Tüstü çəkildi, hökumətin Rusiya ilə gizli əlaqəsi üzə çıxdı

0
892
 

Gürcüstanın Borjomi vadisindəki meşə yanğınlarının tüstüsü hələ çəkilməmiş ölkədə ciddi siyasi qalmaqal başlayıb. Virtualaz.org xəbər verir ki, səbəb hökumətin yanğınların söndürülməsi üçün Rusiyadan kömək istəyib bunu gizlətməsidir.

Belə ki, Gürcüstanın Xarici İşlər Nazirliyi ölkədə meşə yanğınlarının söndürülməsi üçün Rusiyadan kömək istədiyi haqda məlumatı təsdiqləyib. Bundan əvvəl hökumət bunu dəfələrlə təkzib etmişdi. Nəticədə hazırda “Gürcü arzusu” hökuməti böyük bir qalmaqalın mərkəzindədir. Baş verənlər müxalifəti və ictimaiyyəti qəzəbləndirib.

Bu vaxta qədər ictimaiyyətə bildirilirdi ki, öncə Moskva Borjomidəki meşə yanğınlarının söndürülməsi üçün öz köməyini təklif edib, Gürcüstansa nəzakətlə bu təklifdən imtina edib. İndi isə bəlli olur ki, əslində, hər şey tamamilə əksinə imiş: Gürcüstanın özü Moskvadan kömək istəyərək xüsusi nota göndərib. XİN-in yaydığı məlumatda belə deyilir. Qeyd edilir ki, kömək üçün bütün ölkələrə, o cümlədən Rusiya tərəfinə müraciət edilib.

Ancaq yayılan rəsmi məlumatda baş nazir Georgy Kvirikashvili-nin meşə yanğınlarının qızğın vaxtında niyə ictimaiyyətə tamamilə fərqli məlumat verməsi haqda heç nə yazılmayıb. Baş nazir avqustun 24-də belə deyib: «Rusiya kömək göstərməyə hazır olduğunu bildirib. Hesab edirəm ki, bu təklifi alqışlamaq lazımdır. Biz …əhali və ölkəmiz qarşısında yüksək məsuliyyət daşıyırıq. Məhz bu məsuliyyəti nəzərə alaraq, Rusiya ilə münasibətlərimizin çox mürəkkəb olduğu vaxtda belə bir təklif alqışlanmalıdır».

Bu zaman o, Tbilisinin Rusiyaya kömək xahişi ilə göndərdiyi nota haqda bircə kəlmə belə deməyib. Əksinə, hökumət nümayəndələri Gürcüstanın Rusiyadan kömək istəmədiyini, Rusiya tərəfinin özünün kömək təklif etdiyini vurğulayıb. Gürcüstan parlamentin in bəzi üzvləri, o cümlədən Nino Burcanadzenin “Vətənpərvərlər alyansı”ndan olan deputatlar ölkənin Rusiyanın yardımından “imtinasını” bu ölkə ilə əlaqələri normallaşdırmaq imkanının itirilməsi kimi dəyərləndiriblər. Müxalifətin başqa bir hissəsi, xüsusən də “Milli Hərəkat” və “Avropa Gürcüstanı” Rusiyanın təklifindən qəzəblənib. Belə ki, 2008-ci ildə Rusiya Borjomidəki həmin ərazini bombalayıb və meşə massivinin xeyli hissəsi o zaman baş qaldırmış yanğın nəticəsində məhv olub.

Avqustun 25-də jurnalistlər Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovaya  meşə yanğınlarının söndürülməsində Gürcüstana yardım göstərilməsi haqda sual veriblər. Onun cavabı belə olub: «Biz Tbilisinin yanğının söndürülməsi üçün yardım xahişinə dərhal cavab verdik. Bu məqsədlə Rusiya FHN-nin İl-76 təyyarəsi ayrıldı. Ancaq sonradan Gürcüstan tərəfi təşəkkür edərək bildirdi ki, yanğın ocaqları təcrid edilib və artıq köməyə ehtiyac yoxdur».

Növbəti gün Gürcüstanın baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze bu məlumatı təsdiqləməli olub. Ancaq bütün bu müddət ərzində Gürcüstan mətbuatı XİN-in rəsmi məlumatını almağa çalışıb. Həmin məlumatsa dünən verilib.

İctimaiyyət buna sərt reaksiya verib. Hökumətin parlament qarşısında hesabat verməsini tələb edən “Milli hərəkat” həm də XİN rəhbərinin məsuliyyəti məsələsini qaldırıb. «Rusiyadan kömək istəmək, sonra da bu məlumatı gizlətmək kimə lazım idi?» – bu sualı həm prezident administrasiyası, həm də ictimaiyyət verir.

Hərbi ekspert Temur Çaçanidze  deyir: «Yalnız Rusiyanın belə texnikaya malik olduğunu iddia etmək yanlışdır. Türkiyənin (onun təyyarələri burada olub) də, Yunanıstanın, İspaniya və Kanadanın da belə təyyarələri var. Düşünürəm ki, biz Rusiyadan başqa hamıya müraciət etməli idik. Rusiyanın 2008-ci ildə etdiklərindən sonra ondan necə kömək istəmək olar? Üstəlik, o bundan sonra həmişə bu köməyi başımıza qaxacaq, “biz Gürcüstanı fiziki məhvdən xilas etdik” deyib özünü “piar” edəcək. Deyəcək ki, biz olmasaydıq, yanğını söndürə bilməzdilər. Təsəvvür edirsiniz, Rusiya indiki informasiya müharibəsində bundan necə yararlanacaqdı. Onlar daim öz xeyirlərinə istifadə etmək üçün nəsə axtarırlar».

Temur Çaçanidze  düşünür ki, Gürcüstanı Rusiyanın növbəti tənələrindən yanğının vaxtında söndürülməsi və türk təyyarələrinin vaxtında özünü yetirməsi qurtarıb. Rondeli Fondundan Georgi Badridze isə hesab edir ki, Gürcüstan hökuməti ictimaiyyətin mənfi reaksiyasından ehtiyatlandığından Rusiyanın köməyindən imtina edib: «Bu hökumətdə daxili koordinasiya yoxdur… İkinci problemsə daha ciddidir: Gürcüstan rəhbərliyində işğalçıya kömək üçün müraciət etməyi mümkün sayan adamlar var. Həmin işğalçının məqsədi Gürcüstanın müstəqilliyinin zəiflədilməsi və məhvidir. Bu, təkcə şərəf məsələsi deyil, həm də o deməkdir ki, bu hökumət milli maraqlar və təhlükəsizlik məsələlərini çox pis anlayır», – ekspert deyir.

Qeyd edək ki, “Gürcü arzusu” koalisiyasının Rusiya ilə bağlılığı məsələsi yeni deyil. Koalisiyanı gürcü əsilli rusiyalı milyarder Bdzina İvanişvili qurub, hazırda o, hökumətdə təmsil olunmasa da Gürcüstanın “boz kardinalı” sayılır.

Virtualaz.org

BIR CAVAB BURAXIN