Əfqanıstanda intiharçı bomba partlayışı: azı 20 nəfər həlak olub

0
683

Əfqanıstan paytaxtı Kabulda Ali Məhkəmənin binası yaxınlığında törədilmiş intiharçı bomba partlayışı nəticəsində azı 20 nəfər həlak olub.

Əfqanıstan Səhiyyə Nazirliyinin məlumatına görə bu hücumda azı 48 nəfər xəsarət alıb və yaralanıb.

İntiharçı üstündə olan bombanı məhkəmə işçiləri onları evlərinə aparan avtobusa minərkən partladıb.

Polis Ali Məhkəmənin həndəvərindəki küçələri bağlayıb və məhkəmədəki qohumlarından və yaxınlarından narahat olanların böyük izdihamı yaranıb.

Bu hücuma görə məsuliyyəti heç bir təşkilat öz üzərinə götürməsə də, əvvəllər Ali Məhkəməyə Talibanın basqını olub.

2013-cü ildə Ali Məhkəmə şəhərciyinin girişində törədilmiş intiharçı partlayışda 15 mülki şəxs həlak olmuşdu.

Ötən ay Talibanın parlament binalarından birinə hücumu zamanı 30 nəfər öldürülmüş və daha 80 nəfər xəsarət almışdı.

Bundan başqa fevralın 7-də qərb vilayəti Fərəhdə yol kənarında bomba partladılması nəticəsində rayon inzibati başçılarından biri öldürülüb.

Polis xəbər verir ki, Xake-Səfed rayonunun başçısı Abdulxaliq Nurzay bomba basqınına evinin yaxınlığında məruz qalıb.

Bu akt üçün məsuliyyəti Taliban öz üzərinə götürüb.

AzadlıqRadiosunun müxbiri yazır ki, iki il bundan əvvəl NATO-nun Əfqanıstandakı hərbi missiyası başa çatdlqdan sonra əfqan ordusunun və polisinin gücləndirilməsinə milyardlarla dolların xərclənməsinə baxmayaraq hökumət qüvvələri həm Talibana, həm də əl-Qaedaya qarşı mübarizədə çətinlik çəkir.

Fevralın 6-da BMT-nin yayınladığı məlumata görə ötən il Əfqanıstanda insan itkilərinə görə ən ağır il olub və 2016-cı ildə 11 min 500 mülki şəxs qətlə yetirilib və ya xəsarət alıb.

BIR CAVAB BURAXIN