“Türkiyəni əsir almaq üçün Rza Zərrab işi ABŞ-ın əlindəki tək şantajdır…”  

0
613

Türkiyə ilə ABŞ arasında gərginlik davam edir. Bütün vasitələrlə Türkiyəyə təzyiq göstərən Qərb bununla qardaş ölkəni zəiflətməyə və onu öz istədiyi kimi yönləndirməyə çalışır. Əvvəlcə ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini dayandırdı. Ancaq istədiyi nəticəni əldə edə bilmədi. İndi Rza Zərrab oyunu ilə Türkiyəyə təzyiq göstərilir.
Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən Türkiyənin tanınmış jurnalisti, “Star” qəzetinin köşə yazarı İlhami İşıq bildirib ki, İkinci Dünya Müharibəsindən sonra ABŞ öz mənafeyini bütün dünyanın marağı kimi qəbul etdirməyə çalışır:
“Bütün beynəlxalq qərarlarda ABŞ-ın dominant mövqeyi öz əksini tapıb. Dövlətlərarası əlaqələrə nümunə olsun deyə icad edilən bir sıra beynəlxalq qaydalar, əslində,  ABŞ-ın öz istəklərini reallaşdırmasını asanlaşdıran sənədlərdir. Bunlardan ABŞ başqa ölkələrə təzyiq vasitəsi kimi istifadə edir. Onlardan biri də Rza Zərrabın həbs olunması və həmin beynəlxalq qaydaların əsas götürülərək dünya ictimaiyyətinə yanlış məlumatlar verilməsidir. Bildiyiniz kimi, ABŞ-ın BMT-nin qərarı olmadığı halda İrana qarşı tətbiq etdiyi təktərəfli sanksiyalar bir sıra dövlətlər tərəfindən qəbul olunmadı. Rusiya və Çin İranla iqtisadi əlaqələrini daha da genişləndirdi. Həmin dövlətlərin İranla ticarət dövriyyəsi 100 milyard dolları keçdi. Bu, sanksiyaların İrana ciddi təsir etməsinə imkan vermədi. Ancaq bu vəziyyət beynəlxalq hüququn pozulması kimi qiymətləndirilmədi”.
“Bəs nəyə görə ABŞ Rza Zərrabı və dolayısı ilə Türkiyəni mühakimə etmək istəyir?” deyən İlhami İşıq onu da vurğuladı ki, İrana qarşı qəbul olunan sanksiya qərarını Türkiyə imzalamayıb:
“Əgər İrana qarşı sanksiya tətbiq etmək barədə ABŞ və Türkiyə arasında müqavilə imzalanmayıbsa, ABŞ hansı beynəlxalq qanunları əsas götürüb Türkiyəni suçlayır? Türkiyə bu məsələdə ABŞ-la ortaq hərəkət etməyib. Tam tərsinə, Türkiyə bu qərara müxalif olduğunu elə ilk gün açıqlamışdı”.
“Əslində bunun çox sadə bir səbəbi var. Türkiyə ABŞ-ın hər istəyinə “baş üstə” deyəcək əvvəlki Türkiyə  deyil. Rza Zərrab işinin mərkəzində  Şərq məsələsində Türkiyə və ABŞ arasındakı münaqişə və fikir ayrılığı dayanır. ABŞ yeni Şərq siyasəti üçün Türkiyəni əsir almaq istəyir və Rza Zərrab işi əlindəki tək şantajdır” – İlhami İşıq belə deyib.

BIR CAVAB BURAXIN