Yerdənkənar kosmik məkanda həyat axtarışı davam edir

0
727

 

Müəyyən problemlərə baxmayaraq astronomlar tərəfindən kosmik məkanda Yer planetinə bənzər obyektlərin axtarılması inadla davam etdirilməkdədir. Bu baxımdan son illərdə ABŞ və Yaponiyadan olan astronomların verdikləri açıqlamalar diqqəti cəlb edib. Məlum olub ki, bu günə kimi kosmik məkanda-kainatda 500-dən artıq Yer planetinə oxşayan obyektlər var. Alimlər tərəfindən ekzoplanet adı verilən bu obyektlərdən bəziləri həcminə görə Yerə daha yaxın, bəziləri isə ondan kiçikdirlər. Qeyd edək ki, Yerə bənzər daha iri planetlərin axtarışına yalnız bu yaxınlarda başlanılıb. Astronomlar bunun səbəbini adətən digər qalaktikaların olduqca uzaq məsafədə yerləşməsi ilə izah edirlər. Bu baxımdan son illərdə yerəbənzər çoxsayda ekzoplanetlərin kəşf edilməsi onların bəlkə də bizə daha yaxın məsafədə yerləşməsi ilə izah edilə bilər. Bununla belə ekzoplanetlərin kəşf edilməsi heç də asanlıqla baş verməyib. İlk ekzoplanet 20 il bundan əvvəl elm və texnikanın sürətli inkişafından sonra aşkar edildi. Sonrakı illərdə isə bu proses daha sürətlə getməyə başladı. Bu da astronomlar tərəfindən təbii qarşılanmaqdadır. Məsələn, ABŞ-ın Berkli şəhərindəki Kaliforniya Universitetinin tanınmış tədqiqatçısı Endru Hovard: “Elm və texnika inkişaf etdikcə kainatda yerə bənzər ekzoplanetlərin daha çox sayda aşkar edilməsi baş verəcək. Əgər yaxın gələcəkdə hər ikinci və ya səkkizinci ulduzun Yerəbənzər olması müəyyən edilsə mən ona təəccüblənməyəcəyəm”,- deyib.

Yeri gəlmişkən ekzoplanetlə bağlı məsələyə aydınlıq gətirmək üçün deyək ki, onlar adətən Günəş sistemindən kənardakı ulduzlar ətrafında dövr edirlər. Onlar kiçik həcmə malikdirlər, digər ulduzlarla müqayisədə bir o qədər də işıqlı deyillər. Bu səbəbdən də uzun müddət onları aşkar etmək mümkün olmayıb. Onların ətrafında dövr etdikləri ulduzlar isə Günəş sistemindən ən azı 4,22 işıq ili məsafədə yerləşirlər. Astronomlar bu səbəbdən də ekzoplanetləri aşkar etmək məqsədi ilə xüsusi metodlardan istifadə edirlər. Onu da deyək ki, əksər ekzoplanetlər müəyyən qədər Yupiterə bənzər nəhəng qaz kütlələrini xatırladırlar.

Təbii ki, astronomları daha çox həyatın mövcud olması üçün şərait hesab etdikləri ulduzlar sistemi daha çox cəlb edir. Məsələn belə hesab edilir ki, Günəş sistemindən 0,95-1,37 astronomik vahid uzaqlıqda olan ulduzlarda Yerəbənzər həyatın olması mümkündür. Astronomların əksəriyyətinin fikrincə digər planetlərdə həyatın olması üçün ilk növbədə onun səthi bərk olmalıdır. İkincici həyatın mövcudluğu ondakı hökmən müvafiq temperaturdan və suyun olmasından asılıdır. Həytaın olması üçün planetin səthində orta temperatur 0-la +100 dərəcə arasında olmalıdır. Misal üçün deyək ki, Yerdə normal istilik +15-lə +60 hesab edilir. Mənfi temperatur üçünsə son hədd – 90 dərəcədir. Bu çərçivədə də+ 60-la -90 dərəcədən yuxarı temperaturda həyatın mümkün ola bilməsinə şübhə ilə yanaşılır.

Astrofiziklərin və bioloqların ehtimalına görə yalnız yuxarıda söylənilən şərtlər daxilində Günəş sistemindən kənardakı ulduzlarda həyatın olması mümkündür. Son axtarışlar və çoxsaylı yerəbənzər ekzoplanetlərin aşkar edilməsi isə “Yeni Yer”in tapıldığı barədə ehtimalların daha da güclənməsinə gətirib çıxarıb. Hazırda axtarışlar davam etməkdədir. Elm və texnika inkişaf etdikcə insanların kosmik məkanda tək olub-olmamaları məsələsinə də tədrcən aydınlıq gətiriləcək…

Əziz Mustafa

BIR CAVAB BURAXIN