Xruşşovun gizli məruzəsini MKİ necə ələ keçirdi?

0
738

 

Ötən əsrin 50-ci illərində dünyanın ən qüdrətli dövlətlərindən biri olan SSRİ-də baş verən hadisələr, o cümlədən Stalinin ölümündən sonra hakimiyyəti ələ alan Nikita Xruşşovun hər addımı başda ABŞ olmaqla Qərb dövlətlərinin xüsusi maraq dairəsində idi. Bu da təsadüfi deyildi. Xruşşov hakimiyyəti ələ alandan sonra Stalini ölkədə baş verən bütün qanunsuzlulqarın, kütləfi həbslərin və güllələnmələrin günahkarı elan edərək onun izini SSRİ tarixindən silmək istəyirdi. Bu çərçivədə də 1956-cı ildə keçirilən XX qurultayda “Şəxsiyyətə pərəstiş və onun nəticələri haqqında” Xruşşovun gizli məruzəsi Qərbin siyasi dairələrinin, o cümlədən xüsusi xidmət orqanlarının diqqətini özünə cəlb etmişdi. İş orasındadır ki, Xruşşovun gizli saxlanılan məruzəsində Stalin ən ağır şəkildə tənqid edilir və SSRİ-nin başına gətirilən bütün faciələrin əsasında onun dayandığı vurğulanırdı. Əslində Xruşşov Stalini hədəf almaqla hakimiyyətdəki uğursuzluğu ilə bağlı diqqəti özündən yayındırmağa və sistemdə əmələ gəlməkdə olan çatların günahını şəxsiyyətə pərəstişin ağır nəticələri ilə izah etməyə cəhd edirdi. Lakin Xruşşovun Stalini şəxsiyyətə pərəstiş adı altında sərt şəkildə tənqid etməsi, onu az qala Hitler kimi qəddar qələmə verməsi beynəlxalq aləmdə sosializm tərəfdarlarının SSRİ-yə olan ümidlərinin azalmasına yol açaraq dövlətin imicinə vurulan ən böyük zərbələrdən biri oldu. Üstündən illər ötəndən sonra xüsusi xidmət orqanlarının fəaliyyətini araşdıran Tim Veyner “Mərkəzi Kəşfiyyat İdarəsi. Həqiqi tarix” adlı kitabında yazırdı: “Xruşşovun Stalin haqqındakı məruzəsi Qərbin xüsusi dairələrinə SSRİ-ni ideoloji baxımdan beynəlxalq aləmdə ifşa etməyə çoxlu sayda faktlar verdi”.

“Qırmızı kepkalılar” casusluq şəbəkəsi

Soyuq müharibə dövrünün ilk illərində ABŞ və Qərbdəki müttəfiqləri SSRİ-də geniş casusluq şəbəkəsi yaratmaq üçün müxtəlif cəhdlərə baş vurmağa başladılar. Bir neçə uğursuz cəhddən sonra ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) casusluq şəbəkəsini sadə adamlar arasında qurmağın daha doğru ola biləcəyi qənaətinə gəldi. Bu məqsədlə də 1952-ci ildə MKİ SSRİ-də özünün gizli casus şəbəkəsini yaratmaq üçün dəmiryollarında yük daşıyan “qırmızı kepkalılar”dan istifadə etmək üçün hərəkətə keçdi. SSRİ-yə qarşı casusluq fəaliyyətini nəzərdə tutan plan da “Qırmızı kepkalılar” adlandırılmışdı. Məhz yük daşıyanlardan istifadə etməklə MKİ tədricən SSRİ-də öz casus şəbəkəsini yaratmağa və onu genişləndirməyə başladı. Plana əsasən tədricən SSRİ-nin ali dairələrində bu yolla MKİ casusları yerləşdirilməli və onların həyatına təhlükə əmələ gələndə Qərbə qaça bilmələrinə yardım edilməli idi. ABŞ-ın SSRİ-dəki casus şəbəkəsinə rəhbərlik isə Harvard universitetinin məzunu Dana Dürana tapşırılmışdı. 1956-cı ildə MKİ SSRİ-də idarə olunan raketlər üzrə mütəxəssis də daxil olmaqla aralarında müxtəlif peşə sahibləri olan 20 nəfərdən ibarət casus şəbəkəsini formalaşdıra bilmişdi. Lakin onların Kremlin divarları arxasında nələrin baş verdiyini öyrənmələri üçün əlləri çatmırdı.

ABŞ taktikanı dəyişir və gizli məruzə ələ keçirilir

1955-ci ildə prezident Eyzenhauer SSRİ-yə qarşı ideoloji mübarizənin gücləndirilməsini nəzərdə tutan taktikadan istifadə edilməsi barədə müvafiq qurumlara göstəriş verdi. Bundan da məqsəd SSRİ-də olan nöqsanları beynəlxalq aləmdə qabardaraq sosializmi gözdən salmaq idi. Bu baxımdan Xruşşovun 1956-cı ilin fevralında şəxsiyyətə pərəstişlə bağlı məruzəsi ABŞ və onun Qərbdəki müttəfiqləri üçün göydəndüşmə oldu. Bununla əlaqədar MKİ-nin o dövrdəki şefi Allen Dalles casuslarına Xruşşovun məruzəsinin bir nüsxəsini ələ keçirmək barədə göstəriş vermişdi. İlk vaxtlar bunu etmək olduqca çətin idi. Ona görə də MKİ İsrail kəşfiyyatına yardım üçün müraciət etməyə məcbur oldu. İsrail kəşfiyyatı dərhal SSRİ-nin ali dairələrində işləyənlərin birini ələ ala bildi. Xruşşovun XX qurultayındakı çıxışından cəmisı 2 ay sonra 1956-cı ilin aprel ayında İsrail kəşfiyyatı SSRİ KQB-sinin güclü nəzarəti altında olan arxivindən baş katibin Stalinlə bağlı məruzəsinin kopyasını əldə edə və onu casus Ceyms Enqltonun vasitəsi ilə MKİ-yə ötürə bildi. İsrail kəşfiyyatının bu məruzəni ələ alınan Siyasi Büronun üzvlərindən birinin vasitəsi ilə əldə etdiyi, həmin şəxsin isə Xruşşovun ən yaxın adamı hesab edilən A. Mikoyanın olduğu ehtimal edilir. Belə bir ehtimalın ortaya çıxmasına səbəb isə Mikoyanın 1918-1920-ci illərdə ingilis kəşfiyyatı ilə sıx əlaqədə olması və onun çirkin keçmişi barədə Stalinin vaxtı ilə bəzi eyhamlar vurması barədə yayılan çoxsaylı şayiələr olub.

Əvvəlcə ABŞ-ın ali dairələrində MKİ-də İsrailin onlara təqdim etdiyi Xruşşovun gizli məruzəsinin doğru ola biləcəyinə inanmadılar. Ona görə də məruzənin doğru olub-olmamasını yoxlamaq üçün bu işə az qala bütün MKİ əməkdaşlarını cəlb etdilər. Yalnız may ayında ABŞ-ın məşhur sovetoloqu Corc Kennan Xruşşovun ələ keçirilmiş məruzəsi ilə tanış olduqdan və onu dəfələrlə oxuduqdan sonra doğru olduğu qənaətinə gəldi və buna ölkə rəhbərliyini və MKİ şefini inandıra bildi.

Məruzənin doğru olması qənaətinə gələndən sonra MKİ Xruşşovun Stalinin şəxsiyətə pərəstişi pisləyən məruzəsinin mətbuata ötürülməsi və kütləvi informasiya vasitələrində dərc edilməsi barədə qərar qəbul etdi. Amma bundan əvvəl MKİ şefi 2-3 gün ərzində məruzəni yenidən oxumalı, casus məlumatlarını bir-birləri ilə müqayisə etməli oldu. Amma sonda o, əldə edilən məruzənin əsli ilə doğru olduğuna bir daha əmin olmuş oldu. 1956-cı ilin iyun ayında Stalinin şəxsiyyətə pərəstişi haqqında Xruşşovun XX qurultaydakı çıxşının mətni “Nyu-York Tayms “qəzetində dərc edildi və bu SSRİ-yə qarşı atılmış atom bombası təsiri bağışladı. ABŞ-ın əsas təbliğat maşını olan “Azad Avropa” dünyanın müxtəlif dillərində məruzənin mətnini səsləndirərək sosizlim sistemini ifşa edir və onun məhvə məhkum oduğunu yüz milyonlarla əhali arasında təbliğ edirdi. Bu isə Polşada və digər sosialist ölkələrində də güclü əks-səda verdi. Məruzənin mətninin qəzetdən dərc olunmasından və “Azad Avropa” ilə efirə ötürülməsindən az sonra Polşada fəhlələr sosializm əleyhinə ayağa qalxdılar. Amma SSRİ ordunun köməyi ilə aksiyanı dağıda bildi. Bu zaman 53 nəfər Poşa vətəndaşı öldürüldü, yüzlərlə aksiya iştirakçısı uzunümddətli həbs cəzasına məhkum edildi. 1956-cı ilin oktyabr ayının 23-də Macarıstanda rejim əleyhinə üsyan qalxdı. Lakin bu dəfə də SSRİ ordunun köməyi ilə üsyanı qan içində boğdu. Nəticədə 2652 nəfər üsyançı, 348 nəfər də dinc sakin öldürüldü, 19226 nəfər isə yaralandı. SSRİ 669 nəfər əsgər və zabit itirdi, 51 nəfər itkin düşdü, 1251 nəfər isə yaralandı. Üsyanın rəhbərləri isə edam edildilər.

Xruşşovun adı çəkilən məruzəsi SSRİ ilə Çin və digər sosializm bloku ölkələri rəhbərləri arasında da ciddi narazılıqlara səbəb oldu. Bu da öz növbəsində SSRİ-yə qarşı əksər sosializm bloku ölkələrinin ali dairələrində gizli düşmənçiliyin əsasını qoydu. Bir sözlə Xruşşovun Stalinin şəxsiyyətinə pərəstişi pisləyən məruzəsi SSRİ-nin əleyhinə çevrilərək həm ölkə daxilində, həm də sosializm bloku ölkələrində aşağıdan tutumuş yuxarıya qədər rejimə qarşı yeni, gizli mübarizənin əsaslarını qoydu.

Əziz Mustafa

BIR CAVAB BURAXIN