Zəngilan Azərbaycanımızın ən gözəl, ən dilbər guşələrindən biridir. Özünü tarixi, mədəniyyət abidələri, şair və yazıçıları, qədim yaşayış məntəqələri ilə Cənubi Qafqazda hər zaman zəngin bir rayon kimi tanıdıb.
1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının cənub-qərb rayonlarına genişmiqyaslı hücuma keçdi. Ermənistan ordusunun bu hücumda başlıca məqsədi Azərbaycan Respublikasının Zəngilan rayonunu ələ keçirmək, bununla da Azərbaycanın cənub-qərb hissəsinin tamamilə işğal olunmasını başa çatdırmaq idi. Nəticədə, Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Azərbaycanın Zəngilan rayonu bütünlüklə işğal edildi. İşğal nəticəsində Zəngilan rayonu ərazisindəki memarlıq abidələri bütünlüklə talan edilmiş, yandırılmış, dağıdılmış və məhv edilmişdir. Bütün Avropada ən böyük çinar meşəsi də bu rayonda idi. Həmin çinarları ermənilər doğrayaraq xarici ölkələrə satırdılar.
Ümumilikdə, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın tarixi, memarlıq və dini abidələri, o cümlədən Azərbaycanın tarixi irsinə aid olan qiymətli nümunələr muzeylərdən oğurlanaraq sonradan müxtəlif hərraclarda satılmışdır.
Vaxtilə bu yerlərin sərvətinə, tarixinə, milli dəyərlərinə yüksək qiymət verən Ulu Öndər Heydər Əliyev deyirdi: “Zəngilan Azərbaycanın gözəl bir guşəsidir, qədim Zəngəzur diyarının bir parçasıdır və qədim Azərbaycan diyarıdır. Burada gətirilən bəzi tarixi həqiqətlər Zəngilanın tamamilə qədim Azərbaycan diyarı olduğunu sübut eləyir. Zəngilanda Azərbaycan xalqının milli mədəniyyətini əks etdirən tarixi abidələr var, Azərbaycan xalqının həyatını əks etdirən tarixi hadisələr baş veribdir. Zəngilanda keçmiş əsrlərdə də xalqımızın çox hörmətli, dəyərli insanları yaşayıblar və beləliklə də Zəngilan həm öz təbiətinə görə, həm o torpaq üzərində yaşayan insanların qurduqlarına, yaratdıqlarına görə və bugünkü nəsillərə çatdırdıqları irsə görə Azərbaycanın qiymətli bir diyarıdır, qiymətli bir hissəsidir. Zəngilan bir gün öz sahibinə qaytarılacaq, tarixi ədalət bərpa ediləcək.”
Nəhayət ki, Ulu Öndər siyasətinin layiqli davamçısı Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2020-ci il 27 sentyabr tarixində Ermənistan tərəfindən törədilmiş növbəti hərbi təxribatın qarşısın almaq və təcavüzünə son qoymaq məqsədilə dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir. Beləliklə də, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova