Uşağınızın acmasına imkan verin!

0
819
Baby boy is fed with a spoon

Yoxsa, siz də boşqabı götürüb uşağınızın arxasınca qaçanlardansınız? Yoxsa, siz də “Axşama qədər ac qoysam, ağzını da açmaz” deyənlərdənsiniz? Elə isə gəlin mövzuya bu sualdan başlayaq: “Doğrudan da, acmayan uşaq ola bilərmi?” Cavab: “Əlbəttə ki, ola bilməz”. Çünki böyüklərdə olduğu kimi uşaqlarda da özünəməxsus bir mədə həcmi var. Təbii ki, acmamış bir uşaqdan yemək tələb etmək onda yeməyə qarşı mənfi reaksiyaya səbəb ola bilər. Məsələni bir az da aydınlaşdırmaq üçün gəlin, bir anlıq özümüzü uşaqlarımızın yerinə qoyaq. Özünüzü çox tox hiss edirsiniz və bu vaxt sizdən bir boşqab yemək yeməyi tələb edirlər. Təbii ki, bu bir boşqab yemək sizin gözünüzə böyük bir qazan kimi görünəcək. Əslində uşaqların yaşadığı hisslər də bundan çox fərqli deyil. Elə isə uşaqların acmasına imkan verin. Ancaq o vaxt uşaqlar yeməkdən həzz alacaqlar. Uşaqlar yeməkdən həzz aldıqda isə, təbii ki, onlarda yeməyə qarşı mənfi reaksiya da olmayacaq. Xüsusilə də, son illər yol verilən ən böyük xəta hələ körpəlikdən uşağı tez-tez yeməyə məcbur etməkdir. Uşaq hələ acmamış başqa bir yemək gəlir. Onun “təsiri keçməmiş” başqa bir yemək təşrif buyurur. Nəticədə isə, uşaq boşqabı görən kimi ağlamağa başlayır. Buradan belə nəticə çıxarmaq olar ki, uşaqlarda yeməyə qarşı mənfi reaksiya meydana gəlməsinin ilk səbəbi valideynlərdir. Elə isə yemək yeməyən uşaqlarla necə rəftar etmək olar? Yeganə yol uşağın acmasını təmin etməkdir. Təbii ki, ilk növbədə, “Mənim uşağım acmır ki?” deyəcəksiniz. Halbuki uşağın acmaması mümkün deyil. Elə isə uşağınızın da yeməkdən zövq almasına imkan verin. Bunun üçün də işə uşağınızın sevdiyi və ya evdə sevilən yeməklərdən başlayın. Ancaq uşaq gün ərzində necə gəldi yeməməli, ayaqüstü yeməklərlə qarnını doyurmamalıdır. Bundan başqa, uşağınız istəməyənə qədər ona yemək təklif etməyin. Yemək yemək istəyəndə isə istədiyi qədər yeməsinə imkan verin. Başqa sözlə, fürsətdən istifadə edib boşqabı ağzına qədər doldurmayın. Bu qədər sonra artıq uşağınızın da hamı kimi acdığını görəcəksiinz.

BIR CAVAB BURAXIN