Yaz ovqatı, yaz bayramı, son çərşənbə

0
581

 

Bu gün Novruz bayramı öncəsi qeyd edilən İlaxır çərşənbə – torpaq çərşənbəsidir.

Torpaq insan yaradılışının maddi əsası olmaq etibarilə bu prosesdə son dərəcə əhəmiyyətli bir mövqeyə malikdir. Torpaq çərşənbəsi torpağın oyanmasının mifik kökləri etibarilə dirilmə, canlanma anlayışı ilə əlaqədardır.

Axırçərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça düzəltmə, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma və bir çox adət-ənənələr var.

Qədim el adətlərinə və inanclarına görə, Axırçərşənbədə uşağa beşik düzəldərlər, gün çıxmamış su üstündən hoppanar, tonqal yandırar, kəlin buynuzuna qırmızı bağlarlar.

Bu gündə qorxanların başından su töküb qorxunu alar, evdən pul, qonşuya ələk verməzlər. Axırçərşənbə günü şamı yarımçıq söndürməzlər, ailə üzvlərinin sayına görə şam yandırar, evdən od, kibrit, neft, ağartı, un, çörək verməzlər. Axırçərşənbə gecəsi tez yatmazlar, evdə qazan asar, vəfat etmiş yaxın adamları yada salar, vəfat etmiş yaxın adamların adını çəkib “filankəslərin adına qazan asdım” deyib qazana ət, düyü və s. tökərlər. Axırçərşənbə günü ertədən lampa yandırarlar.

İlin axır çərşənbəsində qızlar bir qaba su tökər, əllərindəki üzükləri çıxarıb saçlarına salarlar. Niyyət tutub üzüyü suyun üstündən keçirərlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir; üzüyün neçə dəfə qaba dəydiyini sayırsan – demək, o yaşda da gəlin gedəcəksən.

Axırçərşənbə gecəsi ürəyində niyyət tutub yatmaq lazımdır. Gecə yarısı yuxudan dur və şamı yandır. Şamı götürüb güzgüyə yaxınlaş. Güzgüdə gələcək nişanlını görəcəksən.

İlin axır çərşənbə axşamı ana uşaqlarının başından tük kəsir və axar suya atır. Həmin yerdən bir qab su götürür və uşaqlarının üstünə çiləyir. Bu su təmizlik, sağlamlıq, paklıq gətirir. Həmin ili uşaqlar xəstələnmir.

Qeyd edək ki, bu il Azərbaycan ərazisində baharın gəlişi martın 20-i Bakı vaxtı ilə təxminən saat 14:29 radələrində baş verəcək.

AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun Trend-ə verdiyi məlumata görə, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir.

Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir.Axar.az

 

BIR CAVAB BURAXIN