Ukraynadakı soydaşlarımız xeyriyyəçilik aksiyası həyata keçirirlər

0
134

Respublikamızdan uzaqlarda, bizə dost Ukraynada yaşayan soydaşlarımız yeni koronavirus epidemiyasının yayılması ilə bağlı imkansız insanlara, tələbələrə, o cümlədən yaşlı insanlara humanitar yardımlar göstərirlər.
Arazinfo.com-un Oxuməni.az-a istinadən verdiyi xəbərə görə, xeyriyyəçilik missiyasında Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Andreyeviç Krapivinin dəstək verdiyi azərbaycanlı gənclər xüsusi fəallıq göstərirlər. Bu baxımdan istedadlı vokal ifaçısı Vaqif Nağıyevin koronavirusla bağlı Ukraynanın 4 iri şəhərində, Kiyev, Xarkov, Xerson və Odessada həyata keçirdiyi xeyriyyəçilik missiyasını xüsusi qeyd etmək lazımdır. Soydaşımız hər gün səhər tezdən şəxsi maşını ilə bölgələrə gedərək yaşlı insanlara, kasıblara, o cümlədən imkansız tələbələrə koronavirusla mübarizə məqsədilə maskalar, tibbi ləvazimatlar və antiseptiklər paylayır, ərzaq yardımları göstərir. Vaqif Nağıyev bununla bağlı deyir ki, əsas məqsədləri yaşadığı ölkədəki imkansız insanların ən zəruri hesab edilən mallara olan ehtiyacını ödəməkdir: “Mən hər gün səhər tezdən evdən çıxır və bölgələrə səfər edərək yaşlı insanların qapısını döyür və onlara yeni koronavirusla mübarizədə zəruri hesab edilən maskalar, tibbi ləvazimatlar paylayıram. Çünki burada yaşlı insanlar yalnız səhər tezdən mağazaya gedərək ərzaq və digər gündəlik tələbat malları ala bilirlər. Maskalar olmayanda isə onları mağazalara buraxmırlar. Biz eyni zamanda imkansız tələbələrə və digər kateqoriyalardan olan kasıblara ərzaqla da yardımlar göstəririk. Mənim rəhbəri olduğum gənclər təşkilatının üzvləri bu xeyriyyəçilik tədbirlərində yaxından iştirak edirlər. Fürsətdən istifadə edərək mən bu işdə bizə yardımlar göstərən Kiyev Azərbaycanlıları Konqeresinin sədri hörmətli Oleq Andreyeviç Krapivinə ürəkdən təşəkkür lər edirəm”.
Qeyd edək ki, soydaşlarımızın bu xeyriyyəçilik missiyası Ukraynanın ali dairələrində də məmnunluqla qarşılanıb və alqışlanıb. Əvvəllər də Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivinin dəstəyi ilə dəfələrlə Ukraynada xeyriyyəçilik missiyasını həyata keçirən soydaşlarımız bu nəcib əməllərini daha da genişləndirmək niyyətindədirlər.

Arazinfo.com