Türkiyəli alim Tarix İnstitutunda dissertasiya müdafiə edib

0
653

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda “Türk orta məktəblərində tarixin öyrənilməsi məsələləri (Azərbaycan və Türkiyə nümunəsi üzrə)” mövzusunda dissertasiya müdafiəsi keçirilib.

Arazinfo.com-a Tarix İnstitutundan verilən məlumata görə, dissertasiya işinin müəllifi Türkiyə Respublikasının Atatürk Araşdırma Mərkəzinin (ATAM) sədr müavini Nihat Büyükbaşdır. N.Büyükbaşın elmi rəhbəri isə Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovdur.

N.Büyükbaş dissertasiyasında türk dünyasında tarixin yazılması, Azərbaycan və Türkiyədə tarix fənninin öyrədilməsi ilə bağlı tədqiqat aparıb. Dissertasiya işində Azərbaycanın orta məktəb dərsliklərində Türkiyə və digər türkdilli respublikalardan fərqli olaraq türk dövlətlərinin tarixinin kompleks şəkildə, qərəzsiz və obyektiv əks olunduğu göstərilib.

Tədqiqat işinin əsas məqsədi türkdilli ölkələrdə ümumtəhsil məktəblərində tarix dərslərinin tədrisi, bunun gənclərdə milli şüurun formalaşdırılmasına təsiri, eyni zamanda Azərbaycan və Türkiyədə ortaq türk tarixinin öyrənilməsi, yazılması, tədrisi və şagirdlərə çatdırılması yollarını araşdırmaqdan ibarətdir.

İclasda təklif olunub ki, tarix fənninin tədrisi üzrə Azərbaycanın qabaqcıl təcrübəsi qardaş Türkiyədə və digər türkdilli respublikalarda da tətbiq olunmalıdır.

Dissertasiyada türklərin öz tarixlərini yazmaqda gecikmələri qeyd olunmuş və Osmanlı dövründə tarixşünaslığa fransız tarixçilərinin təsiri sübut edilmişdir.

Yaqub Mahmudov bildirib ki, ortaq türk tarixinin yazılması olduqca aktual və əhəmiyyətlidir. O deyib: “Bu dissertasiya işi “Ortaq türk tarixi” layihəsi çərçivəsində tarix elminə dəyərli töhfədir”.

Qeyd edək ki, Tarix İnstitutu ilə ATAM arasında imzalanan birgə əməkdaşlıq protokoluna (2013) əsasən “Ortaq türk tarixi” yazılır.

Nihat Büyükbaşdan başqa, Tarix İnstitutunun Dissertasiya Şurasında “Azərbaycan mədəniyyəti tarixində Tiflis şəhəri (XIX-XX əsrin əvvəlləri)” adlı dissertasiyanın müdafiəsi də olub. Dissertasiya işinin müəllifi Rəhim Məcnunov, elmi rəhbər tarix üzrə elmlər doktoru İradə Bağırova, elmi məsləhətçi isə tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovdur. Tədqiqatın başlıca mənbə bazasını Azərbaycan və Gürcüstan respublikalarının arxivlərindən əldə olunmuş sənədlər təşkil edir.

BIR CAVAB BURAXIN