Zəngilandan keçən logistik layihələr

0
1334

İşğaldan azad olunan ərazilərimiz arasında Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanın potensialı orada böyük infrastruktur layihələrin həyata keçirilməsinə imkan verir. Dünyada 2-ci, Avropada isə 1-ci çinar meşələri ilə tanınan Zəngilan üçün yeni dövr başlayır. Rayonun ölkənin nəqliyyat logistika mərkəzinə çevrilməsi prioritet məsələlərdəndir. Məlumdur ki, işğal dövründə Ermənistan rəhbərliyi Zəngilandan keçmək şərtilə ölkəsindən Cəbrayıla yol çəkmək istəyirdi. Amma onların bu istəyi baş tutmadı. Ali Baş Komandanın rəhbərliyi ilə, şəhidlərimizin, döyüşçülərimizin qanı, canı hesabına tarixi ərazilərimiz özümüzə qayıtdı. İnfrastruktur layihələrin qurulması çərçivəsində indi Horadizdən Zəngilana 4 və 6 zolaqlı magistral avtomobil yolu çəkilir. Sovet vaxtından qalan yol yenidən qurulur. Yeni yol həm genişliyinə görə, həm də məsafə baxımından əlverişli olacaq. Bundan vətəndaşların gediş-gəlişində və beynəlxalq yüklərin daşınmasında istifadə olunacaq. Bununla yanaşı, Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına çoxzolaqlı yol çəkilir. Bu da Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası da sürətlə aparılır. Zəngilanın ərazisindən keçən dəmir yolu və avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün beynəlxalq bir yol olacaq. Nəticədə Azərbaycanın əsas hissəsi Naxçıvan Muxtar Respublikası ilə Zəngəzur dəhlizi vasitəsilə birləşəcək tam yeni nəqliyyat dəhlizi açılacaq. Bərpa çərçivəsində gerçəkləşdirilən layihələr sırasında Qarabağın hava qapısı olan hava limanlarının tikintisi həm sosial-iqtisadi, həm də strateji cəhətdən olduqca böyük əhəmiyyət daşıyır.  Coğrafi vəziyyətə baxdıqda Füzuli, Zəngilan və ondan sonra Laçın rayonunda inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ və şərqi Zəngəzur zonasını Zəngilan daxil olmaq şərtilə əhatə edəcək. Zəngilandan dəmir yolu, avtomobil yolu keçəcək, Naxçıvana yol açılacaq.  Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafı üçün bu hava limanının böyük rolu olacaq.

 

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı –Bahar Qurbanova