Əbədi həyatın sirri çözülür: 50 ildən bir oyanıb dünyaya baxa biləcəyik – FOTOLAR

0
800

Əbədi həyatın sirri çözülür: 50 ildən bir oyanıb dünyaya baxa biləcəyik

Əlinizdə sevdiklərinizi əbədi yaşatma şansınız olsa, ilk olaraq kimləri seçərdiz? Alimlər artıq əbədi həyatın sirlərini araşdırır. Zəmzəm suyu, cadu, orqan transplatasiyası – bunlar artıq keçmişdə qalıb.

Elm adamları ölən canlıları yenidən həyata qaytarmağın yollarını ilk olaraq heyvanların üzərində araşdırır. 2011-ci ildə Sibirin Tumat əyalətində 12.500 il yaşı olan it sümükləri tapılıb.

Çay kənarından tapılan sümüklərin uzun illərdən sonra yaxşı vəziyyətdə qalması onlara maraq doğurub. Tapılmış sümüklərdən DNT nümunələri götürülərək heyvanın cinsini müəyyən etməyə çalışıblar. Alimlər o dövrdə yaşamış iti yaratmaq istəyirlər. Araşdırmalar təkcə bu istiqamətdə aparılmayıb.

Bu sahədə xidmət göstərən məşhur Cryonics İnstitutu (“kriyobiologiya”) çox aşağı temperaturda canlıların bədənini donduraraq xüsusi qoruyucu konteynerlərdə saxlayır. Hazırda ekspermentlər ölən insanların dərhal dondurularaq proqrama daxil edilmələri istiqamətində davam edir. Və proqramın əsas məqsədi günümüz üçün müalicəsi mümkün olmayan xəstəliklərin, gələcəkdə təkminləşdirilmiş tibbi üsullarla müalicəsini təmin etməkdir.

Keçmişdən bu günə qədər insanları həyəcanlandıran fikirlərindən biri ölümsüzlüyün tapılması olub. İstər inanclı, istər inancsız insanları bu fikir əksər hallarda düşündürüb.

Publika.az Cryonicslə bağlı ən maraqlı faktları təqdim edir:

1. 1773-cü ildə Benjamin Franklin dövrünün “ölümü təxirəsalma” üzərində araşdırmalar aparan məşhur tibb tədqiqatçılarından biri olan Jak Dubourqa məktub yazmışdı. Məktubda deyilir: “Kaş insanları dondurub gələcəkdə yenidən oyadacağımız elmi metod tapa bilsəydiz. Amerikanın 100 il sonrasını bir günlüyünə görüb, daha sonra ölməyi belə qəbul edərdim. Bunu uzun illər sonra belə olsa, normal bir ölümə qətiyyən dəyişməzdim. Gələcəkdə elmin bunları da kəşf edəcəyinə şübhəm yoxdur.”

2. 1962-ci ildə amerikalı fizik Robert Ettinger “Ölümsüzlük gözləntisi” kitabında bu barədə qeyd edib. Benjamin Franklinin məktubundan təxminən 200 il sonra miçiqanlı bir fizik cryonicsin əsasını qoydu. Ettinger kitabında bu proqnozları qeyd etdi: “Bu gün müalicəsi mümkün olmayan bir çox xəstəliyi müalicə etmək üçün lazım olan tibbi texnologiya icad olunana qədər yaşamağın yeganə yolu, insanı dondurmaqdır. Bir insanı dondurmaq, onu öldürmək anlamına gəlirdi. Amma eyni zamanda da gələcəyin texnologiyası ilə birlikdə ikinci həyat demək idi”.

Cryonics ölüm prosesi Ettingerin üzərində də tətbiq olunması planlaşdırılırdı. Məşhur fizik, bu prosesin tam ölüm anında keçirilməsini istəyib.

3. 1970-ci ildə artıq Cryonics prosesi geniş formada yayılmağa başladı. “Ölümsüzlük gözləntisi” kitabı ilə yanaşı, bir çox adam bu sahədə araşdırmalara başladı. Kitabın ilk əks-sədası isə, “Life Extension Society” qurumunun təsisçisi Evans Koperdən gəldi. Koper insanları dondurmaq fikrini şiddətlə müdafiə edirdi. Şəkildə gördüyünüz yer Cryonics İnstitutudur. İlk ciddi dondurma sınaqları məhz burada aparılıb.

4. 12 yanvar 1967-ci ildə Cryonic İnstitutunda dondurulan ilk insan Kaliforniya Universitetinin professoru Ceyms Bedford olub. Foto Bedfordun transfer anına aiddir. O şərtlərdə Cryonics prosesi indiki infrastruktura nisbətən daha az inkişaf etmiş olduğu üçün, Bedfordun bədəni dondurulsa da, bəzi hüceyrələrinin zərər gördüyü deyilir. İlk sınaqdan sonra Cryonics ilə maraqlananlar insan toxumalarına zərər verməyəcək dondurma üsulları üzərində çalışmağa başladılar. Ceyms Bedford bu prosedurda iştirak edən ilk insan olaraq “Time” jurnalının üz qabığında yer alacaqdı. Lakin o vaxt “Apollo 1” yanğınında həlak olan üç kosmonavtın xəbərini yerləşdirdilər. Onu da qeyd etmək lazımdır ki, insanların dondurulma prosesinin ildönümünü “Bedford Günü” adlandırıblar.

5. 1979-cu il Cryonics üçün faciəvi il oldu. İnstitutda dondurularaq saxlanılan 9 şəxsin bədəninin faciəvi bir şəkildə çürüdüyü görüldü. Sonradan aydın oldu ki, Cryonics İnstitutunun enerji izolyasiya sistemi 6 ildir işləmir. Ona görə də soyutma sistemi dayanıb və bədənlər çürüməyə başlayıb.

İnstitutda yalnız bir nəfərin, ilk dondurulan insan professor Bedfordun bədənini xilas etmək mümkün olub. Faciəvi hadisədən sonra haqqında cinayət işi açılan institutun fəaliyyəti dayandırıldı. Proses ciddi bir elm sahəsi olduğu üçün ona çox yüksək məbləğdə xərclər ayrılırdı.

6. Cryonics (“kriyobiologiya”) təkmilləşdirildi. 1977-ci ildə qurulan Alcor şirkəti Cryonics sahəsində o gündən bu günə lider şirkət kimi tanınır. Proses zamanı toxumaların zərər gördüyü tezisini ortaya qoyan alimləri ilə birlikdə çalışan şirkət artıq yeni tibbi prosedurlarla, orqanizmə zərər verməyən kimyəvi maddələrlə işləməyə başladı. Fərqli, bir sözlə, insanların soyuducuya qoyulan “ət” kimi dondurulması prosesi başa çatdı. 90-cı illərdə qliserin vasitəsilə dondurma əməliyyatları son dövrdə orqan transplatasiyasında istifadə edilən texnologiyanın sələfidir. Bu proses hüceyrələrin tərkibində suyun buzlaşmasının qarşısını alırdı. Alcor bu yeniliklə müştəri sayını iki qatına çıxarmağı bacardı.

7. 2005-ci ildən fəaliyyət göstərən “KrioRus” ABŞ-dan sonra ilk cəsəd və ya orqan saxlama şəraitinə malik olan dünyanın üç mərkəzindən biri Rusiyanın Alabuşevo kəndində yerləşir. “KrioRus”da ilk dondurulan şəxs 80 yaşında Sank-Peterburqda ölən riyaziyyat müəllimi Lidiya Federenko olub. Federenko nəvəsinin istəyi ilə 2005-ci ildə dondurulub. Bu günə qədər mərkəzdə 4 nəfərin dondurulduğu məlumdur. Bu şəxslərin ikisi ukraynalı, digərləri isə hollandiyalı və estoniyalıdırlar. Mərkəzdə davam edən yenidənqurma işləri tamamlandıqda soyuducuda saxlanılan 4 nəfər xüsusi maddə ilə dolu “termos” adlandırılan bir başqa dondurucuda mənfi 196 dərəcədə saxlanılacaq. Orada insanların beyinləri saxlanılır. Beyinlərdən biri, Rusiya ictimaiyyətində yaxşı tanınan, ömrünü “Kriyobiologiya”ya həsr etmiş “KrioRus”un rəhbəri Valeriya Praydın anasına məxsusdur. Orada dondurulan beyinlər üçün yeni bədənlər hazırlanacaq. Beyin üçün 10 min, bədən üçün 30 min dollar qiymət qoyulub.

8. Həkim Seqal sevimli iti Milesi dondurub yenidən diriltməyə nail olmuşdu. Bu təcrübə dondurulma prosesi haqqında tərəddüd edən insanlar üçün böyük bir sübut sayılırdı.

9. Dünyanın ən böyük Cryonics şirkətində dondurulmuş olaraq bir gün yenidən oyanmağı gözləyən ümumilikdə nə az nə çox düz 230 “xəstə” var. Öləndə dondurulmaq üzrə müqavilə imzalayan insanların sayı isə 1000-i keçib.

10. Rusiyada olan KrioRus mərkəzindən başqa, Cryonic şirkəti yalnız ABŞ-da yerləşir. Yəni ABŞ xaricində bir yerdə yaşayırsınızsa, prosedur sizin üçün fərqli işləyir. Həkim nəzarətindən kənarda və ya ölkə xaricində ölə bilmə ehtimalına görə sizə istəyinizə bağlı qolbaq və ya boyunbağı verilir. Bu boyunbağıların özəlliyi ondan ibarətdir ki, onların arxasında siz öldüyünüzdə bədənin təcili şəkildə hara göndərilməsi qeyd edilib. Əsasən “no embalming”, “no autopsy” yəni dəfn etmək və cəsədi ekspertizaya aparmaq olmaz yazılıb. Digər məlumatlar isə pasiyentə görə dəyişir.

11. Bu xidməti verən mərkəzlərdən biri Cryonics.Org rəsmi internet səhifəsində “Həyat qiymətsizdir” yazıb. Şüar sizi qorxutmasın. Proseduru nəzərə alsaq, qiymət o qədər də baha deyil. Cryonic İnstitutunda bütün bədənin dondurulması 28 min dollara başa gəlir. Dünyanın bir nömrəli cryonics nəhəngi olan Alcor şirkəti isə bədən saxlama əməliyyatı üçün 150 min dollar qiymət təyin edib. Bu iki qiymət arasında əsas fərq ondan ibarətdir ki, Cryonic İnstitundan fərqli olaraq, Alcor şirkəti daxilində lazımi bütün avadanlıqlar var. Yəni prosedur zamanı ürəyi dayanan xəstə dərhal instituta gətirilməlidir. Beyinə oksigen və qan getməyəcəyi üçün nəqliyyat prosesində beyin ölümünün baş vermə riski yaranır. Təbii ki, bu da əlavə pul deməkdir. Təyin olunan məbləği oliqarxlar həyat sığortası olaraq yaşayarkən ödəyir və yer tuturlar.

12. Belə ciddi bir proses təbii ki, özlüyündə ciddi risklər də gətirir. Rəsmi olaraq ölü sayıldığınız üçün sığortadan alınan pul mənimsənilir. Bu hüquqi cəhətdən qanun pozuntusudr. Dünyanın inkişaf sürəti müəyyən impulsa malikdir. O sizi gözləməyəcək. Təbii ki, siz 100 il sonra yuxudan oyananda adi mobil telefonların kamerası belə 90 megapiksel olacaq. Bundan çox daha önəmli irəliləyişlər qeydə alınacaq. Ən əhəmiyyətli risklərdən biri isə Alcor, Cryonics institutu və Kriorus kimi şirkətlər siz yuxuda olarkən iflas edə bilər. Siz onsuz da ölü olduğunuz üçün sadəcə dəfn edilməniz kifayət edəcək. Daha bir vacib məqam. Dünyanın 100 ildən sonra mövcud olacağı belə dəqiq deyil.

13. Türkiyənin ilk cryonicsistlərindən biri Güner Kuban olub. Güner Kuban, 1992-ci illərdə Cryonicsin populyar olduğu vaxtda Alcor şirkəti ilə razılaşaraq şirkətin Türkiyədəki təmsilçisi olub. Müsahibələrindən birində 16 nəfərin bu şirkətə müraciət etdiyini bildirib. Məxfilik üçün adları açıqlamağa icazəsi olmadığını deyib. Eyni zamanda, Türkiyənin ilk lesbian romanlarından biri olan “Sevişmənin rəngi” kitabının müəllifidir.

“Mən də hamı kimi yaşamağa çox maraqlı olduğumdan, həyatımı davam etdirmək üçün bu müqaviləni imzaladım. Tək istədiyim qısa bir müddətə də olsa, gələcəkdə dünyanın necə olduğunu görmək idi. Qabaqcıl texnologiyaları, zaman maşınının icad edildiyini, digər günəş sistemlərinin kəşf edildiyini görmək istəyirəm. 80 il içərisində, dondurulan insanların yenidən həyata qaytarıla biləcəyinə inanıram. Nano texnologiyalar inanılmaz sürətlə inkişaf edir. Hətta istədiyiniz yaşda oyana bilərsiniz. Məsələn mən, 50 ildən bir, bir neçə həftəliyinə oyanıb nə baş verdiyini görmək istərdim”- Güner Kuban.

Bu texnologiya ilk vaxtlarda çıxanda, proqnozlar 2010-ci ildə dondurulan xəstələrin oyadılması istiqamətində idi. O vaxtdan uzun müddət keçib. Amma hələ də heç kim tarixin təkrarlanmayacağına zəmanət vermir. Görəsən dondurulan insanlar oyanacaqmı? Yenidən oyanış təxminən 2035-2040 -cı illərə planlaşdırılır.

Könül Cəfərli

BIR CAVAB BURAXIN