Bu mövsümdən İngiltərənin “Mançester Siti” komandasını çalışdırmağa başlayan tanınmış ispaniyalı futbol mütəxəssisi Xosep Qvardiola premyer liqanın qarşıdan gələn oyunları ilə bağlı mətbuata açıqlama verib. O, komandasının əsas heyəti ilə bağlı məsələnin 80-90 faizini həll etdiyini söyləyib. Qvardiola: “Hazırlıq dövründə komandamın mövsümə ən yüksək səviyyədə hazırlaşması üçün əlimdən gələni etmişəm. Bununla belə yeni taktiki gedişləri sınaqdan çıxarmağım üçün vaxta ehtiyacım var. Əsas heyətdə kimləri meydana buraxacağımı da təxmini bilirəm. Mən ancaq uğur qazanmağa köklənən mübariz komanda arzulayıram. Hər halda çempionatın gedişində vəziyyətdən asılı olaraq bəzi taktiki dəyişiklikləri həyata keçirəcəyimi də istisna etmirəm. Hər hansı yeni oyunçu transferinə gəlincə, hələ bu ayın sonuna kimi vaxtımız var. Əgər lazım gəlsə bu imkandan da istifadə edəcəyimizi düşünürəm”,- deyib.