Yazıçıların yeni il lətifələri

0
732

Arazinfo.com kulis.az-a istinadən tanınmış yazıçıların Şaxta Baba ilə Yeni il macəralarını təqdim edir.

 

Polislər küçədə çılpaq Şaxta Babanı saxlayırlar. Deyirlər, ağsaqqal adamsan, bu nə vəziyyətdir, olmaya içmisən?

 

Şaxta Baba:

 

– Yox, a kişi, Yazıçılar Birliyinin “26-lar” kafesindən gəlirəm, bomba diskateka var!

 

***

 

Akademik Tehran Əlişanoğlunun telefonu zəng çalır:

 

– Alo, mənəm, Şaxta Baba, Yeni iliniz mübarək, istəyirəm sizə qonaq gəlim.

 

Tehran müəllim:

 

– Qloballaşan dünya ana dilimizin saflığının qorunmasını tələb edir.

 

Şaxta baba:

 

– Bu nə deməkdir, Tehran müəllim? Mən keçən il də sizə zəng vurmuşdum. Mənimlə çox mehriban danışdınız:

 

Tehran müəllim:

 

– Onda akademik deyildim.

 

***

 

Çingiz Abdullayev Yeni il gecəsi dayanmadan dua edir:

 

– Ay Allah, mənə ayda 8 min manat yetir. Ay Allah mənə ayda 8 min manat yetir. Ay Allah mənə ayda 8 min manat yetir.

 

Allah dözmür:

 

– Çingiz, doroqoy moy, mən etiraz eləmirəm, amma heç olmasa sən də bir kafe tap arendaya ver də!

 

*** 

 

Bulvarda nəhəng yolkanın altında şəkil çəkdirən Rəşad Məcid Qar qıza deyir:

 

– Gəl səni AYB-yə üzv eləyək.

 

Qar qız:

 

– Axı mən şeir yaza bilmirəm.

 

Rəşad Məcid:

 

– Sən sədaqətli ol yetər, şeiri Qəşəm Nəcəfzadəyə yazdırarıq.

 

***

 

Şaxta Baba Ramiz Rövşəndən soruşur:

 

– Gözəl insan, sənin Yeni il arzuların nədir?

 

Ramiz Rövşən:

 

– Elə et ki, ömür billah göy üzü daş saxlamasın!

 

***

 

Rasim Qaracanınsa Şaxta Babadan Yeni il arzusu bu olub:

 

“Sən Allah elə et ki, göy üzü daş saxlasın, Ramiz Rövşəndən canımız qurtarsın.”

 

***

 

AYB-nin girişində Şaxta Baba ilə rastlaşan İlqar Fəhmi soruşur:

 

– Burda nə işin var?

 

– Gəlmişəm, AYB-yə üzv olum.

 

İlqar Fəhmi hirslənir:

 

– Şaxta Baba hara, AYB hara! Bura sənin üçün kolxozdur bəyəm? Hər yoldan ötəni birliyə üzv edə bilmərik!

 

Şaxta Baba təəccüblə:

 

– Namiq Məna filial rəhbəri ola bilir, Şaxta Baba üzv ola bilmir?

 

***

 

Şərif Ağayar marşrut taksisində Şaxta Babanı görür. Yazıçının ədəbiyyat haqda yarım saatlıq mühazirəsini dinləyən Şaxta Baba söhbəti bitirmək üçün deyir:

 

– Ədəbiyyat ağır məsələdir. Sənin yükün çoxdur. Bir arzunu de. Şaxta Babayam, adım-sanım var, bəlkə yerinə yetirə bildim.

 

– A kişi, nə arzu? Mən “Arzulardan sonrakı şəhər”i yazmışam e. 50 min oxucum var. Bu, sənə yolkanın başına fırlanmaq deyil. Eko deyir ki, ədəbiyyat…

 

Arzusu ürəyində qalan Şaxta Baba saqqalını yolmağa başlayır.

 

***

 

Rüstəm Behrudi Fəvvarələr bağındakı yolkanın yanında dayanmış Şaxta Babanın qulağına nəsə deyir.

 

Şaxta Baba:

 

– Sən o dar ağacına salam verən oğlansan?

 

Rüstəm lovğalanır:

 

– Bəli! Nəydi ki?

 

Şaxta Baba əlini yolkaya uzadır.

 

– Biz qardaşıq. İkimizin də çörəyi ağacdan çıxır.

 

***

 

İntiqam Qasımzadə Şaxta Babaya deyir:

 

– Elə et ki, bütün Azərbaycan torpaqları birləşsin, 50 milyonluq nəhəng ölkə olsun.

 

Şaxta Baba fikrə gedir:

 

– Bu, çox çətindir, başqa bir istəyini de.

 

İntiqam Qasımzadə:

 

– Onda Qarabağ qayıtsın!

 

Şaxta baba:

 

– Açığı, bu da mənə çətin gəlir, keç üçüncüyə.

 

İntiqam Qasımzadə:

 

– Ona elə et ki, nəsə yaza bilim… Nəsr, şeir, tənqidi yazı, məqalə… fərqi yoxdur.

 

Şaxta Baba daha dərindən fikrə gedir:

 

– Qoy o 50 milyonluq ölkə söhbətini bir də düşünüm.

 

***

 

Nazim Əhmədli Yeni ilə on saniyə qalmış Şaxta Babaya “vızıv” atıb “odboy” verir. Şaxta Baba geri zəng edəndə deyir:

 

– Olar sizə təzə şeirimi oxuyum?

 

***

 

Şaxta Baba Tərcümə Mərkəzinə gedir. Afaq Məsud səfərdə olduğu üçün onu Yaşar qəbul edir.

 

– Aşağı temperaturlu təqaüdçü, mərkəzimizə xoş gəlmisiniz!

 

Şaxta Baba çaşır:

 

– Bu nə deməkdir?

 

Yaşar:

 

–  “Şaxta Baba” ifadəsi etik səslənmədiyi üçün mərkəzimizin buraxdığı yeni orfoqrafiyada onu “Aşağı temperaturlu təqaüdçü” ifadəsiylə əvəz etmişik.

 

***

 

Şaxta Baba Kənan Hacıya yanaşıb hal-əhval tutur, Kənan Hacı gülümsünərək “Sağ olun, hər şey qaydasındadır” – deyəndə çaşır:

 

– Bağışlayın, elə bildim Kənan Hacısınız!

 

***

 

Şaxta Baba gənc Ömər Xəyyama Yeni il sovqatını yanvarın 31-də çatdırır və təngnəfəs gileylənir:

 

– Yekə kişisən, ya Ömər ol, ya Xəyyam! Tərs kimi şəkildə də saqqalısan, geyimin də belə birtəhərdi. Səni axtara-axtara gedib orta əsrlərə çıxmışam.

 

***

 

Şəhriyar del Gerani:

 

– Şərif, Kulisə “novoqodnı” şeir gətirmişəm.

 

– Ayə, bu ki “İt kimi darıxmaq nə təhər olur” şeiridir. Camaat bayram keçirir, qaramat tökməyək.

 

– Bu elə bayram şeiridir də. Deyirəm axı “novoqodnı” şeirdi. Üzümüzə gələn it ilidi… Üzündən irağ…

 

***

 

Mirmehdi Ağaoğlu Şirazda gəzərkən qəfil Şaxta Babayla rastlaşır. İran kimi ölkədə, əlində qəribə parıldayan çubuq olan Şaxta Baba görmək yazıçını mistikaya inandırır.

 

– Həmişə inanırdım ki, sən həqiqisən. Tez ol, sehrli ağacla sağ əlimə vur. Qoy mən bestseller yazım, hər yazdığım hərf yüz manata satılsın.

 

Şaxta baba ona çəp-çəp baxır:

 

– Birincisi, sağ əlinə vurmağımı başa düşmədim, indi əlyazma yazan yoxdu, seyid. İkincisi, əlimdə ağac var deyə sənə vurmalıyam? Yox bir. Sən də gəl ağzıma tüpür.

 

Yanvarın 1-i səhər tezdən Fikrət Qoca Anara zəng vurub ona yuxudan oyadır və Yeni ilə aid şeir oxuyur. Şeiri diqqətlə dinləyən Anar deyir:

 

– Maraqlıdır, nəvən yazıb?

 

Fikrət Qoca:

 

– Yox, özüm yazmışam!

BIR CAVAB BURAXIN