Ünvanlı sosial yardım problemi: “bu ailə məhv olmasın”

0
687

ev

İki gözlü, nəmişlik və pəncərə şüşələri yapışqanla bir-birinə bağlanmış evdə 6 nəfərlik ailəsi ilə birgə yaşayan Zenfira Əliyeva bildirir ki, təxminən ötən ilin yanvarında həyat yoldaşı rəhmətə getdikdən sonra dolana bilmirlər.

“Evimiz baldızımın adınadır, hara gedirəmsə öz ailə tərkibim barədə arayış ala bilmirəm,” – o əlavə edir. Nizami rayonu, Keşlə qəsəbəsinin Şanxay adlanan ərazisində yaşayan ailə qeydiyyat sənədi olmadığından ünvanlı sosial yardım üçün müraciət edə bilmir.

Hüquqşünasların fikrincə, hazırkı şəraitdə bu ailənin qarşılaşdığı problemin hüquqi yolla həlli yoxdur.

Elə isə, oxşar vəziyyətdə olan ailələr nə etməlidir – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bu məsələ ilə bağlı şərh almaq mümkün olmayıb.

Bir sənədin olmaması

Zenfira Əliyeva onlara verilən arayışlarda vəfat etmiş baldızının ailəsinin də adlarının qeyd edilməsi səbəbilə ünvanlı sosial yardım almaq üçün müraciət edə bilmir.

Onun sözlərinə görə, bu ərazidəki evlərin hamısının qeydiyyat sənədinin olmaması da onların işlərini çıxılmaza salır. Belə ki, onların ala bildiyi yeganə rəsmi sənəd Mənzil İstismar İdarəsindən verilən ümumi arayış olur.

“Hökümətdən yardım ala bilmirəm. Neçə vaxtı getdim bütün nazirliklərə, başçıların yanında oturanlar gedib çatdırmırlar. İlham Əliyev özü bilsə ki, bu ailə bu vəziyyətdədir, bəlkə özü şəxsən gəlib kömək edər bu ailəyə. Məktub verib yola salırlar, heç nə etmirlər,” – deyən xanım Əliyeva məktubları göstərir.

Prezident Aparatı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) dəfələrlə müraciət etmiş Əliyeva deyir ki, ünvanlı sosial yardım almaq və 1-ci qrup əlilliyi olan oğlunun 5 nəfərlik ailəsinə ev verilməsini istəyir.

“Mənim külfətim budur axı, qalmışam çox pis vəziyyətdə. Üz tutduğum yerlərdə də ancaq məktublardır, bir sumka məktub var orada.”

“Hökümətimizdən kömək istəyirəm ki, bu ailə məhv olmasın, ölməsin,” faktiki aylıq gəliri təxminən 100 manat olan 6 nəfərlik Əliyevlər ailəsi bizə danışır.

ev

Ailə necə dolanır?

ev

Zenfira Əliyevanın oğlu, 1982-ci il təvəllüdlü Elşən Əliyev anadangəlmə “serebral iflic” xəstəliyi ilə əlaqədar gəzə bilmir. Heç vaxt evdən çıxmayan gənc bu səbəbdən təhsil də almayıb. Hazırda 3 azyaşlı – 6, 5 və 2 yaş yarımlıq – övladları olan Elşənin həyat yoldaşı da təhsilsizdir. Onun aldığı 140 manatlıq təqaüd ailə borcuna görə borc aldıqları şəxsin əlindədir, təqaüd kartı onlara “7 aydan sonra qaytarılacaq”.

Zenfira Əliyeva isə yaşlılığa görə aldığı təqaüdün 110 manatını məcburi şəkildə bank borcuna çıxılır, yerdə qalan 100 manatla isə ailəni dolandırmağa çalışır.

“Bu bir ildə yalnız xeyirxah insanlar yardım edib. Onlar olmasaydı bu uşaqlar ölərdi. Mağazalara borclarımız var idi, xeyirxah insanlar yardım etdilər, bağladılar onları. Yenə də var borc.”

3 uşağın təhsili

Əliyeva, həm də 6 yaşlı qız nəvəsinin təhsil probleminə toxunur:

“6 yaşlı olub, hazırlığa getməlidir, hazırlıqsız məktəb götürmür. İmkan yoxdur, heç hara çıxarda bilmirəm”, – deyən nənə bu səbəbdən məktəb və ya baxça yanında oğlunun ailəsinə bir otaqlı ev verilməsini istəyir, – “bircə otaq da versinlər ki, bu uşaqlar məktəbə getsin, oxusunlar, bunlar baxsın ata-analarına.”

Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin koordinatoru Vasif Akifli deyir ki, belə aztəminatlı ailələr, övladlarının təhsil alması, uşaqlarının hüquq və mənafeyinin qorunması ilə bağlı qeydiyyatda olduqları İcra Hakimiyyəti yanında himayə-qəyyumluq komissiyalarına müraciət etməlidirlər:

“Ailənin uşaqlarının sosial problemlərinin olması üzrə bu dövlət müəssisələrinə müraciət etməkləri daha məqsədəuyğundur” deyən cənab Akifli Əliyevlər ailəsinin uşaqlarının baxça və məktəblə təmin edilməsi üçün onlara müraciət etməyi təklif də edib.

evin pəncərəsi

“Ümumi səbəbdən əlil” kimi qəbul edilən Elşən Əliyev 2005-ci ildən yaşadıqları rayon üzrə mənzil növbəsindədir. Zenfira Əliyeva deyir ki, icra hakimiyyətinə bununla bağlı dəfələrlə müraciət edilsə də, onlara gözləmək qalıb.

Nizami rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Leyla Abdullayeva Elşən Əliyevin mənzil növbəsində 81-ci olduğunu deyir:

“Ona görə mənzillə təmin olmurlar ki, hazırda təminat getmir. Bakı şəhərində dövlət hesabına mənzillər tikilmir”, xanım Abdullayeva qeyd edir.

Hərçənd icra nümayəndəsi ümid edir ki, ötən il özülü qoyulmuş sosial mənzillər hazır olduqdan sonra “ola bilsin ki, bugünə qədər növbədə dayanan vətəndaşlar evlə təmin edilsin”.

Yardım

Azərbaycanda aztəminatlı ailələrə ünvanlı sosial yardımın (ÜSY) verilməsinə 2006-cı ildən başlanıb və 2016-cı ildə 451,5 min nəfər bu yardımdan faydalanıb, rəsmi məlumatlarda deyilir.

ÜSY haqqında qanunvericilikdə göstərilir ki, yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışı bu yardımın təyin edilməsi üçün birinci şərtdir.

Aztəminatlı ailələr üçün evlər tikilməsinə gəlincə isə, Nizami Rayon İcra Hakimiyyətindən bildiriblər ki, hazırda belə evlər tikilmir.

Çıxış yolu

Hüquqşünas Elnur Əliyev hazırki şəraitdə Əliyevlər ailəsinin ÜSY alması üçün arayışın verilməsi probleminin hüquqi yolla həllinin olmadığını deyir, hərçənd o iki çıxış yolu təklif edir:

“Ünvanları dəyişsə yardım ala bilərlər. Amma həmin yerdə qala-qala yox, çünki ÜSY təyin edilərkən orada yaşayanların hamısının vəziyyəti nəzərə alınır.”

Hüquqşünas qeyd edir ki, başqa variant – onlara verilmiş yaşayış yerinin notarial qaydada bağışlanma yolu ilə adlarına keçirilməsidir: – “Belə olsa, onlara ayrıca ünvan veriləcək, o zaman ÜSY ala bilərlər.”

Gecəqondu tipli evlərə qeydiyyat sənədi verilmədiyini deyən Leyla Abdullayeva Şanxay adlanan ərazinin də gecəqondu olduğunu qeyd edir.

BIR CAVAB BURAXIN