Vaqif Cavadova Yeni ilqabağı məsləhət

0
395

 

Bu günlərdə “Sumqayıt”ın sabiq yarımmüdafiəçisi Vaqif Cavadovun bir müsahibəsi diqqətimi cəlb etdi. Vaqif bəyin dediklərindən belə anlaşılır ki, guya yığmamızın baş məşqçisi Robert Prosineçki “Sumqayıt”da oynayan futbolçuları yığmada görmək istəmir və o da elə bu səbəbdən burada qalmağın mənasız olduğunu görübmüş. Mənə belə gəlir ki, Vaqif bəy öz gedişinə, sadəcə, Prosineçkinin “tikdiyi donu” geyindirməyə çalışır. Amma bu onun əyninə yaxşı oturmayıb. Bir də atalar demişkən, görünən dağa nə bələdçi? Bu kəlam bir əhvalatı da yadıma saldı. Deməli, belə. Bir nəfər Mollanın evinə qonaq gəlir. Molla onu elə həyətdə qarşılayıb orada da şərəfinə yaxşı bir süfrə açır. Yeyib-içdikdən sonra qonaq evinə qayıtmaq məqsədi ilə ayağa qalxanda Molla nə üçünsə evinə girməli girir. Fürsətdən istifadə edən qonaq bayaqdan bəri gözaltı etdiyi xoruzu tutur və başını tez üzüb, pencəyinin altında gizlədir. Amma xoruzun quyruğu pencəyinin altından kənarda qalır. Molla onu ötürmək üçün evdən çıxanda xoruzun quyruğunu görür və qonaqdan bayaqdan bəri həyətdə var-gəl edən xoruzun nə olduğunu soruşur. Qonaq and-aman edərək xoruzu görmədiyini bildirir. Molla onu diqqətlə dinləyəndən sonra xoruzun quyruğunu göstərərək deyir: “Axı mən sənin içdiyin andına inanım, yoxsa xoruzun quyruğuna?” İndi onun sözü olmasın, ay Vaqif bəy, mən sizin sözünüzə inanım, yoxsa öz müşahidələrimə? Axı hər şey göz önündədir! Bir sözlə, Vaqif bəy, bir azarkeş kimi müşahidələrimə əsasən də deyə bilərəm ki, siz formada deyilsiniz. Elə gedişiniz də bununla bağlıdır. Daha bunu Prosineçki ilə əlaqələndirməyin nə mənası var? İnsafən, millinin baş məşqçisi həmişə formada olan futbolçulara üstünlük verməyə çalışır. Üstəlik, “Sumqayıt”ın baş məşqçisi Samir Abasov komandasından göndərilən futbolçular, o cümlədən sənin haqqında danışarkən belə deyib: “Cavadovla danışdıq, başa saldıq ki, biz davam edə bilmərik. Onun komandamızdan göndərilməsi sırf oyun sistemimizlə bağlıdır. Biz istəyirik ki, komandamız kollektiv futbol oynasın. Kollektivdən bir-iki futbolçu “oturdusa”, bizim üçün çətinliklər yaranır. Vaqif özü də özünü komandamızda görə bilmirdi. Ona görə də onunla yollarımızı ayırdıq”.

Digər tərəfdən, mənə elə gəlir ki, siz bir komandada uzun müddət duruş gətirə bilmirsiniz. Bu fikri də elə-belə demirəm. Əlimdə tutarlı faktlarım var. Peşəkar futbol karyeranızın son on ilində düz 11 kluba üz tutmusunuz. Amma heç birində duruş gətirə bilməmisiniz. Bu isə o deməkdir ki, artıq siz klub dəyişməyi adət, vərdiş etmisiniz. Bu məsələdən də bir qədər geniş söz açmaq olardı. Amma buna lüzum görmədim. Uzun sözün qısası, Vaqif bəy, qarşıdan Yeni il gəlir. Sizə bu Yeni ildə uğurlar arzulamaqla yanaşı, bir şey də arzulayıram: gəlin Yeni ildən bu adətinizi tərgidin.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

three + 6 =