“WikiLeaks” saytının yaradıcısı Cullian Assancın ötən həftə Londonda həbsi “Dumanlı Albion”a sığınan Zamirə Hacıyeva mövzusuna diqqəti artırır. Məxfi sənədlərin ictimailəşdirilməsi ilə məşhurlaşan Cullian Assancın 7 il ərzində sığındığı Ekvador səfirliyindən bu cür çıxarılacağını ən pessimist təhlilçilər belə ağıllarına gətirmirdilər. Bu isə ümumilikdə varlıların cənnəti hesab edilən Londonun artıq əvvəlki şərtlərdən yaxa qurtarmağa çalışdığını göstərir. Azərbaycandan Londona sığınan məşhur isimlər arasında ilk yerlərdə adı gələnlərdən biri də Baynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevadır.
Məlum olduğu kimi, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində yeni proses davam etdirilir. C.Hacıyev bundan əvvəl 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb. Hazırda o, yeni ittihamlar üzrə sorğu-sual olunur. Ölkədən milyardlarla pulun çıxarılmasında ittiham edilir.
Onun həyat yoldaşı Zamirə Hacıyeva 2018-ci ilin sonunda London məhkəməsində varidatı ilə bağlı sorğu-sual edilib. Xanım Hacıyevaya varidatın mənbəyini açıqlamaq üçün vaxt verilib. Westminster Magistrates Məhkəməsində keçirilən inzibati iclasda növbəti məhkəmənin 24, 26, 27 və 28 iyun 2019-cu il tarixlərində keçiriləcəyi bildirilib. Bu, o deməkdir ki, 2 ay sonra Assancın taleyini Zamirə Hacıyeva da yaşaya bilər. Onun məhkəmə hökmü ilə Azərbaycan tərəfinə təhvil verilməsi artıq qaçılmaz görünür.
Bakı Ağır Cinayətlər Məhkəməsində Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmədə də Zamirə Hacıyevanın adı tez-tez hallanır.
İttihama əsasən, 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyev ölkədən çıxardığı milyardların bir qismini Londonda yaşayan həyat yoldaşının bank hesablarına köçürüb. Böyük Britaniyada korrupsiyaya qarşı mübarizə qanununun ilk hədəfi olan Z.Hacıyeva hazırda Londonda 11.5 milyon funt sterlinqə aldığı (15.13 milyon dollar) evinin əlindən alınmamasına çalışır. O, 10 il ərzində Londonun məşhur dükanı “Harrods”da 16 milyon funt sterlinq (35.85 milyon manat) xərcləyib və elə həmin mağazanın yanında – Londonun ən bahalı ərazilərindən birində ev alıb. O, həmçinin Berkshire qraflığında qolf klubunu alıb. Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını – “Mill Ride Golf Club”u almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib. Z. Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) “Gulfstream G550″ jet təyyarəsi aldığını da ortaya çıxıb. Onun ailəsinə aid olan 400 min sterlinqdən çox dəyəri olan zinət əşyaları müsadirə edilib və ”Christie” auksionunda satışa çıxarılması nəzərdə tutulub.
Z.Hacıyeva 2018-ci ilin sonunda İngiltərənin paytaxtı Londonda saxlanılıb və sonradan girov müqabilində zaminə buraxılıb. 55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunmuşdu. Bu sərəncama əsasən, o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır. Londonun Vestminster rayonunun Magistrat Məhkəməsində məlum olub ki, o, Azərbaycan tərəfinin tələbi əsasında London polisi tərəfindən saxlanılıb. Z.Hacıyevanın həbsi onun Bakıya ekstradisiyası barədə xahişlə bağlıdır. Məlumata görə, ona qarşı 2 mənimsəmə ittihamı irəli sürülüb.
Z.Hacıyeva hazırda Londonda polis nəzarətindədir və məhkəmənin tələbini yerinə yetirib xərclədiyi pulların mənbəyini açıqlaya bilməsə, həbs edilə və Azərbaycan tərəfinə təhvil verilə bilər.
Yada salaq ki, Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət qrup 2017-ci ildə Londona ezam edilərək orada Z.Hacıyevanın həbsi üçün yerli hüquq-mühafizə orqanlarına müraciət ediblər. Həmin vaxt sübut çatışmazlığına görə Z.Hacıyeva Azərbaycan tərəfinə təhvil verilməyib. Bundan sonra, 2018-ci ildə Britaniyada potensial çirkli pullara sahib olan şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanun – UWO qəbul edilib. UWO-nin Z.Hacıyevanın ekstradisiya məsələsinin həllinə imkan yaradacağı da istisna deyil. “Assanc işi” isə göstərir ki, “Dumanlı Albion” varlıların cənnətindən sürətlə uzaqlaşmağa başlayıb. Bu isə Z. Hacıyeva və digərlərinə yaxşı heç nə vəd etmir…
“Yeni Müsavat”