Türkün tarixinin gözüyaşlı şəhəri-Hacıbəy (3)/ Əziz Mustafa

0
307

11

 

Öz növbəsində Rusiya da qısa müddətdə Hacıbəyi ələ keçirməyi planlaşdırmışdı. Bundan məqsəd isə Dnestr və Dnepr sahillərini türklərdən təmizləmək və beləliklə Osmanlını buradakı son dayaqlarından məhrum etmək idi. Hacıbəyin işğalına ruslar 1789-cu ilin yayında hazırlaşmağa başladılar. Hacıbəyə hücum ərəfəsi ruslar qala daxilndəki soydaşlarının vasitəsi ilə buranı müdafiə edən Osmanlının zəif yerlərini öyrənmişdilər. 1789-cu il sentyabr ayının 3-də Potyomkinin əmri ilə Oçakovdan rus atlı və piyada hissələri, o cümlədən kazaklar Hacıbəyə doğru irəliləməyə başladılar. Osmanlının bundan xəbər tutmaması üçün ordunun hərəkəti olduqca gizli saxlanılmışdı. Ordu yalnız gecələr hərəkət edirdi. Sentyabrın 12-də rus hərbi hissələri Hacıbəy ətrafındakı Peresip adlanan yerə gəlib çatdılar. Onlara dərhal buradakı digər hərbi hissələr də qoşuldu. Rusların əsas qüvvələrinə general İ. V. Qudoviç rəhbərlik edirdi. Rus hərbi hissələri sentyabrın 13-də Hacıbəy ətrafındakı yarğanlarda döyüş mövqeləri tutmuşdular. Osmanlı Hacıbəyin müdafiəsini əsasən dənizdən təşkil etmişdi. Hacıbəyin müdafiəsi üçün Osmanlı 40 hərbi gəmi və 33 lanson ayırmışdı. Hacıbəyin özündə isə Osmanlının qalanı müdafiə üçün cəmisi 300 əsgəri,12 topu vardı. Amma rus kəşfiyyatı da Osmanlının  qaladakı və dənizdəki güclərindən xəbərdar idi. Ona görə də ruslar diqqəti dənizdəki Osmanlı gəmilərinin məhvinə yönəltdilər. Bu məqsədlə gəmiləri məhv etmək üçün xüsusi topçu batareyaları dəniz sahillərində yerləşdirilmişdi. Amma hadisələrin gedişi göstərdi ki, Osmanlı rusların belə tezliklə və qəfil Hacıbəyə hücum edəcəyini gözləmirmiş. Bundan əlavə Osmanlı əsgərləri rusların hücumunu daha çox dənizdən gözləyirdilər. Çünki Hacıbəy ətrafında Osmanlının kifayət qədər güclü donanma yığmasından düşmənin asanlıqla xəbər tuta biləcəyi istisna edilmirdi. Amma ruslar öncə qurudan daha zəif müdafiə olunan qalanı ələ keçirməyi daha məqsədəuyğun hesab etmişdilər. Qəfil hücumla yaxalanan qaladıkılar düşmənə güclü müqavimət göstərsələr də, vaxtı ilə ruslardan qaçan və köçkünlər adı altında pərdələnən qala daxilindəki kazaklar və onları müdafiə edən xristian əhalinin satqınlığı öz işini gördü. Onların köməyi ilə ruslar qalaya daxil ola bildilər. İki zərbəyə-öndən rusların hücumlarına, daxildən isə satqınların təxribatına məruz qalan qalanın azsaylı əsgərlərinn qüvvəsi tükəndi və düşmən Hacıbəyi ələ keçirdi. Qeyd edək ki, Hacıbəydəki 300 nəfərlik Osmanlı əsgərləri üzərinə ruslar 18-20 min nəfərlə hücum etmişdilər. Düşmən qurudan həm canlı qüvvə, həm də topların sayına görə qaladakı Osmanlı qüvvələrindən 30-40 dəfə çox idilər. Osmanlı hərbi dəniz donanması qaladakılara yardım üçün bütün imkanlardan istifadə etdi. Lakin ruslar qalanı əldən vermək niyyətində deyildilər. Ruslar Hacıbəyi işğal edərkən rəsmi məlumatlara görə 40-dan yuxarı əsgər və zabit itirdilər. Osmanlının isə itkiləri rus mənbələrində 70 nəfər göstərilir. Bundan əlavə dənizdə Osmanlının bir lansonu batırılmış, digərləri isə zədələnmişdi. Hacıbəydəki məğlubiyyət Osmanlıda böyük məyusluğa səbəb olmuşdu. Bunun da nəticəsində 1791-ci ildə Yassıda Rusiya ilə imzalanan sülh anlaşmasına görə Osmanlı Hacıbəy şəhərinin Rusiya tərəfindən işğalını rəsmi şəkildə tanımış oldu.

 

Hacıbəy ruslaşdırılır

Ruslar dərhal gələcəkdə Osmanlının yenidən Hacıbəyi ələ keçirməsinə imkan verməmək üçün buradakı tatarları və türkləri şəhərdən kənara köçürdülər. Bunun ardınca dərhal Hacıbəy şəhərinə ruslar, yəhudilər, yunanlar, ermənilər, bolqarlar və digər millətlərin mümayəndələri köçürülməyə başlanıldı. Buna paralel olaraq Hacıbəydə yeni möhkəmləndirilmiş hərbi dəniz qalasının inşasına başlanıldı. Yeni hərbi dəniz qalasının inşası və Hacıbəyin daha da genişləndirilməsi Suvorovun rəhbərliyi altında  həyata keçirildi. Yeni möhkəmləndirilmiş qalanın inşasında hər gün 800 əsgər, o cümlədən bir o qədər də əsir Osmanlı əsgərləri cəlb edilmişdi. Bundan əlavə Suvorovun əmri ilə Hacıbəy ətrafında yaşayan tatarlar və noqaylar da məcburi şəkildə qalanın inşasına cəlb  edilmişdilər. Bu işdən imtina edən tatar və noqaylar yerindəcə əsgərlər tərəfindən güllələnirdi. Buna paralel olaraq Hacıbəyə və ona bitişik ərazilərdə yaşayan əhali rus əsgərlərini ərzaq və taxıl məhsulları, həmçinin ətlə təmin etməyə məcbur edilmişdilər. Bu məqsədlə tatarların və noqayların əllərindən son tikələrini zorla alırdılar. Azacıq müqavimət üstündə isə bütöv ailələlər məhv edilirdi. Nəticədə artıq 1793-cü ildə Hacıbəy şəhəri iri hərbi dəniz qalasına çevrildi. Burada eyni zamanda Rusiyanın ən böyük Qara dəniz hərbi donanmasının yaradılmasının əsası qoyuldu.

Qalanın inşasında həmçinin vitse-admiral de-Ribas, hərbi mühəndis de Vollan xüsusi rol oynadılar. Yenidən qurulan Hacıbəydə ruslar 2000 əsgər yerləşdirdilər. 120 top  qalanı qorumalı idi.  Artıq 1793-cü ildə qalanın hərbi istehkama çevrilməsi ilə bağlı aparılan işlər başa çatdırıldı və bura Rusiyanın Qara dənizdə ən iri hərbi dəniz donanması olan şəhərə çevrildi. Bu arada II Yekaterina işğal edilmiş Krımda, Xersonda və ona bitişik ərazilərdə hərbi dənzi ticarəti limanı salmağı planlaşdırmışdı. Amma de Ribas və de Volan bunun üçün Hacıbəy şəhərinin daha məqsədəuyğun olmasına çariçanı inandıra bildilər. Bu məqsədlə 1794-cü ildən başlayaraq Hacıbəy şəhəri genişləndirilməyə və orada yeni hərbi və mülki ticarət obyektlərinin inşa edilməsinə başlanıldı. 1794-cü il avqust ayının 22-də təntənəli şəkildə yeni hərbi və mülki ticarət obyektlərinin əsası qoyuldu. Hacıbəydə inşa ediləcək yeni obyektlərə sərmayə qoyan iş adamları 10 il müddətinə vergidən azad edilmişdilər. Bura köçürülən əhaliyə isə xəzinədən maliyyə yardımları göstərilirdi.

II Yekaterina bununla da Hacıbəydən Osmanlı izlərini tamamilə silmək və onu sırf rus şəhəri etmək niyyətində idi. Lakin bu da rus çariçasına  bəs etmirdi. Hacıbəy şəhərinin adının saxlanılması gələcəkdə ona Osmanlının ərazi iddiası etmək demək ola bilərdi. Ona görə də çariçanın fərmanı ilə 1795-ci ilin  əvvəllərində Hacıbəy şəhərinin adı dəyişdirildi və onu Odessa adlandırmağa başladılar. Halbuki Odessa adının Hacıbəyə və ona bitişik ərazilərə heç bir aidiyyatı yox idi. Bununla da min illər ərzində Qara dəniz sahilində mövcud olan və tarixdə daha çox Hacıbəy adı ilə qalan bu qədim türk şəhərinin adı xəritələrdən silindi, onun yerinə isə Odessa adı peyda oldu.  Amma bu şəhər ruslara da qalmadı. SSRİ dağılandan sonra müstəqil Ukrayna dövlətinin tərkibində qalan Odessaya indi də ruslar həsrətlə baxır və onu yenidən əllərinə keçirmək üçün dəfələrlə Kiyevi təxribata çəkiblər. Krımın Rusiya tərəfindən işğalından sonra Kremldə Odessanın da ələ keçirilməsi planlaşdırılmışdı. Lakin Qərbin sərt reaksiyaları rusları belə bir addımı atmaqdan çəkindirdi.

Bu gün keçmiş Hacıbəy, indiki Odessa şəhəri Qara dəniz sahillərində Ukraynanın əsas liman şəhəri olaraq qalmaqdadır. 1 milondan yuxarı əhalisi olan Odessada ruslar və ukraynalılarla yanaşı bu yerlərin qədim sahibləri olan tatarlar da yaşamaqdadırlar. Onlar azsaylı olsalar da ruslarla müqayisədə Ukraynanını dəstəkləməkdədirlər. Amma kim bilir bəlkə də illər ötəcək Hacıbəy şəhəri ( Odessa) yenidən onun əsl sahiblərinin olacaq və bu şəhər əsl adı (Hacıbəy) ilə çağrılacaq…

  1. Bu ilin aprel ayının 3-də Odessanın qubernatoru Saakaşvili tərəfindən bu qədim şəhərin köhnə adı ilə Hacıbəy adlandırılması barədə qaldırılan təşəbbüs Ukrayna Ali Radası tərəfindən bəyənilib. Əgər Ali Rada Odessanın qədim adının qaytarılması barədə qətiyyətli addım atsa, onda bu şəhər yenidən Hacıbəy kimi tarixə düşəcək.

 

 

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

five × 1 =