Yol qəzasında ata-anasını itirən Aslanın faciəsi – Ürəkləri parçalayan tale

0
547

Bir qonşumuz var. Aslan. 3-cü sinifdə oxuyur. Düz iki il öncə, ata və anası Şamaxı yolunda avto-qəzada həlak olub. O vaxtdan Aslan bizim binada, xalasının ailəsində yaşayır…

 

Yayda, həyətdə hara baxsan Aslanı görərsən. İnanılmaz aktiv uşaqdır. Daha doğrusu, diri. Səsi, küyü, qışqırığı öz yerində. Hələ bir də ürəkdən gülməyi var. Fəqət, nə illah edirəm, o uşağın çöhrəsində sevincin, xoşbəxtliyin dərinliyini sezə bilmirəm. Neçə dəfə üzbəüz söhbət etmişəm. Zarafata salıb, nəsə danışıb könlünü açmaq istəmişəm. Amma onun könlünün açılması da bir yerə qədərdir – məsələ burasındadır.

Hamar sifəti var, yaşlı adamlar kimi kədəri üz qırışlarına deyil, qaşlarına və baxışlarına çökdürüb. Gözlərinin içində ağır bir zədə görünür. Aydınca.

***

Yetim uşaqları saçlarının dağınıqlığından, ayaqqabı sapının bağlanmasından, köynəyin şalvar içindən yarımçıq çıxmasından müəyyən etmək olur…

Yetim uşaqların təri öz-özünə soyuyur, quruyur. Kimsə onların kürəyinə dəsmal, ya salfet qoymur.

Yetim uşaqlar adətən başqasının köhnə-kürüşünü geyinir, ayaqqabı alarkən kimsə onlara: “sıxır, sxmır?”, “bəyəndin, bəyənmədin?” – sualını ünvanlamır, onların zövqü, arzusu, planı kimsə üçün maraqlı deyil…

Yetim uşaqlar məktəbdən başqaları kimi gözü alnında, sağa-sola baxaraq çıxmır, dərslərini özü oxyuyur, kitablarını özü üzləyir, hər valideyn iclasında isə… “görəsən bu dəfə kim gələcək?” – sorusu ilə baş-başa qalır. .

Aslanın timsalında görmüşəm bütün bunları….

***

Fidanı Aslanın yanında həmişə bərk danlayıram. Liftdə, həyətdə, küçədə. Nə zaman qarşımıza çıxsa. Çox vaxt da lüzumsuz yerə. Ki, qoy Aslan əslində ataların pis, kobud olduğunu düşünsün. Atasının olmadığına uşaq təsəvvürü ilə olsa belə bir anlıq sevinsin. Özünü toxtatsın.

Mən Aslanın yanında Fidanı qucaqlaya bilmirəm. Onu gördüyüm an qızımın əlini buraxıram. Elə bilirəm ən xırda hərəkətimlə Aslanı yüz il geri salacam, incidəcəm, sızladacam.

***

Bir il öncəyə qədər Aslana atasının-anasının xaricə getdiyini deyib, onu bu yalana inandırdıqlarını düşünüblər. Hətta yeni ildə valideynlərinin adından hədiyyə yollayaraq üzərinə bu mətndə məktub da qoyublar: “Aslan, ümid edirik, yaxşısan. Səni çox sevirik. Xalanın sözünə bax, dərslərini yaxşı oxu, dəcəllik eləmə. Tezliklə gələcəyik. Darıxma”

Aslanın cavabı isə belə olub: “Bilirəm, ölmüsüz. Amma Allah babadan xahiş edəcəm, sizi diriltsin. Çünki o uşaqları eşidir.”

P.S. …Lütfən, avtomobillərinizi yavaş sürün, əziz valideynlər!. Tələsməyin, qovmayın, risk etməyin…

Bəzən ani bir səhv, evdə sizi gözləyən, sizə ehtiyacı olan günahsız körpələrin bütöv həyatı bahasına başa gəlir.

 

Elşən Musayev,

Milli Məclisin deputatı

BIR CAVAB BURAXIN