Zelenski niyə İrəvanı yox, Bakını seçdi?

0
415

“Ukrayna prezidenti Vladimir Zelenski Bakıya iki günlük səfərə gəlir. Bu haqda aylar öncə məlumat almışdım”.

Publika.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.

Siyasi şərhçi bildirib ki, Zelenskinin yalnız Azərbaycanda olacağı, yoxsa Bakıdan sonra Cənubi Qafqazın digər iki respublikasına da gedəcəyi məlum deyil: “Çünki, bəzi ölkələrin liderləri Cənubi Qafqaza səfər etdikdə bəzən bir ölkəyə səfərlə kifayətlənmirlər. Ya Tiflisdən Bakıya gəlirlər, ya da Bakıdan İrəvana gedirlər. Zelenski isə Cənubi Qafqaz ölkələri içərisində birinci Azərbaycanı seçdi”.

Politoloq bu seçimin bir neçə səbəbini izah edib: “Birincisi, Ukraynanın iqtisadi-ticarət mübadiləsində Azərbaycan həm Gürcüstanı, həm də Ermənistanı üstələyir. Azərbaycanın iki qonşusundan fərqli olaraq Ukraynada yatırımları var, Kiyevdə Dövlət Neft Şirkətinin fəaliyyətindən, yanacaqdoldurma məntəqələrindən və servisindən ağız dolusu danışırlar. Buna baxmayaraq, rəsmi Kiyev Azərbaycanın Ukraynaya daha çox yatırım qoymasını istəyir. İki il əvvəl həmin ölkənin iqtisadiyyat nazirinin müavini ilə görüşmüşdüm. O, Azərbaycanın Ukraynanın neft terminallarının və dəniz limanlarının özəlləşdirilməsində iştirakını arzuladıqlarını bildirmişdi. Ukrayna Azərbaycan üçün münbit bazardır. Ona görə də dost dövlətə yatırımları artıra bilərik. Ukraynanın Qara dənizdəki limanlarından gəlir əldə etmək mümkündür. Zelenski azərbaycanlı həmkarı ilə iki ölkə arasında ticarət mübadiləsinin artırılması və investisiyalar mövzusunu müzakirə edəcək.

İkincisi, Ukraynanı Azərbaycanla eyni dərd birləşdirir. Donbas probleminin Dağlıq Qarabağ problemindən köklü fərqi yoxdur. Donbasdakı separatizmin tarixi Dağlıq Qarabağın separatizm tarixindən çox olmasa da, Ukrayna, Rusiya, Fransa və Almaniya liderlərinin son Paris görüşü göstərdi ki, Donbasda sülh əldə etmək çətin olacaq. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi kimi, Ukrayna da birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Kiyev mütəmadi olaraq erməni separatçılarının Dağlıq Qarabağda keçirdikləri “seçkiləri” pisləyən bəyanatlar yayır, rəsmi Bakı da Krımda və ya Donbasda keçirilən “seçkiləri” tanımadığını açıqlayır. Ukrayna XİN son açıqlamalarında Ermənistanın mövqeyini tənqid edən bəyanatlar da yayıb. Çünki BMT-də keçirilən səsvermələrdə Ermənistan, Krımı Ukrayna ərazisi kimi göstərən qətnamələrin əleyhinə səs verib. Vladimir Zelenski İlham Əliyevlə görüşdə separatizmlə mübarizə məsələsinə də toxunacaq, iki ölkənin ərazi bütövlüyünün təminatı məsələsi bir daha vurğulanacaq.

Üçüncüsü, Zelenski ukraynalıların Bakıdakı icması ilə də görüşəcək. Azərbaycanda yaşayan ukraynalıların sayı Ukraynada yaşayan azərbaycanlıların sayından xeyli azdır. Buna baxmayaraq, Bakıda və Sumqayıtda yaşayan azsaylı ukraynalılar Azərbaycan vətəndaşı kimi iki ölkə arasında əlaqələrin inkişafına çalışırlar. Krım ilhaq olunanda ukraynalıların icmasında çat yaşandı, kiçik qrup Rusiyanın mövqeyini dəstəklədi. Belə olan halda, Ukraynanın Azərbaycandakı keçmiş səfiri Mişenko qollarını çırmalayaraq Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qrupun güclənməsində xüsusi rol oynadı, ölkələrinin parçalanmasını dəstəkləyənlər isə icmadan uzaqlaşdırıldı. Hazırda icma aktiv şəkildə fəaliyyət göstərir. Zelenski icma üzvləri ilə görüşüb onların arzu və istəklərini dinləyəcək”.