Xemnits hadisələri demokratiya üçün təhlükədir

0
492

Alman siyasətçilər ölkənin şərqində, Saksoniya əyalətinin Xemnits şəhərində solçu və sağçı radikalların iştirakı ilə baş verən toqquşmalar fonunda demokratik dəyərləri müdafiə etməyə çağıraraq zorakılığı pisləyiblər.

Arazinfo.com AzərTac-a istinadən xəbər verir ki, bu şəhərdə sağçı ekstremistlər və neonasistlər əcnəbi vətəndaşlara qarşı məqsədyönlü şəkildə təhrikçilik kampaniyası keçirir.

Alman hökumətinin başçısı vurğulayıb: “Bizdə olan videoyazılar onu göstərir ki, burada təhrikçi qüvvələr fəaliyyət göstərib. insanlar məxsusi olaraq qanunazidd hərəkətlər törətmək üçün ictimai yerlərdə toplaşıb, nifrət hissi yayan çağırışlar səslənib”. Merkel daha sonra deyib: “Bir daha təsdiq edə bilərəm ki, bütün bunların bizim hüquqi dövlətlə heç bir əlaqəsi yoxdur”.

AFR Prezidenti Frank-Valter Ştaynmayer Xemnitsdə qətlə yetirilmiş kişinin yaxınlarına başsağlığı verib. O qeyd edib ki, bu kədərli hadisədən sonra təqsirkarları özbaşına cəzalandırmaq məqsədilə küçələrə çıxan sakinlər əcnəbilərə qarşı zorakılıq və nifrət təbliğ edirlər.

Dövlət başçısı bildirib ki, zorakılıq, kimin tərəfindən törədilməsindən asılı olmayaraq, yolverilməzdir. O qeyd edib ki, vətəndaşlar öz hüquq-mühafizə orqanlarına inanmalı, bilməlidirlər ki, “polis və ədliyyə orqanları qətiyyətli hərəkət edəcək, qanunun pozulmasına imkan verməyəcəklər”.

AFR xarici işlər naziri Hayko Mas Xemnits hadisələrini şərh edərək deyib: “Sağçı ekstremizm əcnəbi şəxslər üçün təhlükə olmaqla bərabər, həm də bizim cəmiyyətin sıx birləşməsinə təhdid mənbəyidir”. Mas vurğulayıb: “Biz təkcə Xemnitsdə deyil, Yer kürəsinin istənilən nöqtəsində insan ləyaqətini, demokratiyanı və azadlığı qorumaq üçün əlimizdən gələni etməliyik”.

Hayko Mas Berlində irlandiyalı həmkarı Saymon Kouveni ilə söhbət zamanı kədərlə bildirib ki, qarşılıqlı hörmət və tolerantlıq əsasında diskurs yaratmağa hazır olmayan ayrı-ayrı şəxslər “işləri korlaya bilərlər”.

Nazir Martin Lüter Kinqin ABŞ-da vətəndaş hüquqları barəsində məşhur nitqindən sitat gətirərək qeyd edib ki, radikal əhval-ruhiyyəli elementlər tərəfindən təhrikçiliyə son qoyulması, hüquq bərabərliyi barəsində arzuların reallığa çevrilməsi üçün biz hələ çox iş görməliyik.

Almaniya DİN başçısı, Almaniyanın şərqində baş verən hadisələrlə əlaqədar uzun müddət susduğuna görə ittiham edilən Horst Zeyehofer avqustun 28-də günün ikinci yarısında nəhayət, vəziyyəti şərh edib və Xemnitsdə hüquq mühafizəçilərinə yardım göstəriləcəyini vəd edib.

Zeyehofer vurğulayıb: “Federal hakimiyyət orqanları buna ehtiyac yarandığını nəzərə alaraq polis qüvvələrini cəlb etməklə kömək göstərməyə hazırdırlar”.

Siyasətçi qeyd edib ki, 35 yaşlı alman vətəndaşı Daniel qətlə yetiriləndən sonra şəhər sakinlərinin narahatlığını başa düşür. Nazir deyib: “Bununla bərabər, açıq bəyan etmək istəyirəm ki, zorakılığa çağırışlara və aqressiv çıxışlara heç bir halda haqq qazandırmaq olmaz”.

Saksoniya polisi dəqiqləşdirib ki, bazar ertəsi solçu “nasistlərsiz Xemnits” ittifaqının tərəfdarlarının iştirakı ilə protest aksiyalarının gedişində 20 nəfər, o cümlədən 18 nümayişçi və 2 polis işçisi xəsarət alıb.

Asayiş əməkdaşlarının verdiyi məlumata görə, toqquşma baş verən yerə polisin və xüsusi bölmələrin 591 əməkdaşı cəlb edilib. Bu halda sağçı radikalların sayı 6 min nəfərə çatıb, solçuların aksiyasına isə təxminən 1500 nəfər qatılıb.

 

BIR CAVAB BURAXIN