Türkiyə Suriya müharibəsində ‘ilişib’

0
748

Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun üsyançıları əl-Bab yaxınlığında

Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun üsyançıları əl-Bab yaxınlığında

Amerikanın səsi” radiosu xəbər verir ki, İslam Dövləti adlandırılan təşkilat Suriyanın əl-Bab şəhəri ətrafında bir neçə kəndi Türkiyənin dəstəklədiyi qiyamçılardan geri alıb.

Halbuki hələ ötən həftəsonu prezident Erdoğan Türkiyə qoşunlarının əl-Bab şəhərinin mərkəzinə daxil olduğunu təntənəli şəkildə elan etmişdi.

Xəbər verilir ki, Türkiyə aviasiyasının intensivzərbələrinə baxmayaraq cihadçılar türk əsgərləri və onların dəstəklədikləri qiyamçıları əl-Babın şimalındakı azı üç rayondan geri oturda biliblər.

Əl-Bab Hələbdən sonra İŞİD-in nəzarətində qalan sonuncu istehkamdır.

İD-in fəaliyyətini yaxından izləyən Suriya təhlilçisi Sədrəddin Kinno deyib ki, İD şəhərə əlavə qüvvələr gətirə bilib.

Bu da xəbər verilir ki, İD canlı sipər kimi istifadə etmək üçün şəhərin minlərlə sakinini getməyə qoymur.

Suriya müxalifəti mənbələrinin verdiyi məlumata görə Türkiyənin əl-Babı bombardman etməsi nəticəsində son bir neçə gündə 45 dinc sakin həlak olub.

İD-in əks-hücumundan az əvvəl bir ay çəkən hücumdan sonra Türkiyə hərbiyyəsi qələbənin lap yaxında olduğunu elan etmişdi.

Türkiyə rəsmiləri bunu da bəyan etmişdilər ki, onların məqsədi İŞİD-i əl-Babdan çıxartdıqdan sonra təşkilatın de facto paytaxtı Raqqa üzərinə hücum etməkdir.

“Əl-Babdan sonra bizim bir hədəfimiz də var. O da Raqqadır” – demişdi Erdoğan.

Lakin təhlilçilər bildirirlər ki, Suriyadakı hazırkı siyasi dinamika nəzərə alınarsa, Ankaranın bunu təkbaşına etməsi demək olar, mümkün deyil.

Suriya Demokratik Qüvvələrinin kürd qadın döyüşçüləri Raqqanın 40 kilometrliyində

Suriya Demokratik Qüvvələrinin kürd qadın döyüşçüləri Raqqanın 40 kilometrliyində

Bu arada ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri (SDQ) Raqqa ətrafında bir çox şəhər və kəndləri tutmaqla əhəmiyyətli irəliləyiş edib. SDQ-nin böyük əksəriyyətini kürd qüvvələri təşkil edir.

Üstəlik Əl-Cəzirə xəbər verir ki, Suriyanın Mənbic şəhərindəki kürd döyüşçülər bu ərazini Türkiyə ordusuna təslim etmək niyyətində olmadıqlarını və lazım gələrsə döyüşəcəklərini deyiblər.

Erdoğanın əl-Babdan sonra Mənbic şəhərinə hücum ediləcəyi barədə bəyanatına cavab olaraq kürd qüvvələrinin komandanı Adnan Abu Amjad deyib ki, şəhəri türklərə verməyəcklər.

Mənbic şəhəri ABŞ koalisiyasının hava zərbələrinə arxalanan kürd qüvvələri tərəfindən İŞİD-dən alınıb.

Siyasi şərhçilər bildirirlər ki, Raqqa üzərinə hər hansı hücumdan əvvəl münaqişənin kürdlər də daxil bütün oyunçuları arasında ortaq məxrəcin tapılması lazım gələcək.

BIR CAVAB BURAXIN