Türkiyəli şərhçi: “PKK çox ağır itkilərə məruz qalıb”

0
654
ehmet Faraç: “Bundan sonrakı dönəmdə təşkilatın böyük şəhərlərdə ara-sıra aksiyaları olacaq, ancaq PKK 1978-ci ildə yarandığı nöqtəyə dönəcək”

 Türkiyənin Orta Şərq, terror və təhlükəsizlik məsələləri üzrə tanınmış mütəxəssisi, “Aydınlık” qəzetinin köşə yazarı Mehmet Faraçın APA-ya müsahibəsi

 

– İstanbulda çevik polis alayına qarşı terror aksiyasını kim törətdi?

 

– PKK terror təşkilatı son 1 ildə çox ağır zərbələrə məruz qaldıqdan sonra öz varlığını qorumaq üçün böyük şəhərlərdə gurultu qoparan aksiyalara yönəldi. Xüsusilə, terror təşkilatının özünə baza saydığı Mardin və Şırnakda ağır məğlubiyyətlərə məruz qalması təşkilatın şəhərlərdə aksiyalar keçirmək üçün qurulmuş qolu olan TAK-ın terror əməllərinin artmasına səbəb oldu. PKK terror təşkilatı bundan əvvəl – 1997, 2001, 2009-cu illərdə də ağır məğlubiyyətlərə məruz qaldıqdan sonra böyük şəhərlərdə aksiyalar keçirmiş, ancaq məqsədinə çata bilməmişdi. Terror təşkilatı son aylarda tarixinin ən böyük məğlubiyyətlərini alıb. Diyarbəkirdən Mardinə, Şırnakdan Hakkariyə qədər terror təşkilatı özünə dayaq saydığı yerlərin hamısında ağır itkilər verib, özünü güclü hesab etdiyi dönəmdə ən ağır məğlubiyyətlərə düçar olub.

 

– Terror təşkilatının İraq və Suriyada verdiyi ağır itkiləri də buraya əlavə etsək, onun bitmə nöqtəsinə gəldiyini deyə bilərikmi? Türkiyə təhlükəsizlik qüvvələrinin apardığı əməliyyatların nəticələrinə dair  nə demək istərdiniz?

 

– Mən məsələyə qlobal miqyasda baxıram, Suriyadakı PYD-YPG qruplaşmasını da PKK adlandırıram, onların hamısı eyni şeydir. PKK orada İŞİD-ə qarşı savaşaraq özünü dünyaya “radikal islama qarşı mübarizə aparan bir təşkilat” kimi göstərməyə çalışsa da, onun mahiyyəti dəyişmir. Türkiyənin təhlükəsizlik qüvvələri keçən ilin iyulundan bəri bölgədə terrora qarşı kompleks şəkildə uğurlu əməliyyatlar aparıb. Təsəvvür edin ki, Suriyadakılar da daxil olmaqla, terror təşkilatı son 1 ildə təxminən 10 min üzvünü itirib. Bu, PKK terror təşkilatının təxminən yarısı deməkdir. Bundan əlavə, bölgədəki əhali artıq terror təşkilatını orada görmək istəmir. Bölgənin PKK dəstəkli millət vəkilləri artıq öz bölgələrində, küçələrdə xalqın sərt reaksiyası ilə qarşılaşırlar və rahat gəzə bilmirlər. İlk terror aksiyasını 32 il əvvəl həyata keçirən PKK tarixinin ən böyük məğlubiyyətlərini alıb.

 

– Bugünkü qəzetlərin birində Hakkarinin Yüksəkova qəsəbəsi icra başçısının müsahibəsi var. İcra başçısı qəsəbədə sənaye müəssisələri tikəcəklərini, 2 fakültə açacaqlarını və əməliyyatlar vaxtı ziyana məruz qalmış evlərin dövlət tərəfindən təmir etdiriləcəyini vurğulayıb. Dövlət bu dəfə terroru  qəti şəkildə bitirmək üçün qərarlı addımlar atır. Bu barədə nə demək istərdiniz?

 

– Dövlətin bölgəyə sərmayə aparması, ali təhsil qurumlarının açılması, ziyana məruz qalmış evlərin dövlət tərəfindən bərpa edilməsi çox mühüm addımlardır və bölgə əhalisinin dövlətin tərəfində olmasını şərtləndirəcək. 30 ildən bəri terror təşkilatını yaxından izləyən adam kimi deyirəm ki, bundan sonrakı dönəmdə təşkilatın böyük şəhərlərdə ara-sıra aksiyaları olacaq. Ancaq orta müddətdə xalqın dəstəyini tamamilə itirəcək olan PKK terror təşkilatı 1978-ci ildə yarandığı nöqtəyə dönəcək. Ondan sonra varlığını davam etdirməsi isə qeyri-mümkündür.

BIR CAVAB BURAXIN