YAP-ın 30 illik tarixinin hər səhifəsini bu gün qürurla vərəqləyirik

0
1952

YAP-ın 30 illik tarixinin hər səhifəsini bu gün qürurla vərəqləyirik

“Yeni Azərbaycan Partiyası təsis olunmasının 30 illiyini təntənə ilə qeyd etdi. Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin tədbirdəki proqram xarakterli, dərin məzmunlu nitqi 30 illik çətin və  şərəfli yolun, bu fonda  perspektivlərin təqdimatı oldu. Yeni Azərbaycan Partiyasının hansı şəraitdə yarandığını, bütün çətinlikləri tutduğu yola sadiqliyi ilə dəf etməsini xatırlamaqla bugünkü inkişafının böyük səylərin, qətiyyətin nəticəsi olduğunu böyük əminliklə qeydə edə bilərik. YAP xalqın partiyasıdır. Çünki partiyanın sıralarında bütün kateqoriyadan olan insanlar təmsil olunur. Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan partiyada təmsil olunan hər kəs bu yenilməz siyasi qüvvənin adında ehtiva etdiyi məqamları önə çəkərək daim müasir müstəqil Azərbaycanın davamlı uğurlara imza atmasına dəstək olmaq üçün səy göstərir.

Prezident, YAP Sədri İlham Əliyev partiyamızın yaranmasının 30 illiyinə həsr olunmuş təntənəli mərasimdə qeyd etdi ki, partiyamızın yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan çətin günlər yaşayırdı. Müstəqilliyimizin bərpasının cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmiş, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdi. Belə bir vəziyyətdə Azərbaycanın  vətənpərvər, ölkənin gələcəyini düşünən insanları nicat yolunu ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdülər. Onlar məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyalarını şərəflə yerinə yetirdilər. Çünki məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirildi. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 550 nümayəndənin  iştirakı  və  burada qəbul olunan tarixi qərarlar ölkəmizin həyatında yeni səhifənin açılmasına gətirib çıxardı. Bu mühüm addımın atılmasından 7 ay sonra YAP iqtidar partiyasına çevrildi.

1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin, Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələ başladı. Ölkəmizin siyasi mənzərəsi tamamilə dəyişdi. Azərbaycan yenidən quruldu, dövlətçiliyin əsasları yaradıldı. Ən əsası dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, tariximizin  qara səhifəsi bağlandı.”

Azərbaycanın bütün sahələrdə malik olduğu imkanlar, eyni zamanda, hər bir işin sistemli şəkildə həyata keçirilməsi hədəflərə yüksək səviyyədə nail olmağa əsas verir: “Ulu öndər Heydər Əliyev dühasından yaranan YAP-ın 30 illik tarixinin hər səhifəsini bu gün qürurla vərəqləyirik. Azərbaycanın bu illər ərzində böyük inkişaf yolu keçdiyini hər bir sahədə təcrübəsinin nümunə olduğunu, sözü ilə imzası arasında heç bir fərqin olmadığını bildirən dövlət başçısı İlham Əliyev bu uğurlarla bərabər, onu əlavə etdi ki, bu gün hələ də görüləsi işlər çoxdur. İqtisadiyyatımızın şəffaflaşdırılması, xoşagəlməz hallara qarşı mübarizə, kölgə iqtisadiyyatının həcminin əhəmiyyətli dərəcədə azaldılması, biznes mühitinin yaxşılaşdırılması, inhisarçılığa qarşı daha ciddi mübarizə,  bütün bunlar gündəlikdə duran məsələlərdir. Ölkə Prezidenti bu əminliyi ifadə etdi ki,  bu gün aparılan iqtisadi islahatlar – strateji xətt üzrə aparılan  islahatlar yaxın gələcəkdə də bizə əlavə imkanlar verəcək. O cümlədən Qarabağı və Şərqi Zəngəzuru öz hesabımıza yenidən qurmaq və bütün məqsədlərə çatmaq üçün ölkəmizə  mütləq güclü iqtisadiyyat bundan sonra da lazım olacaq.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Hər bir ölkənin inkişafında iqtisadi müstəqilliyin rolu inkaredilməzdir.

İqtisadi cəhətdən başqasından asılı olan ölkələr müstəqil siyasət həyata keçirməkdə çətinlik çəkirlər. Dövlət başçısı İlham Əliyevin çıxışlarında bu məqam hər zaman önə çəkilir.  Ölkə Prezidenti sözügedən nitqində də iqtisadi amilin müstəqil siyasətdə roluna diqqəti yönəldərək bildirdi ki, hər zaman siyasətimizin ancaq xalqımızın iradəsini əks etdirməsini istəyirdik. İstəyirdik ki, heç bir kənar qüvvə iradəmizə təsir edə bilməsin. İqtisadi güc, iqtisadi müstəqillik bütün başqa sahələrdəki fəaliyyətin təməlidir. Ən mütərəqqi təcrübə Azərbaycanda tətbiq edilir.”

Azərbaycan xalqı 2003-cü ildə bir daha müdriklik göstərərək,  Ulu Öndərin şəxsiyyətinə  dərin hörmətini ifadə edərək Heydər Əliyev siyasətinə səs verdi: “Cənab İlham Əliyev Prezident seçildikdən sonra keçirilən andiçmə mərasimində bu vədini açıqladı ki, Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir.  Son 19 ilin hadisələri göstərir ki, belə də oldu. Ulu Öndərin bütün tapşırıqları,  tövsiyələri yerinə yetirildi. Yeganə həll olunmamış məsələ Qarabağ münaqişəsi idi. Ulu öndər Heydər Əliyev 1 oktyabr 2003-cü il tarixli müraciətində axıra çatdıra bilmədiyi taleyüklü məsələlərdən bəhs edərkən sözsüz ki, Qarabağ məsələsini nəzərdə tuturdu. Bunun üçün Azərbaycan gücləndi, ordumuz Qələbəyə hazırlandı, məsələnin həlli üçün möhkəm hüquqi baza formalaşdı. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın malik olduğu imkanların, birliyimizin, həmrəyliyimizin təqdimatı oldu. 8 Noyabr tarixi xalqımızın yaddaşında əbədi olacaq. Qarabağın tacı Şuşanın işğaldan azad edildiyi həmin gün dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Zəfər Günü kimi təsis olundu. 2020-ci il noyabrın 8-də dövlət başçısı, Müzəffər Ali Baş Komandan Zəfər müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirdi.  Torpaqlarımızın işğaldan azad edilməsi ilə ulu öndər Heydər Əliyevin  sonuncu vəsiyyəti də yerinə yetirildi.

Qarabağın və Şərqi Zəngəzurun  cənnətə çevrilməsi hər bir azərbaycanlını qürurlandırır. Böyük Qayıdış proqramı davamlı şəkildə icra edilir. Dövlət başçısı İlham Əliyevin çağırışlarla zəngin nitqi 30 ilin uğurlarının növbəti illər üçün  möhkəm baza olduğunu  təsdiqləyir.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

 

Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycan üçün olduqca çətin və mürəkkəb tarixisiyasi dövrə təsadüf edir

Bu gün Ümummilli Liderimiz Heydər Əliyevin qoyduğu tarixi ənənələr Yeni Azərbaycan Partiyası tərəfindən sədaqətlə həyata keçirilməkdədir. Bu gün Cəmiyyətdə böyük nüfuza malik olan Yeni Azərbaycan Partiyasının yaranmasının 30 ili ərəfəsindəyik. Keçən bu müddət ərzində “Dünənin, bugünün, gələcəyin partiyası” olan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanımızın dövlətçilik tarixində yeni bir yüksəliş mərhələsinin əsasını qoydu.

Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycan üçün olduqca çətin və mürəkkəb tarixi-siyasi dövrə təsadüf edir. Belə ki, 90-cı illərin əvvəllərində Azərbaycanın müstəqil və suveren bir ölkə kimi gələcəyi sual altında idi. Cəmiyyətdə ümidsizlik hökm sürürdü. Belə olan halda ölkənin inkişafından danışmaq mümkün deyildi. Belə bir şəraitdə yalnız qətiyyətli, təcrübəli siyasi lider uğurlu strateji kurs həyata keçirərək və milli həmrəyliyi təmin edərək Azərbaycanın xilasına nail ola bilərdi. Azərbaycan xalqı ümidini məhz müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasətçi Heydər Əliyevə bağlamışdı. Nəticə etibarilə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması, Ümummilli lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. Məhz Cəmiyyət və dövlət həyatının bütün sahələrində köklü dəyişikliklər ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri Heydər Əliyevin fədakar fəaliyyəti, istedad və bacarığı sayəsində mümkün olmuşdur.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyası bu gün də Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atmağa davam edir. Yeni Azərbaycan Partiyasının çoxşaxəli fəaliyyəti ölkədaxili ictimai-siyasi münasibətlərdə fəal iştirakla məhdudlaşmır, eyni zamanda, beynəlxalq məzmun, xarakter və əhəmiyyət daşıyır. Qonşu və uzaq ölkələrdə baş verən hadisələrə nəzər salaraq ölkəmizdə sabitliyin və əmin-amanlığın olduğunu görürük və bu da şübhəsiz ki, dövlətin apardığı savadlı və düzgün proqnozlaşdırılmış siyasətin nəticəsidir. Ölkəmizdə əhalinin yaşayış səviyyəsinin daimi olaraq artırılmasına xidmət edən sosialyönümlü iqtisadiyyat inkişaf etdirilməkdədir.

Yeni Azərbaycan Partiyası yaranmasının 30 illiyini 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Odrumuzun qazandığı Qələbənin ikinci ilinin sevincini yaşadığımız günlərdə qeyd edir. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etməklə tarixinin ən şərəfli səhifəsini yazdı. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun qüdrəti və Azərbaycan xalqının sarsılmaz birliyi qarşısında düşmən məğlub oldu. Vətən müharibəsində qazanılan və xalqımızın hər il iftixar hissi ilə bayram günü kimi qeyd etdiyi möhtəşəm Zəfər Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə həkk olunan ən böyük tarixi hadisədir. Bütün bu uğurların əldə olunmasında Yeni Azərbaycan Partiyasının rolu böyükdür. Çünki YAP qələbələr, uğurlar partiyasıdır. YAP keçdiyi tarixi yol nəticəsində güclü siyasi təşkilata çevrilib. Həqiqətən də, dünənin və bugünün partiyası olan YAP-ın gələcəyin də partiyası olacağını əminliklə deyə bilərik.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Məhz, 30 il əvvəl xalqının ictimaisiyasimədənimənəvi və intellektual intibahında əvəzsiz yeri olan Yeni Azərbaycan Partiyası bir siyasi təşkilat kimi təşəkkül tapmağa başlayıb

21 noyabr 1992-ci il Azərbaycan ictimai-siyasi fikir tarixinin ən əlamətdar, ən şərəfli səhifələrindən biridir. Məhz həmin gün, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil ölkəmizin inkişafında müstəsna xidmətləri olan Yeni Azərbaycan Partiyasının yarandığı gündür.

Məhz, 30 il əvvəl xalqının ictimai-siyasi, mədəni-mənəvi və intellektual intibahında əvəzsiz yeri olan Yeni Azərbaycan Partiyası bir siyasi təşkilat kimi təşəkkül tapmağa başlayıb. Əslində, Yeni Azərbaycan Partiyasının 30 illik tarixi, müstəqil Azərbaycanın yeni tarixini əks etdirir. Partiya yarandığı gündən ölkədə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edib, müstəqil Azərbaycanın yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəməyib.

Adını dünya tarixinə güclü, nüfuzlu və qalib ölkə kimi yazdırmış müasir, müstəqil Azərbaycan bugünkü inkişaf, intibah, yüksəliş və tərəqqi mərhələsinə asanlıqla çatmayıb. 1991-ci ildə bərpa edilmiş dövlət müstəqilliyinin ilk illərinin ictimai-siyasi mənzərəsinə nəzər saldıqda görürük ki, Azərbaycan xalqı və dövləti üçün taleyüklü məsələlərin həlli məhz lider amili, onun fenomenal fəaliyyəti, qətiyyətli və uğurlu siyasəti, xalq-lider birliyi sayəsində mümkün olmuşdur. Bu, heç şübhəsiz, öz tarixi köklərinə bağlı olan, istiqlal – müstəqillik idealını milli və siyasi dəyər kimi rəhbər tutan, bu yolda güclü əzm, iradə göstərən və sarsılmaz mübarizə nümunəsi yaradan bir xalqın üstünlüyü və xoşbəxtliyidir. Çünki zamandan, məkandan, dövrdən və şəraitdən asılı olmayaraq, taleyüklü anlarda siyasi məsuliyyəti öz üzərinə götürən lideri olmayan xalqların hansı acı ssenarilərin qurbanına çevrildiklərinin, necə böyük faciə və fəlakətlərlə üzləşdiklərinin şahidi olmuşuq. 1990-cı ilin əvvəlində eyni situasiya və problemlə qarşılaşan mübariz Azərbaycan xalqı, qeyd etdiyimiz kimi, lider fenomeni, xalq ilə liderin unikal və mükəmməl vəhdəti sayəsində tənəzzüldən qurtularaq tərəqqi yoluna çıxmağı, böyük Zəfərə doğru irəliləməyi və əsas strateji hədəflərinə çatmağı, nəhayət, tarixinin ən böyük Qələbəsinə müvəffəq olmağı bacarmışdır. Ümumiyyətlə, Azərbaycan xalqı istər XX əsrin sonlarında, istərsə də XXI əsrin əvvəllərində öz müdrik liderləri Heydər Əliyevin və İlham Əliyevin milli vətənpərvərlik ruhu, qətiyyəti və həm milli maraqlara, həm də ümumbəşəri dəyərlərə əsaslanan siyasəti sayəsində dövlətimizin yüksəlişinin, üçrəngli bayrağımızın ən yüksək zirvələrdə əzmlə və fəxarətlə dalğalanmasının qürurunu yaşamışdır.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

 

1992-ci il noyabrın 21-də Naxçıvanda YAP-ın təsis konfransının keçirilməsi, Ulu Öndər Heydər Əliyevin partiyanın Sədri seçilməsi xalqımızın gələcək taleyini, ölkəmizin perspektivini müəyyənləşdirən çox mühüm, əlamətdar hadisə oldu.

Siyasətçilərin, siyasi analitik – ekspertlərin, ziyalıların, ümumiyyətlə, cəmiyyətin müxtəlif təbəqələrindən olan insanların dilindən tez-tez belə bir ifadə eşidirik: “YAP ictimai tələb əsasında və siyasi zərurətdən yaranmış partiyadır”. Əlbəttə, bu, ictimai-siyasi və tarixi reallığı əks etdirən, tamamilə doğru və dəqiq yanaşmadır. İnkaredilməz həqiqətdir ki, müstəqilliyin ilk illərində, o cümlədən Yeni Azərbaycan Partiyasının yaradılması ərəfəsində Azərbaycanda mövcud hakimiyyətin milli maraqlara zidd, yarıtmaz, uğursuz siyasəti və xəyanətkar mövqeyi nəticəsində ölkəmizdə ictimai-siyasi böhran, iqtisadi tənəzzül hökm sürürdü, respublikamız regional və beynəlxalq səviyyədə, demək olar ki, geosiyasi təcrid vəziyyətində idi. Ölkə daxilində siyasi ziddiyyətlərin dərinləşməsi, vətəndaş qarşıdurmasına yol açan gərginliyin artması, Azərbaycana beynəlxalq təzyiqlərin güclənməsi, Ermənistanın ölkəmizə təcavüzünün genişlənməsi – torpaqlarımızın işğal edilməsi, digər neqativ hadisə və proseslər Azərbaycanın formal xarakter daşıyan müstəqilliyinin itirilməsi təhlükəsini aktuallaşdırmışdı. Belə bir şəraitdə yalnız qətiyyətli, təcrübəli siyasi lider uğurlu strateji kurs həyata keçirərək və milli həmrəyliyi təmin edərək Azərbaycanın xilasına nail ola bilərdi. İnam, etibar və etimad ünvanı isə bəlli idi. Azərbaycan xalqı ümidini məhz müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasətçi Heydər Əliyevə bağlamışdı. 1992-ci il oktyabrın 16-da bir qrup Azərbaycan ziyalısının ulu öndər Heydər Əliyevə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etməsi bunun bariz nümunəsi – əyani ifadəsi idi.

Ümummilli Lider Heydər Əliyev isə ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq vermişdi. “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”, – deyə Ulu Öndər diqqətə çatdırmışdı. Bu, Ümummilli Lider Heydər Əliyevin növbəti dəfə xalqın və dövlətin gələcəyi, dövlətçiliyimizin xilası naminə siyasi məsuliyyəti öz üzərinə götürməsi, yüksək vətənpərvərlik və milli təəssübkeşlik nümunəsi ortaya qoyması idi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda YAP-ın təsis konfransının keçirilməsi, Ulu Öndər Heydər Əliyevin partiyanın Sədri seçilməsi xalqımızın gələcək taleyini, ölkəmizin perspektivini müəyyənləşdirən çox mühüm, əlamətdar hadisə oldu.

Elyurə Məmmədova-Zərdab Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir

Yeni Azərbaycan Partiyasının tarixi müstəqil Azərbaycan dövlətinin inkişaf salnaməsidir. Çünki müasir, müstəqil Azərbaycanın tərəqqisi, möhtəşəm tarixi nailiyyətlər qazanaraq güclü – qüdrətli dövlətə çevrilməsi Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası ilə bilavasitə bağlıdır. Ulu Öndərin siyasi mirası olan YAP ötən 30 il ərzində nümunəvi, zəngin və şərəfli inkişaf yolu keçmiş, siyasi ləyaqət etalonu yaratmışdır. Ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi, iqtisadi, ictimai və demokratik inkişafı istiqamətində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, çox mühüm tarixi təşəbbüslərə və müvəffəqiyyətlərə imza atmışdır. Bu gün sıralarında 800 minə yaxın vətəndaşı, cəmiyyətin bütün təbəqələrindən olan fəal, intellektual və vətənpərvər insanları birləşdirən partiyamızın bütün seçkilərdə möhtəşəm qələbə qazanaraq, sözün əsl mənasında, qələbələr partiyasına çevrilməsi də bu reallığın təsdiqidir. Azərbaycan Prezidenti, partiyamızın Sədri İlham Əliyevin qeyd etdiyi kimi: “Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib”.

Öz sıralarında Azərbaycan cəmiyyətinin demək olar ki, bütün təbəqələrindən olan, sağlam düşüncəli və möhkəm əqidəli insanları birləşdirən Yeni Azərbaycan Partiyasının fəaliyyətinin səmərəliliyini təmin edən mühüm strateji amillərdən biri partiyanın mütəmadi olaraq struktur və təşkilati nöqteyi-nəzərdən yenilənməsi, islahatlar çərçivəsində təkmilləşməsidir. Xüsusilə də partiyanın qurultaylarında qəbul edilən qərarlar YAP-ın fəaliyyətində yeni keyfiyyət dəyişikliklərini təmin edən çox mühüm amildir. Xüsusi vurğulamaq gərəkdir ki, cənab İlham Əliyevin 1999-cü ildə Yeni Azərbaycan Partiyası Sədrinin müavini, 2001-ci ildə Sədrin birinci müavini, 2005-ci ildə isə Sədr seçilməsindən sonra partiyanın fəaliyyətində yeni mərhələ başlanmışdır. Yeri gəlmişkən, Ulu Öndər Heydər Əliyev 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına ünvanladığı tarixi müraciətdə “Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər”, – deyə bildirmişdi. Zaman Ümummilli Liderin inamının, xalqın böyük etimadının özünü tam doğrultmasına şahidlik etdi. Cənab İlham Əliyev xalqın iradəsi əsasında Prezident seçildikdən sonra ölkəmiz və partiyamız yeni tarixi nailiyyətlərə imza atdı və bu proses hazırda uğurla – yüksələn xətt üzrə davam edir. Bunlarla yanaşı, Mehriban xanım Əliyevanın partiyanın 2013-cü ildə keçirilmiş V qurultayında YAP Sədrinin müavini, 2021-ci il mart ayının 5-də baş tutmuş VII qurultayında isə YAP Sədrinin birinci müavini təyin olunması partiyamız və bütövlükdə cəmiyyət üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, YAP-ın və dövlətimizin daha da güclənməsinə xidmət edən mötəbər hadisədir. Ümumiyyətlə, Mehriban xanım Əliyevanın milli inkişafa xidmət edən çoxşaxəli fəaliyyətinin mühüm tərəflərindən birini Yeni Azərbaycan Partiyasının Sədrinin müavini statusunda gördüyü işlər təşkil edir. Bu isə dövlətçilik maraqlarının qorunması və milli həmrəyliyin gücləndirilməsi baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Reallıqlar isə onu deməyə əsas verir ki, Mehriban xanım Əliyevanın YAP Sədrinin birinci müavini kimi fəaliyyəti bundan sonra da qurucusu Ümummilli Liderimiz Heydər Əliyev olan YAP-ın yeni nailiyyətlər əldə edərək öz nüfuzunu daha da artırması, Azərbaycanın sürətli və hərtərəfli inkişafına davamlı töhfə verməsi baxımından olduqca əlamətdar olacaq.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

30 ildə Yeni Azərbaycan Partiyasının uğurları, qələbələri hər kəsin gözü önündə olub.

Bu gün böyük ruh yüksəkliyi ilə qeyd etdiyimiz Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu il dönümü haqqında danışarkən ilk növbədə dünyaşöhrətli siyasi xadim, müdrik rəhbər Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi siyasi xətt əsasında Azərbaycanın inkişafı, tərəqqisi göz önündən kino lenti kimi keçir, ulu öndərin xalq və dövlət qarşısındakı misilsiz xidmətləri hörmətlə, ehtiramla anılır. Zamanın sınaqlarından uğurla çıxan Yeni Azərbaycan Partiyası ölkəmizdə ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan ən güclü, ən monolit siyasi təşkilat olduğunu, ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək ikinci partiyanın mövcud olmadığını fəaliyyəti ilə təsdiq edib.Yeni siyasi fəlsəfə ilə, yeni baxışlarla ölkənin siyasi meydanına qədəm qoyan partiya qısa bir zamanda böyük və nüfuzlu siyasi təşkilat olduğunu sübut edib.

Azərbaycan Respublikasının Prezidenti, partiyanın Sədri cənab İlham Əliyevin dedyi kimi, Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsinə çevrilib. Öz şərəfli tarixi missiyasını ləyaqətlə yerinə yetirən Yeni Azərbaycan Partiyası bütün situasiya və məqamlarda ardıcıl, məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində dayanıb, xalqımızın arzularının təcəssümü, yekdil iradəsinin ifadəçisi kimi çıxış edib. Bu gün də Yeni Azərbaycan Partiyası ölkə Prezident cənab İlham Əliyevin uğurla həyata keçirdiyi islahatların gerçəkliyə çevrilməsində, ölkəmizin qüdrətinin artırılmasında yaxından iştirak edir, ölkəmizin siyasi palitrasına yeni baxışlar gətirir.

30 ildə Yeni Azərbaycan Partiyasının uğurları, qələbələri hər kəsin gözü önündə olub. Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət, eyni zamanda Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi xətt xalqın partiyaya sevgisini günbəgün artırıb və bu proses hələdə dinamik şəkildə davam etməkdədir.

Azərbaycan milli tərəqqinin yeni mərhələsinə qədəm qoyub. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində möhtəşəm qələbənin qazanılmasından, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasından sonra Azərbaycanın qarşısında yeni çağırışlar meydana çıxıb.

Müzəffər Ali Baş Komandan kimi tarixi Zəfərə imza atan, ata nəsihətini layiqincə yerinə yetirən Prezident İlham Əliyev hələ 2003-cü ilin oktyabrın 31-də keçirilmiş andiçmə mərasimində keçmiş Dağlıq Qarabağ münaqişəsi haqqında belə demişdi: “Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaq. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmaması  və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq,bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa – olsun azad edəcək”.

Dövlət başçısı torpaqlarımızın işğaldan azad edilməsi kimi ağrılı və çətin missiyanı üzərinə götürərək Qarabağ yarasını əbədi olaraq sağaltdı.

“Dəmir yumruq” əməliyyatını uğurla icra edən Azərbaycan Ordusu cəmi 44 günə düşməni diz çökdürdü. Azərbaycan oğulları şərəfləri ilə ən böyük tarix yazdılar, qanları, canları bahasına, heç nədən qorxmadan, çəkinmədən, ölümün gözünə dik baxıb, müqəddəs şəhidlik zirvəsinə yüksələrək xalqın 30 illik torpaq həsrətinə son qoydular.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

 

İşğal altında olan torpaqlarımızı dəmir yumruqla azad edən Ali Baş Komandan indi dəmir iradə ilə qədim yurdumuzu – Qarabağı yenidən qurur

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın işğaldan azad olunduğu gün – noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciətində verdiyi xoş xəbər, söylədiyi “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”- sözləri Zəfər Günü kimi Azərbaycan tarixinə əbədi yazıldı:  “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada, Cıdır düzündə xalqa müraciət edərkən demişdi: “Şuşada olarkən insan Azərbaycan xalqının böyüklüyünü bir daha dərk edir. Mən dəfələrlə deyirdim ki, heç vaxt Azərbaycan xalqı bu düşmənin işğalçılıq siyasəti ilə barışmayacaq. Bütün bu illər ərzində siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi”

İşğal altında olan torpaqlarımızı dəmir yumruqla azad edən Ali Baş Komandan indi dəmir iradə ilə qədim yurdumuzu – Qarabağ və Şərqi Zəngəzuru yenidən qurur, Azərbaycanın qətiyyətli mövqeyini, milli maraqlarını müdafiə edən prinsipiallıq nümayiş etdirir. Bütün şəhər və qəsəbələrin, rayonların, kəndlərin baş planını təsdiq edir və aparılan tikinti-quruculuq işləri ilə şəxsən maraqlanır. İşğaldan azad edilən ərazilərimizə Qalib Sərkərdə kimi səfər edərək düşmənə gözdağı verir.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

 

Sistemli fəaliyyət Yeni Azərbaycan Partiyasının ictimai-siyasi dayaqlarını gücləndirir

Qeyd edək ki, Qafqazın ən böyük qeyri-hökumət təşkilatı olan  Heydər Əliyev Fondu Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə 30 ilə yaxın düşmən tapdağında qalan, dağıdılan, məhv edilən, abidələrimizin, məscidlərimizin yenidən həyata qaytarılması prosesinə başlayıb. Həssas qruplardan olan insanlara, o cümlədən də şəhid ailələrinə, müharibə əlillərinə, qaçqın və məcburi köçkünlərə sosial vəziyyətlərinin yaxşılaşdırılmasına diqqət və qayğı göstərilməsi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətinin mühüm bir istiqamətini təşkil edir. Mehriban xanım Əliyevanın YAP Sədrinin birini müavini kimi fəaliyyəti də YAP-ın yeni nailiyyətlər əldə edərək öz nüfuzunu daha da artırması, Azərbaycanın sürətli və hərtərəfli inkişafına davamlı töhfə verməsi baxımından olduqca əlamətdardır.

Fondun fəaliyyətinin ən şanlı səhifəsi Qarabağ və  Şərqi Zəngəzurun bərpa-quruculuq prosesində ön sırada olmasıdır. Parlaq Vətən müharibəsindən sonra soydaşlarımızın əzəli yurdlarına ilk qovuşma xoşbəxtliyini yaşayanlar isə Zəngilanın Ağalı kəndinin sakinləri oldular.

Bu gün yeni reallıqlar və çağırışlar fonunda Azərbaycanın qarşısında siyasi sabitliyin və milli həmrəyliyin qorunması, dayanıqlı inkişafın təmin olunması, tarixi Qələbənin diplomatik müstəvidə möhkəmləndirilməsi və digər mühüm vəzifələr durur. Bu kontekstdə Yeni Azərbaycan Partiyasının da üzərinə xüsusi məsuliyyət düşür. Yeni Azərbaycan Partiyasının 2021-ci ilin martın 5-də keçirilən VII qurultayında partiyamızın Sədri, dövlət başçısı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə yerinə yetirilməsi Azərbaycanın yeni dönəmdə davamlı uğurlar əldə etməsinə geniş imkanlar yaradır. Onu da xüsusi olaraq vurğulamaq istəyirəm ki, sistemli fəaliyyət Yeni Azərbaycan Partiyasının ictimai-siyasi dayaqlarını gücləndirir, onun beynəlxalq aləmdə nüfuzunu artırır və xalq-iqtidar birliyinin daha da möhkəmlənməsini şərtləndirir. Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi ilə əlaqədar nəzərdə tutulan bütün tədbirlər YAP-ın 30 il ərzində keçdiyi zəngin və şərəfli inkişaf yoluna bir daha nəzər salınması baxımından mühüm əhəmiyyətə malikdir. Bu, xüsusilə də Ümummilli lider Heydər Əliyevin əbədiyaşar ideyalarının, Prezident İlham Əliyevin Azərbaycanı tərəqqi və Zəfər zirvəsinə yüksəldən siyasətinin təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli şüurun gücləndirilməsi və digər istiqamətlərdə böyük önəm daşıyır.

Cənab Ali Baş Komandanın dəfələrlə yüksək tribunalardan səsləndirildiyi kimi, yeni Azərbaycan gerçəkliyini yaratmış, 30 illik yubileyini qeyd etdiyimiz Yeni Azərbaycan Partiyası qarşıdakı dövrdə də öz üzərinə düşən vəzifələri layiqincə, əzmlə, inamla və şərəflə yerinə yetirməklə milli tərəqqiyə mühüm töhfələr verəcək, Azərbaycanın inkişafının və yeni qələbələrinin siyasi avanqardı kimi çıxış edəcək. Dünən Azərbaycan naminə tarixi məsuliyyəti öz üzərinə götürən Ümummilli Liderin ətrafında yaranmış, bu gün qalib xalqın Lideri, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən YAP sabah da ümumxalq partiyası kimi fəaliyyətini uğurla davam etdirəcək, Azərbaycana möhtəşəm nailiyyətlər qazandıracaq. Ona görə ki, Ümummilli Liderimizin dediyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!

İnanırıq ki, Yeni Azərbaycan Partiyasının keçdiyi 30 illik şərəfli tarixi yol əbədi olacaq və partiya ölkəmizin qüdrətinin artırılmasında öz dəsti-xətti, imzası ilə yeni töhfələrini xalqımıza ərməğan edəcək.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

 

 

Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin  ağır günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir vaxtda Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır

Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük və uğurlu yol keçmişdir.

Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin  ağır günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir vaxtda Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır:  “Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Yeni Azərbaycan Partiyasının təsis konfransı 21 noyabr 1992-ci il tarixində Naxçıvanda ölkəmizin bütün regionlarını təmsil edən və 550 nəfərdən ibarət olan təşəbbüs qrupunun iştirakı ilə keçirilmişdir. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi.Ulu Öndər cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda sürətlə inkişaf etdirdi, özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” səviyyəsinə yüksəltdi”.

Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri  Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş oldu.

Dövlətimizin başçısının dediyi kimi, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır və bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq.  2021-ci il martın 21-də keçirilmiş YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfərlik İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. YAP öz təşəbbüsləri sayəsində partiyalararası siyasi dialoqu stimullaşdırmaqdadır. Siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi YAP-ın təşəbbüsləri ilə zənginləşir. VII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Prezident seçkilərindən sonra ərazi bütövlüyümüzün bərpası birinci dərəcəli vəzifə kimi qarşıya məqsəd qoyuldu və bu vəzifə uğurla icra olundu. Prezident seçkilərindən sonra ölkə başçısının bəyan etdiyi proqram ardıcıllıqla icra edilir. Verdiyi vədlərə sadiq qalan Azərbaycan iqtidarı bütün islahatları ardıcıllıqla, uğurla davam  etdirir.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini