdır.

Düzəltsəniz siz əgər, rəhbərim, mənə bir otaq,

Yüz il təşəkkürə layiq, bu, dastanlıqdır.

 

Məktub rəhbərə yetişir. Bağırov Vahidi yanına çağırtdırıb, ona 1951-ci ildə 2 otaqlı mənzil verir.

 

Vahidi öldürən tibb bacısı…

 

Oğlu Ramiz İsgəndərovun atası haqqında qəribə xatirələri var. Məsələn, onun sözlərinə inansaq, Vahid arvadına rəsmi nikaha girmək üçün dəfələrlə dil töksə də, arvadı razı olmurmuş. Ki, mən cavan adama ərə gedəcəyəm: “Anam atamdan 25 yaş kiçik olub. Deyirdi ki, sən elə sağ ola-ola mən cavan adama ərə gedəcəyəm. Rəsmi nikaha girsəydilər, bizə – mənə və bacıma görə dövlətdən pul alacaqdılar. Anam atamı istəmirdi. Atamı camaat dolandırırdı. Anam maaşını yığıb özünə üzük, sırğa alırdı. Ona görə də, anamın bahalı sırğaları, üzükləri vardı”.

 

Vahidin qızının dedikləri qardaşının anası ilə bağlı xatirələrindən tamam fərqlidir. Məsələn, elə anası ilə bağlı dedikləri qardaşının xatirələrini təkzib edir: “Atam öləndən sonra anam heç kimə ərə getmədi. Namusla-qeyrətlə evdə oturdu. Atam rəhmətə getməmişdən bir gün qabaq anamla görüşdü. Səhəri bağda vəziyyəti pisləşib, tibb bacısı iynəni gec vurduğu üçün ölüb. Tibb bacısı məsələsini bizə sonradan nazirlikdən dedilər. Məlum olmadı ki, tibb bacısı iynəni qəsdən gec vurub, yoxsa bu sadəcə səhlənkarlıqdan olub”.

 

** *  

 

Taleyin işinə bax: Vahid 1943-cü ildə aldığı “Əməkdar İncəsənət” xadimi fəxri adını qəzəllərinə yox, məhz meyxanalarına görə almışdı. O meyxanalarına ki, vətən müharibəsi zamanı rayonlara yollanıb Hitleri, faşizmi ifşa edər, yüngül-ucuz meyxanalar yazıb xaltura ilə məşğul olardı. Ömrü boyu qəzəllərinə görə narahat olan, dövlətdən diqqət gözləyən şairin katib Vəli Axundova yazdığı məktublar zibil tutularına atılarmış. Meyxanaları ona təkcə fəxri ad yox, pul, geyim-keçim də qazandırıb. Yenə oğlu Ramiz İsgəndərov xatırlayır ki, Sabirin yubileyi olan il atam dayanmadan yarım saat meyxana deyib. Əvəzində isə ona bir dəst kostyum, 12 cüt corab, bir cüt botinka, bir cür tufli veriblər.

 

Ə, ay oğraş, iki arvad almaq sənin harana yaraşır?

 

1946-48-ci illərdə mətbuat Vahidin qəsdinə durmuşdu. Məsələn, Cəfər Xəndan yazırdı ki, Əliağa Vahidin təsvir etdiyi gözəl də əcaib gözəldir. Vahidin “gözəlləri” əksərən gündə bir adamla gəzən avaralardır.

 

Hələ Əhməd Cəmil nə yazırdı?

Dəyişmişəm gözəlim, indi sən görən deyiləm,

Get, hər kiminlə gəzirsən gəz, inciyən deyiləm.

 

Bu düşkün hisslər sovet adamlarına yaddır, biz onlardan iyrənirik. Lakin buna baxmayaraq oxuyanlardan biri də radioda səsi gəldiyi qədər bağırır:

 

Səfasın özgə sürür, mən balaların çəkirəm,

Mənim bu qanə dönən könlümün günahı nədir?

 

Xeyir, daha bəsdir. Biz bu cür bayağı və düşkün nəğmələri eşitməkdən cana gəldik.

 

Və bu tənqidləri Vahid çox böyük əzabla yaşayırdı. 37-ci ilin qorxusu, səksəkəsi adamın canından çıxarmı, çıxmaz!

 

Vahidə münasibət sonralar da ilıq olmadı. Nəşriyyatda onu burunlayanların, işini əyənlərin sayı az deyildi. İnanmırsınız, Məmməd Arazın xatirələrini oxuyun, çox maraqlıdır. Tutalım: “1963-cü ildə məni Azərbaycan Dövlət Nəşriyyatının bədii ədəbiyyat redaksiyasına müdir təyin etdilər. İşə girdiyim günün sabahısı şöbənin sifarişlər qovluğunu götürüb vərəqlərkən Vahidin şikayət ərizəsinə rast gəldim. Ərizə o zaman Az. MK-nın birinci katibi işləyən Vəli Axundova yazılmışdı. Ərizənin məzmunu təxminən yadımdadı; hətta bəzi detallarına qədər. Vahid yazırdı:

 

“Hörmətli Vəli Axundov yoldaş, mənim kitablarım anbarlar küncündə qalıb siçanlara yem olmur. Ancaq məni çap eləmirlər. Bir kitabın çapından ötrü illərlə nəşriyyatlara ayaq döyürəm. Hamısı yalan danışır, vəd verir. Kitabın çıxması haqda göstəriş vermənizi xahiş edirəm”.

 

Bu məqamda mərhum yazıçı Salam Qədirzadə redaksiyaya gəldi. Vahidin məktubunu ona oxudum. Məktub yazılan ünvana çatmamış, adi şikayət ərizəsi kimi müvafiq şöbədə qeydə alınıb baxılmaq üçün Mətbuat Komitəsinə göndərilmiş, İskəndərov yoldaş da baxmaq üçün Azərnəşrə, Azərnəşrin direktoru da “müəllifə” cavab vermək üçün dərkənarla şöbəyə göndərmiş və burada mürgüləmişdi.

 

…Bir gün 12 yaşlı oğlu ilə gəldi:

 

– Burda Məmməd İbrahim kimdir?

 

– Mənəm, Vahid əmi, nə qədər əlyazmaların varsa gətir. 15 çap vərəqi həcmində bir kitabını çap edək.

 

– Vallah, inanmıram.

 

– İnan, Vahid əmi, inan, – dedim.

 

Üç-dörd gün keçəndən sonra Seyfəddin Dağlı da gəldi. Əliağa ilə qohum idilər. Seyfəddindən xahiş etdim ki, Vahidə kömək etsin kitabını çap edək. Adil müəllimlə də razılaşmışdım, yaxşı olar demişdi. Beləliklə, 64-cü ildə kitabını çap etdik, çox razılıq etdi.

 

Mənə həmişə Mamet deyərdi. Qaqraya istirahətə getməyə hazırlaşdığım vaxtlar idi. Arada çıxıb bağdakı kafedə ayaqüstü yemək yeyərdim. Gördüm ki, Vahid ayaq üstə dura bilmir. Bufetçidən soruşdum ki, Vahid nə yeyib pulunu verim:

 

– 100 qram konyak – cavabını verdi.

 

Pulunu verib Vahidə yaxınlaşdım:

 

– Vahid əmi, nə yeyirsən?

 

– Mamet, aşağa düşək, hərəmiz bir piti yeyək.

 

Getdik, nə içirsən, Vahid əmi – soruşdum.

 

– Hərəmiz 200 vuraq, – cavabını verdi.

 

Gətirdilər, elə bu vaxt uzun əlləri olan bir kişi bizə yaxınlaşdı. Vahidlə görüşdülər.

 

– Bu kişini tanıyırsanmı? – soruşdu.

 

– Yox, cavabını verdim.

 

– Bu kişi Seyid Şuşinskidir.

 

İçmək təklif etdim, Seyid içmədi. Söylədim ki, mən işə qayıtmalıyam, gəl sizi hara lazımsa aparım.

 

– Mamet, sən get, biz Seyidlə burda dəmlənəcəyik.

 

Mən işə qayıtdım.

 

Bir dəfə mən tələbə vaxtı iclas olmuşdu, belə yerlərdə tələbələr maraqla iştirak edərdilər. Səməd Vurğunun sağ vaxtı idi. Zeynal Xəlil iclasda çıxış etdi:

 

– Yoldaşlar, Vahid bizim qabağımızı kəsib, bizi oxumurlar, kitablarımızı almırlar, baxmayaraq ki, sosializmi təbliğ edən bizik.

 

S. Vurğun yerindən dilləndi:

 

– Zeynal, gərək Vahiddən yaxşı yazasan ki, səni oxusunlar.

 

Zeynal dinmədən tribunadan düşdü.

 

Mənim də kitablarım çıxmış, Vahid oxumuşdu. Mənə deyərdi:

 

– Mamet, əşarın yaxşıdır, lap Səməd kimi yazırsan.

 

Həmişə zarafatla deyərdi, ə, oğraş, deyən gərək, iki arvad almaq sənin harana yaraşır?”

 

* * *

 

Vəli Axundovun təcili teleqramı: siz dəfn edin, …

 

Ürək astma, ağ ciyər xəstə, qara ciyər xəstə. Ölümündən bir neçə ay əvvəl şair, əhvalın necədir soruşanda deyərmiş: “Necə olacam, çöməlməsəm, öskürə bilmirəm. Öskürək tutanda ikiqat oluram”. Çətin günlərində həkim dostu Qənidən savayı əli çatanı yox idi. Qəni də Qəni idi, cavanlıqdan ta bu yana etibarını itirməyən Qəni. Müharibənin qızğın vaxtında Qəni Zaqafqaziya hərbi dairəsində həkim kimi xidmətdəydi. Günlərin birində Vahidin səsini eşidir ki, zabitlə höcətləşir. Qəni Əliağaya yaxınlaşanda şair əzizini görmüş adam kimi atılır həkimin boyununa, bədahətən deyir:

 

Yoxdur bir kafər ki, burda Şümrə tapşırsın məni,

Bu biyabanda piyada az dolandırsın məni.

 

Qəni bir az bu bu beytə, bir az Vahidin pilotkasına, ayağının açılmış dolaqlarına, belindən düşən kəmərinə, əynindən tökülən hərbi geyiminə baxıb gülür.

 

– Burda deyiblər ha, kül başuva, ay Hitler, gör üstüvə kim gəlir. Ay Qəni, məndən əsgər olar? O vaxt – 1918-ci ildə müsavat ordu yaradanda tutub basmışdılar məni əsgərliyə. Qaldığımız qışlaqdan bir məktub yazıb göndərdim Usub bəy Nəsibbəyova ki:

 

Üzü dönsün görüm ol ağuya dönmüş çörəyin,

Yaxşı möhtac elədi qəhbəyə, oğraşa bizi.

 

İki-üç gündən sonra məni buraxdılar ki, get, əsgərlərin tərbiyəsini pozursan.

 

Ömrünün lap axırında tək qalanda, bəzən yanında adam olanda da hər şeyi unudub öz-özünə danışarmış.

 

Və ömrün sonu… 1965-ci il oktyabrın 1-də gözlərini əbədi yumur. Xalq şairi olmadığı üçün onu Fəxri Xiyabanda dəfn etmək istəmirlər. Yəni əməkdar incəsənət xadiminin xiyabanda dəfn olunmağı ancaq xoş xəyal ola bilərdi. Xalq hökumətə qarşı çıxır, narazılıq böyüyür, hərənin ağzından bir avaz gəlir. Salam Qədirzadə Vəli Axundova teleqram vurur ki, vəziyyət yaxşı deyil, camaat dediyindən dönmür, Fəxri Xiyaban deyib, durublar. Vəli Axundov Bakıya 7 sözlük təcili teleqram vurur: “Siz dəfn edin, mən gəlib qol çəkərəm”.

 

Onun çiçəklərə qərq olunmuş tabutunu Yazıçılar İttifaqından Fəxri Xiyabana qədər çiyinlərdə, əllər üstə aparırlar.

 

Oğlu şahidi olub: “Bir maşın gəlmişdi, yaxşı ki, sürücü tez getdi, yoxsa camaat onu döyəcəkdi”.

Cavid Zeynallı

 

Mənbə:

 

Rafael Hüseynov, “Min ikinci gecə” 

“Qəzəlxan” filmi

 

Şəmistan Nəzirli “Arxivlərin sirri açılır”.

ANS, Ölümündən 24 saat əvvəl. (Müəllif, İradə İsaq)

 

Gülxanım Fətəliqızı: “Ömürdən yarpaqlar” (Məmməd Arazın xatirələri) 

BIR CAVAB BURAXIN