Zatulindən növbəti həyasızlıq: Yalnız 5 rayon qaytarılsın…

0
372

Mən əminəm ki, Qarabağ konflikti digərləri kimi deyil, həll edilə bilər. Bu qərarın əsasında kompromis dayanmalıdır.

Axar.az xəbər verir ki, bunu Rusiya Dumasının erməniyönlü deputatı Konstantin Zatulin “Pozner” proqramına müsahibəsində deyib.

“Mənim Qarabağ konfliktinə münasibətim çoxdan formalaşıb. Bu qərarın əsasında kompromis dayanır. “Dağlıq Qarabağ Respublikası” heç nə ilə tanınmayıb, amma o mövcuddur və yaşayır. Sizə deyə bilərəm ki, onlar heç vaxt hansısa forma ilə hətta Azərbaycanın tərkibinə formal qayıtmaqla razılaşmayacaqlar”, – deyə o bildirib.

O, “kompromis olaraq” Qarabağın ətrafındakı rayonların Azərbaycana qaytarılmasının nəzərdə tutulduğunu deyib:

“Söhbət yeddi rayonun beşindən gedir. Belə ki, iki rayon Qarabağı Ermənistanla birləşdirir”.

Zatulin hər iki tərəfdə bu kompromisə millətçilərin imkan vermədiyini iddia edib.

Deputat Rusiyanın Qarabağ konfliktinin həllində hər iki ölkəyə qarşı eyni məsafədə dayandığını söyləyib:

“Ermənistanla bizim hərbi ittifaq razılaşmamız var, Azərbaycanla yoxdur, amma heç kim Qarabağ konfliktində Ermənistanın tərəfindən çıxış kimi variantları nəzərdən keçirmir. Biz bu situasiyanı konfliktsiz yolla saxlamağa cəhd edirik”.