Vurğunun arvadı o öləndən sonra da… – Xatirə

0
616

11

Tanınmış türkoloq alim, filologiya elmləri doktoru, professor Minəxanım Nuriyeva-Təkləli eşitdiyi, gördüyü və oxuduğu maraqlı əhvalatları kiçik hekayətlər şəklində yazır.

Axar.az professor Minəxanım Nuriyeva-Təkləlinin müxtəlif sənətkarlarla bağlı qələmə aldığı xatirə yazısını təqdim edir:

Həsbiən allah… həsbiən allah…

Məşhur rejissor Əjdər İbrahimov Qorki adına kinostudiyada ruslarla birlikdə Nazim Hikmətin ssenarisi əsasında “Bir məhəlləli iki oğlan”(1957) filmini çəkirmiş. Film ərəb ölkəsində baş verən hadisələrə həsr olunduğundan çəkilişlər də orada aparılır. Çəkilişə ərəblər – yerli sənət ustaları da cəlb olunmuşdu. Bir gün ərəb həmkarları ondan “sənin adın və soyadın başqa, bunlarınkı başqa. Sən doğrudanmı müsəlmansan”, – deyə soruşur. Təsdiq cavabını alsalar da, şübhədən çıxa bilmirlər: “Onda bir şey de inanaq”. Əjdər müəllim də həqiqətən bir şey bilmir, lakin birdən müəllimləri Məmməd Əlilinin iş prosesində hər yanlışlıqda əsəbini boğub tez-tez “həsbiən allah… həsbiən allah…” – deyib dua oxuması yadına düşür. Tez həmin duanı olduğu kimi əzbər deməsinə hamı gülüb, şəkk-şübhəyə yer qalmayıb.

Lenin ölən gün doğulmaq

1924-cü il doğumlu böyük bəstəkar Şəfiqə Axundova anasından eşitdiyi üzrə öz doğulduğu yanvar gününü xatırlayaraq belə deyirdi: “Mən dünyaya gəldikdə anam gözlərini açır, bir az özünə gələn kimi boş otağın künc-bucağına baxaraq, “bəs, bir az əvvəl burada nə qədər qohum-qəbiləm vardı, hanı onlar”, – deyə təşvişlə soruşur. Təkbaşına qalan mamaça “ah, Lenin ölüb, hamı ağlaşa-ağlaşa mitinqə – şəhər meydanına toplantıya qaçdı”, – cavabını verir. Anam da dönüb yan tərəfində qoyulan çağaya – mənə baxıb “can balam, nə yaman gündə doğuldun?!” – deyir.

Dürrə xanım

Zeynəb xanımın şair Səməd Vurğunun sözlərinə bəstələdiyi “Tərlanım” şərqisi oxunar-oxunmaz daha eşitdim-gördüm deyən olmadı. Amma mahnının hərarətli sözləri ilə bərabər, layiqli musiqisi də vardı. Bir də tezliklə o da məlum oldu ki, Vurğunun uşaqları müğənnidən xahiş edib ki, oxuma, anam eşidən kimi təbdən çıxır, ölüb-dirilir. Hər kəs əvvəlcədən bilirdi ki, Vurğunun ilk gənclik şeirlərindən biri ola “Tərlanım” şeiri onun ilk və bəlkə də son sevgisi Dürrə xanıma həsr edilmişdi.

Tərlanım, tərlanım, artıbdı qəmim,

Dəryayi-eşqində qərq oldu gəmim.

Görünsə gözünə o Dürrə xanım

Deyin ki, Vurğun Məcnuna dönübdü…

Düzdür, Zeynəb xanım “Dürrə xanım” sözünü “könül həmdəmim, ” gədaya dönübdü” ifadəsini də bir az yumşaldıb “Məcnuna dönübdü” kimi dəyişsə də, mərhum Xavər xanım kirimək bilmirdi. Səməd Vurğun 1956-da vəfat etmişdisə də, qısqanclıq hələ də sürürdü. Allah hər ikisinə rəhmət eləsin, indi nə Xavər xanım var, nə Dürrə xanım.

Nərimanov onlardan irəlidir…

Yazıçı Anar xatırlayır ki, bir gün tezdən məni və Toğrul Sadıqzadəni Mərkəzi Komitəyə – düz Danil Quliyevin yanına çağırdılar. Kommunist partiyasının ideoloji katibi Danil Quliyevin “Qobustan”ın redaktoru Anara acığı tutub ki, dərginin üz qabığında şəkli gedən Mikoyan, Orcenikidze və Kirovla İçərişəhərdə gəzən Nəriman Nərimanov onlardan bir çiyin irəli çıxıb. İdeoloji katib bunu böyük siyasi səhv adlandırıb və şəklin müəllifi rəssam Toğrula hücuma keçir: “Bunlar 37-də olsaydı, bilirsinizmi nələr olardı? Tutub basardılar…” – deyir. Toğrul bəy həmin illərdə tutulub bir də geri gəlməyən atası Seyid Hüseynə və anası – Məmməd Əmin Rəsulzadənin baldızı, ölkənin azadlıq şairəsi Ümmügülsüm xanımı nəzərdə tutaraq, “tutulub gedənlərimiz də olub” cavabını verir. Anar da məğlub olub geri çəkilmək istəmir, onun “axı, bu qonaqlara nisbətən Nərimanov yerlidir və o İçərişəhəri gəzərkən qonaqlara yol göstərməli idi, daha onları qabağa buraxıb, çaşdıra bilməzdi” cavabı lüzumsuz mübahisəyə son qoyur.

BIR CAVAB BURAXIN