“Türkiyənin ən bəxtsiz qəhrəmanı – Hakan Şükür”

0
654

 

Hakan Şükür hakimiyyətə münasibəti dəyişəndən sonra Türkiyədən getmək məcburiyyətində qalıb

“The Guardian” yazır ki, Türkiyədə çox məşhur olan bir foto var: Bu ölkənin ən böyük futbolçularından birinin, UEFA kuboku qalibinin və Dünya Çempionatında ölkəsini yarımfinal mərhələdə təmsil etmiş şəxsin toy fotosudur. Bu fotoda onun yanında dayanan nikah şahidlərindən biri ölkənin prezidenti Recep Taiyyip Erdoğan, digəri isə vaiz Fethullah Gülendir. Bu toy bəyin həyatında ən təntənəli başlanğıc kimi görünürdü. Amma Hakan Şükürün taleyi tamam başqa cür oldu.

Onun həmin gün evləndiyi qadın artıq vəfat edib, atası həbsxanaya salınıb, özünə qarşı 112 dəfə ittiham irəli sürülüb və o, indi sürgündədir.

Əgər o, nə vaxtsa vətəninə qayıtsa, onu prezidenti təhqir etdiyinə və hökumətə qarşı üsyan qaldırdığına görə ömürülük həbs cəzası, hətta edam gözləyə bilər. O, atasını bir daha görə bilməyəcək. Bir vaxtlar ona edilən pərəstiş yox olub. Qısası, Şükür vətənini itirib.

Başqa futbolçuların da ulduzu sönüb, amma onlardan heç biri Şükürün faciəsi ilə müqayisəyə gəlməz.

O, bir vaxtlar futbolla yatıb, futbolla duran vətənində əfsanə, Bosfor öküzü idi. O, Qalatasarayın və Türkiyənin qolvuranı kimi hətta rəqib Fenerbahce və Beşiktaş azarkeşləri tərəfindən də sevilirdi. O, hətta 2002-2003 mövsümündə Blackburn Rovers klubu üçün 9 matçda oynamış, iki qol vurmuşdu. Şükür 2002-ci ili Dünya Kuboku yarışında ev sahibi olan Cənubi Koreyanın qapısına əlavə vaxtın ilk 10 saniyəsində qol vurmuşdu. Ən erkən qol rekordu hələ də qalır.

Hakan Şükür, Futbol ulduzu, FETO

Şükür 36 yaşında futboldan getdikdən sonra ekspert kimi çalışırdı və siyasət aləminə girişmişdi. O, bu gün hakimiyyətdə olan dindar və mühafizəklar AKP-ni təmsil edirdi. Və birdən-birə bütün mənzərə tutqunlaşdı, onun o vaxtadək əldə etdiyi nə vardısa heçə döndü.

Şükürün evliliyi boşanma ilə başa çatdı, üstəlik keçmiş arvadı Esra 1999-cu ildə İzmit və İstanbulda baş vermiş dəhşətli zəlzələnin 17 min qurbanından biri oldu. Bundan sonra Şükür TRT-də futbol eksperti idi. O elə-belə şərhçi deyildi, bilikliydi, ona diqqətlə qulaq asırdılar. O təkrar evləndi, üç uşağı oldu və hakim partiyadan, Erdoğanın partiyasından millət vəkili seçildi. Amma o, həmin o məşhur fotodakı ikinci kişi ilə – Gülenlə də əlaqələrini itirmədi.

Gülen hazırda Pennsylvania-da yaşayan çox qaranlıq bir fiqurdur, amma Türkiyəyə qayıdıb daha çox islami olan bir dövlət qurmaq niyyətindıən əl çəkməyib. Hökumət 2013-cü ildə Gülen məktəblərini bağlamaq qərarına gələndə, Şükür də hakimiyyət partiyasından istefa etdi, müstəqil millət vəkilinə çevrildi. İndi o, futboldan çox uzaq idi və fəlakətləri təzəcə başlanırdı.

O artıq universitetlərdən birindəki çıxışında “mən heç türk də deyiləm və əslində albanam” deyəndə başını bəlaya salmışdı. Türkiyədə “alban” və ya “kürd” olduğunu elan etmək – həddini aşan millətçiliyə qarşı çıxış deməkdir.

2016-cı ildə Şükürə qarşı sosial mediada prezidenti təhqir etmək ittihamı irəli sürüldü. O, artıq ölkədə yox idi və onu qiyabi mühakimə etdilər. O, prezidenti təhqir etmədiyini dəfələrlə söyləsə də, prokurorlar bunun əksini deyirdilər.

Bundan sonra, 2016-cı ilin iyulunda baş tutmamış çevriliş cəhdində fethullahçıları ittiham etdilər. Bunun ardınca 120 min insan işini itirdi, 50 min nəfər həbs olundu. İndi artıq Gülenlə əlaqəsi olan hər kəs şübhəli sayılırdı. Prokurorluq Şükürün həbsi barədə orderi artıq avqust ayında imzaladı.

Sakarya vilayətinin prokurorluğui onu terrorçu qrupun – FETÖ-nün üzvü olmaqda ittiham edirdi.

Şükür Güleni pisləyib əvəzində azadlığını təmin edə bilərdi, amma bunu etmədi. Bunun ardınca onun atası Selmeti Adapazarı məscidində həbs etdilər.

İndi artıq ailəni FETÖ-nü maliyyələşdirməkdə ittiham edirdilər və onların mülkiyyəti müsadirə olunmuşdu. Şükür Amerikaya qaça bilmişdi. İyun ayında atası həbsdəykən, deyildiyinə görə, xərçəngdən vəfat etdi.

İndi Şükür sürgündədir. Ətrafında yalnız futboldan qalma yadigarları var.

BIR CAVAB BURAXIN