“Zemfira” ləqəbli polkovnik Əmirəhmədovun Bakıdakı villası, işdən qovulmasının səbəbləri…

0
563

Rusiya mətbuatı Dağıstan Daxili İşlər Nazirliyinin bu yaxınlarda vəzifəsindən azad edilən polkovniki, nazirliyin Daxili Təhlükəsizlik İdarəsinin 2-ci şöbəsinin keçmiş rəisi, milliyətcə azərbaycanlı Zamir Əmirəhmədovla bağlı qalmaqallı məlumatlar dərc edib. 

Virtualaz.org xəbər verir ki, “Prestupnaya Rossiya” saytının yazdığına görə polkovnikin vəzifəsindən azad edilməsinin səbəbi onun Bakı ətrafındakı istirahət zonalarından birində özünə dəbdəbəli villa inşa etdirməsi və villanın tikintisi ilə bağlı tez-tez Azərbaycana gedib-gəlməsidir. Hansı ki, polkovnik Əmirəhəmədov olduqca məxfi məlumatlara cavabdeh olub və qanuna görə onun respublika xaricinə bu cür sərbəst gedib-gəlməsi dövlət sirrinin yayılması riski yaradıb.

Əmirəhmədov bu il martın 31-də barəsində aparılmış genişmiqyaslı təhqiqatın nəticəsi olaraq işdən azad edilib. Bildirilir ki, Əmirəhmədovun yüksək vəzifəli məmurların şəxsi dosyelərinə çıxışı olub və dövlət sirri sayılan həmin dosyelər xarici xüsusi xidmət orqanları tərəfindən Rusiyaya qarşı kompromat kimi istifadə oluna bilərdi.

Məlumata görə Əmirəhəmədov pensiyaya çıxandan sonra birdəfəlik Azərbaycana köçməyə və burada yaşamağa hazırlaşırdı. O, Tabasaran rayonunun Yersi kəndinin sakinidir, 1973-cü ildə anadan olub və təhqiqatın nəticələrinə əsasən “özünün merkantil maraqları üçün tez-tez qonşu ölkənin ərazisinə gedərək” DİN-in Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşlarına tətbiq olunan ciddi məxfilik rejimini pozub.

Təhqiqata əsasən Əmirəhmədov Azərbaycana villasının tikintisinə nəzarət etmək üçün gedib-gəlirdi. “Əmirəhmədovun Azərbaycanda özünə malikanə inşa etdirməsi və pensiyaya çıxandan sonra köçüb orada yaşamağa hazırlaşması məxfilik rejiminin daha təhlükəli şəkildə pozulmasına səbəb ola bilərdi”-təhiqatın nəticələrində deyilir.

 

Xızrıyevin Əmirəhmədovu işdən azad etməsinin səbəbi onların arasında mövcud olan korrupsiya əlaqələri ilə izah edilir. Əmirəhmədov “Zemfira” ləqəbi almazdan əvvəl “Koşelok” ləqəbinə malik olub. Çünki Xızrıyevin “krışalıq” etdiyi qanunsuz neft emalı zavodlarından və biznesmenlərdən haqqın yığılıb çatdırılmasını o təmin edirdi. 

Dağıstandakı neft mafiyası uzun illərdir ki, “Transneft” şirkətinin kəmərlərini, o cümlədən Bakı-Novorossiysk kəmərini deşərək neft oğurlayır, oğurlanan neft kustar üsulla qurulan zavodlarda emal olunur.

Dağıstan mətbuatı yazır ki, polkovnik Əmirəhəmədovun Azərbaycanda yüksək vəzifəli şəxslərlə əlaqələri ola bilərdi. Çünki belə əlaqələr olmadan onun özünə Bakı yaxınlığında villa tikdirməsi çətin ki, mümkün olsun…

Virtualaz.org

BIR CAVAB BURAXIN