Türkiyə Cümhuriyyəti, Dənizli vilayətinin Akhan məhəlləsində yaşayan Azərbaycan kökənli türklər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət ediblər

0
488

Biz Türkiyə Cümhuriyyəti, Dənizli vilayətinin Akhan məhəlləsində yaşayan Azərbaycan kökənli türklər sizə müraciət etməyi özümüzə borc bilirik. XIX əsrin sonlarında Azərbaycanın Şəki rayonunun Baş Göynük, Baş Şabalıd və Qumuq kəndlərindən Osmanlı dövlətinə mühacirət etmiş dədə-babalarımız bugünkü Akhan məhəlləsini salmışlar. 90 ilə yaxın Azərbaycandan heç bir xəbər almadan yaşayan böyüklərimiz dünyaya gözlərini yummadan əvvəl Azərbaycana getməyimizi, yurd yerlərimizi ziyarət etməyimizi vəsiyyət etmişlər. Təəssüflər olsun ki, Sovetlər birliyinin dəmir sərhədləri bizlərə böyüklərimizin vəsiyyətini yerinə yetirməyimizə imkan vermədi. Şükülər olsun ki, 1991-ci ildə Azərbaycan müstəqillik əldə etdi. Bundan sonra bizlərdə böyük ümid yarandı. Və bizlər Akhandan olan Hikmət Akhan adlı bir soydaşımızın yardımı ilə vətənimiz Azərbaycanla əlaqə yaratmağa müvəffəq olduq. Sonralar Azərbaycanlı araşdırmaçılar Şahin Aydəmirin və Osman Məmmədovun vasitəçiliyi ilə Azərbaycanla daha sıx əlaqə qura bildik. Ancaq müstəqilliyini yenicə qazanmış Azərbaycanın içində, bəzi xarici qüvvələr erməni problemini yaratdılar. Qarabağda ermənilərin əli ilə yaradılmış problemin başlanğıcından bizlər- Akhan məhəlləsindəki Azərbaycan kökənli türklər də narahat günlər yaşadıq. Azərbaycan dövlətinin ərazisinin iyirmi faizinin erməni terrorçuları tərəfindən işğal edilməsi bizim heysiyyatımıza toxunurdu. Axı Azərbaycandan Osmanlı dövlətinə mühacirət etmiş böyüklərimiz Çanaqqala və İstiqlal savaşlarında ağsaqqal yaşlarında belə, düşmənlərə qarşı amansızcasına döyüşmüşlər. Onlardan 30-dan çoxu şəhid olmuşdur. Biz tarixən düşmən qarşısından qaçan olmamışıq… XIX əsrdə Azərbaycan torpaqlarını işğala məruz qoymuş Çar Rusiyasının əsgərlərinin və onların oyuncağına çevrilmiş erməni qaniçənlərinin layiq olduqları dərsi vermişlər. Biz heç şübhə etmirik ki, erməni terrorçularının arxasında böyük güclər olmasaydı onlar Azərbaycan torpaqlarını işğala məruz qoya bilməzdilər.

Çox hörmətli Prezidentimiz, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azadlığa qovuşması istiqamətində başlatdığınız mücadilənizi bütün varlığımızla dəstəkləyirik. Və sizin komandanlığınız altında Vətən müharibəsində iştirak edə bilsək, özümüzü xoşbəxt sanarıq. Ehtiyac yarandığı an bizlər canımızla, var-dövlətimizlə Sizin xidmətinizdə olmağa hazırıq. Hörmətli Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın Azərbaycana göstərdiyi mənəvi və siyasi dəstəyi də yüksək qiymətləndiririk. Allah yar və yardımçınız olsun.

BIR CAVAB BURAXIN