“Xocalı soyqırımını törədənlər cəzalarını almalıdırlar”

0
597

Ermənilərin törətdiyi insanlıq cinayətini bütün dünyanın tanıması üçün çalışırıq. 10-dan çox ölkənin parlamentində Xocalı faciəsi ilə bağlı qərarlar qəbul edilib. Əlbəttə, bir qətliamın tanınması bir az zaman tələb edir, amma düşünürük ki, Xocalı soyqırımını törədənlər cəzalarını almalıdırlar. İnsanlıq əleyhinə olan bu cinayətə qiymət verilməli və qatillər cəzalarını çəkməlidirlər.

Bu sözləri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar Türkiyənin “Anadolu” agentliyinə açıqlamasında deyib. O bildirib ki, ermənilər yaşlıya, uşağa, kişiyə, qadına rəhm etmədən hamını qətlə yetiriblər:

“Azərbaycanlıların o torpaqlardan getməsini, arzuladıqları “Böyük Ermənistan” dövlətinin qurulmasını istədilər. Torpaq iddiası üzərində bir xalqın üzvlərini qətlə yetirdilər”.

Ə.Həsənov Hollandiya parlamentinin üst palatasının 1915-ci il qondarma erməni soyqırımı ilə bağlı irəli sürülən qətnaməni qəbul etməsindən də danışıb:

“Erməni soyqırımı olmayıb. Bu, uydurulmuş bir tələb idi və ermənilər bu tələbi 100 ildir davam etdirirlər. Türk xalqından təzminat tələb etmək üçün türk xalqını etmədiyi bir şeydə günahlandırırlar. Təəssüf ki, dünyanın müxtəlif dövlətləri bu məsələni araşdırmadan belə qərarlar verirlər. Bu qərarları qəti şəkildə qəbul etmirik. Olmayan bir şeyə görə Türkiyənin ittiham edilməsi keçirilən səsvermənin ədalətsizliyini göstərir. Türklərin 100 il əvvəl ermənilərə qarşı soyqırım törətdiyini iddia edənlər arxivlərə baxsınlar. Tarixçilər də araşdırma aparsınlar. Onlar nə qərar verərsə, biz də qəbul edəcəyik. Bu hadisəni araşdırmaq istəmirlər, çünki belə bir şey baş verməyib”.

Əli Həsənov Afrində aparılan “Zeytun budağı” əməliyyatına da münasibət bildirib:

“Prezident Rəcəb Tayyib Ərdoğan da hər fürsətdə deyir ki, Türkiyə Afrinə daxil olarkən və ya başqa əməliyyatlara başlayarkən kimsənin bir qarış torpağına göz dikməyib. Türk xalqına qarşı olan təzyiqlər, Türkiyənin ərazi bütövlüyünə qarşı təhdidlərə və xalqın birliyini pozmaq istəyən terrorçulara qarşı amansız olduq və buna davam edəcəyik. Gücümüz çatdığı qədər Türkiyənin yanında olacağıq. Biz Azərbaycan olaraq da bəyan etmişik ki, Türkiyə təhlükəsizliyi üçün Afrində əməliyyatlar keçirməkdə haqlıdır. Bu, Suriya torpaqlarını ələ keçirmək, Afrini işğal etmək məqsədilə deyil, orada Türkiyənin ərazi bütövlüyünü, təhlükəsizliyini təhdid edənlərə qarşı aparılan hərbi əməliyyatdır. Bu təhdidlər sona çatdıqdan sonra türk ordusu yenə də öz sərhədləri daxilində fəaliyyətinə davam edəcək. Bu məqsədlə Türkiyəni ittiham etmək ədalətsizlikdir”.

O, Azərbaycan və Türkiyə arasındakı dostluğun əbədi olduğunu vurğulayıb:

“Dostluğumuzun təməlini Ulu Öndərlərimiz atıb. Böyük Atatürk “Azərbaycanın sevinci Türkiyənin sevinci, kədəri isə Türkiyənin kədəridir” deyib. Azərbaycanın Ümumilli lideri Heydər Əliyev də Azərbaycanla Türkiyənin bir millət, iki dövlət olduğunu söyləyib. Bizim taleyimiz də, sevincimiz də, kədərimiz də eynidir. Bu iki dövlət birlikdə olanda daha da qüvvətlənir. Biz dostluğumuzu qorumaq üçün əlimizdən gələni edəcəyik. Kim bu iki xalqın arasına girməyə çalışsa, əziləcək”. Axar.az

BIR CAVAB BURAXIN