Vilhelm Kanaris-Abverin qorxu atası (2)

0
1172

Arazinfo.com saytı araşdırmaçı-jurnalist Əziz Mustafanın vaxtı ilə Almaniyada Hitlerdən sonra ikinci adam hesab edilən Vilhelm Kanaris haqqında yazısının ikinci hissəsini oxucularına təqdim edir:

Xəyanət, yoxsa  Almaniyanın xilası?

Kanarisin Heydrixlə yumşaq davranması onu dar ağacına aparan yolun başlanğıcı oldu. Heydrix Kanarisi aradan götürmək üçün məqam gözləyirdi. O, hiss edirdi ki, “Abver”in şefi günlərin birində Hitlerin qəzəbinə tuş gələcək. Çünki o, son vaxtlar cəbhədə bir-birinin ardınca baş verən məğlubiyyətlərdən sonra Kanarisin dəyişdiyini anlamışdı. Əslində həmin dövrdə cəbhədəki ağır məğlubiyyət Hitlerin ətrafındakıların Hamısını çıxış yolu axtarmağa məcbur edirdi. Kanarisin hər addımını nəzarətdə saxlayan imperiyanın təhlükəsizlik şefi “Berlin”kreyserində alçaldılmasına görə revanş almaq arzusu ilə alışıb-yanırdı. Və yalnız müharibənin sonuna yaxın Heydrix öz arzusuna çata – Kanarisi dar ağacına göndərə bildi. Kanarisin isə heç nədən xəbəri yox idi və o, Heydrixin ona qarşı çıxa biləcəyinə inanmırdı. Digər tərəfdən də, Heydrix haqlı idi. Həqiqətən də, cəbhədəki məğlubiyyətlər Kanarisi müharibənin uduzulduğu qənaətinə gətirmişdi. Uzun müddət hərbi işdə çalışan və olduqca uzaqgörən Kanaris əsl kəşfiyyatçı kimi Almaniyanın uçuruma sürüklənəcəyinə şübhə etmirdi. Vəziyyətdən çıxış yolu yalnız Hitlerin hakimiyyətdən götürülməsi ola bilərdi. Amma necə? Kanaris bu barədə gecə-gündüz fikirləşirdi. Bundan əlavə o, yaxşı anlayırdı ki, məğlubiyyət onu da, Hitlerin ətrafındakı digər şəxsləri də dar ağacına aparacaq. Kanaris ona yaxın olan yüksək səviyyəli dövlət rəsmilərinin hərəkətlərindən hiss edirdi ki, onlarda da təslimçilik ovqatı əmələ gəlib. O, hətta Hitlerə sui-qəsd hazırlanmasından da xəbərdar idi. Amma o bunu bilməzliyə vurdu və bununla da sui-qəsd iştirakçılarına öz niyyətlərini həyata keçirməyə imkan verdi. Gələcəkdə ABŞ və İngiltərədən özünə dəstək almaq üçün Kanaris “Abver”in casusları adı altında bir sıra tanış yəhudiləri neytral ölkələrə göndərdi. Bundan əlavə, o, Almaniyanın Hollandiya, Fransa və Belçikaya hücumu barədə məlumatı düşmənə ötürən və bunun üstündə “Gestapo”nun zindanına salınan əməkdaşını oradan xilas etdi və onun dərhal xarici ölkələrdən birinə qaçmasına şərait yaratdı. Yavaş-yavaş Hitlerə qarşı müxalifətə keçən Kanaris dostu, İtaliyanın baş naziri marşal Badolyonu ingilis- amerikan qoşunları qarşısında təslim olmağa sövq etdi. Həmin dövrdə, yəni 1943-cü ilin sonları, 1944-cü ilin əvvəllərində Kanarisin Hitleri devirmək üçün suiqəsd qrupları təşkil etdiyi ehtimal edilir. Qərb mənbələri Kanarisin Hitleri devirərək hakimiyyətə gəlmək və müttəfiq qoşunlarının Almaniya ərazisinə girməsinə imkan verməmək üçün təslimçilik aktını imzalamaq planı olduğunu yazırlar. Lakin bunu sübut edə biləcək heç bir dəlil yoxdur. Amma Kanarisin belə bir planı ola biləcəyini də inkar etmək çətindir. Hər halda, Kanaris üçün başqa çıxış yolu yox idi. Müharibədə baş verən ağır məğlubiyyətlər alman əks-kəşfiyyatının uğursuzluğu kimi dəyərləndirildi. Belə ki, Kanarisin casusları sovet qoşunlarının Stalinqrad ətrafında əks-hücum planı hazırlamasından, həmçinin müttəfiq qoşunlarının Şimali Afrikaya və İtaliyaya hücum edəcəyindən vaxtında xəbər tuta bilməmişdilər. Bundan əlavə, ingilis  kəşfiyyatı “Abver”in casuslarını ələ keçirərək, onların adından Almaniyaya çoxlu sayda dezinformasiyalar göndərmişdi. Bütün bunlar da, nəhayət ki, Hitlerin səbrini daşdırdı. Qeyd edək ki, həm İmperiya Təhlükəsizlik Xidməti, həm də “Gestapo” cəbhədəki uğursuzluqda “Abver”in yarıtmaz kəşfiyyat fəaliyyətinin önəmli rol oynadığını Hitlerin beyninə yeritdilər. Və Fürer tərəddüd etmədən 1944-cü ilin əvvəlində Kanarisi vəzifədən götürdü. “Abver”ə rəhbərlik isə SS şefi Henrix Himlerə tapşırıldı. Kanaris iqtisadi blokada ilə mübarizə ştabına göndərildi. Bu isə o demək idi ki, Kanarisin hərbi karyerası sona çatıb. 1944-cü ilin iyul ayının 20-də Hitlerə qarşı sui-qəsd cəhdinə baş vuruldu. Lakin təsadüf nəticəsində Hitler sağ qaldı. Hitlerin sağ qaldığını eşidən Kanaris dərhal Fürerə teleqram göndərdi ki, ona sadiqdir. Amma artıq tale Kanarisdən üz döndərmişdi. Sui-qəsdçiləri düşünülmüş şəkildə himayə etməsi adı altında Kanarisi və bir qrup ətrafındakı adamları həbsə atdılar. İndi Kanarisi şəxsən Heydrixin özü dindirirdi. O, Kanarisi ələ salır, tez-tez ona sonunun dar ağacında qurtardığını xatırladırdı. Lakin Kanaris möhkəm dayanmışdı. O, sui-qəsddə iştirak etmədiyini sübuta yetirməyə cəhd edirdi. Kanarisə qarşı ittihamların sübutu üçün, həqiqətən də, heç bir fakt yox idi. Ona görə Heydrix Kanarisin yeraltı bunkerində axtarış apartdırdı. Və buradan Kanarisin sui-qəsdçilərə yardım etməsini göstərən gizli arxiv tapıldı. Arxivdə Kanarisin sui-qəsdçilərlə əlaqəsini sübuta yetirən çoxlu sayda fakt var idi. Bundan sonra Kanarisin vəziyyəti daha da ağırlaşdı. Onu dindirmək üçün “Gestapo”nun təcrübəli zabitləri cəlb edilmişdilər. Lakin Kanaris Hitlerə xəyanət etdiyini boynuna almadı. O: “Mən alman millətinə xidmət etmişəm və bir əsgər kimi istənilən tapşırığı yerinə yetirmişəm”. “Gestapo” Kanarisdən istədiyini ala bilmədi. O,ən ağır işgəncələr altında belə, Hitlerə xəyanət etmədiyini bildirirdi. 1945-ci ildə müttəfiq qoşunları Almaniya ərazisinə daxil oldular. Artıq döyüşlər Kanarisin həbsdə saxlandığı Nürnberq ətrafında gedirdi. Ona görə də Hitlerin birbaşa göstərişi ilə Kanaris və köməkçisi dövlətə xəyanət üstündə dar ağacından asıldılar. Kanarisinasılma mərasimində iştirak edən zabitlərdən biri sonralar demişdi: “Boynuna kəndir keçirilməzdən əvvəl Kanaris: – Mən satqın deyiləm. Mən əsl alman kimi öz borcumu yerinə yetirmişəm, – dedi. Ölümündən əvvəl o xeyli arıqlamışdı”.

Kanaris bununla nə demək istəyib? Bəlkə də o, bu sözlərlə alman xalqını uçurumdan xilas etmək üçün sui-qəsddə iştirak etdiyini dolayı yolla etiraf edib… Bəlkə də… Amma burada qəribə bir məqam var: Almaniyada kifayət qədər nüfuzu olan Kaltenbrunnerin göstərişilə Kanarisin sui-qəsddə iştirak etdiyini sübuta yetirən sənədlər məhv edilib. Ola bilsin ki, bu sənədlər saxta olub. Və bu saxta sənədlərin arxasında isə Kanarisin sonuna çıxan Heydrixin dayandığını da güman etmək olar. Axı Kanarisin onu ələ verə biləcək sənədləri baş tutmayan sui-qəsddən sonra məhv etmədiyi inandırıcı görünmür. Ona görə də bəzi tədqiqatçıların fikrincə, Heydrixin intiqam arzusu Kanarisin dar ağacına göndərilməsində həlledici rol oynayıb. Bununla belə, “Abver” şefinin sui-qəsdi bilib, bunun qarşısını almaması ehtimalı kifayət qədər məntiqli görünür. Hər halda, Kanaris Hitlerdən sonra özünü hakimiyyət kürsüsündə oturmağa ləyaqəti çatan yeganə adam hesab edirdi. (SON)

 

Əziz Mustafa/Arazinfo.com

 

BIR CAVAB BURAXIN