Bu günlərdə İran informasiya agentliyi “Mehr” maraqlı bir xəbər yaydı. Xəbərdə deyilirdi ki, gələn il Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustan “Türk dünyasının birləşmiş ordusu – Avrasiya hərbi qüvvələri” yaradacaq. Bildirilirdi ki, belə bir plan 2013-cü ildən var, lakin türkdilli olmayan və quruma “Avrasiya təhlükəsizlik qüvvələri” statusu ilə qatılmalı olan Monqolustanın üzündən baş tutmayıb.
Sözsüz ki, müstəqil dövlətlər kimi, bu dörd ölkə hərbi struktur yarada bilər. Əgər “Rus NATO-su” – KTMT mövcuddursa, niyə də “Türk NATO-su” olmasın? Önəmlisi, əlbəttə ki, ortaq ordunun yaranmasının 4 dövlətin milli və təhlükəsizlik maraqlarına cavab verməsidir. Nəzərə alsaq ki, qarşıdakı 2018-ci il dünyaya və regiona təhlükəsizlik baxımından xeyli mürəkkəblik vəd edir, o zaman “Türk NATO-su”nun imperativə çevrildiyini söyləmək mümkündür.
*****
Şübhə yox ki, bu plana bir yandan Türkiyənin üzv olduğu, lakin son illər əlaqələri xeyli soyuyan NATO, ABŞ həssaslıqla yanaşacaqsa, o biri yandan Rusiya məsələni diqqətlə izləyəcək. Çünki Moskva Ankara ilə nə qədər yaxın münasibətlərdə olsa da, “Türk NATO-su”nun təsir zonası Rusiyanın “həyati maraqlar” zonası ilə ya kəsişir, ya da onunla həmsərhəddir.
Bu xüsusda Rosbalt.ru nəşrində getmiş dünənki məqalə diqqət çəkir. “Yeni Müsavat” xəbər verir ki, “Yeni Orda” və ya Türk NATO-su?” başlıqlı məqalədə əslində həm də şimal qonşumuzun narahatlığından bəhs edilir.
Məqalədə deyilir: ““İks saatı” artıq yetişib. Avrasiya hərbi qüvvələri BMT-nin sülhməramlı qüvvələri kimi bölgədə təhlükəsizliyi qoruyacaq. Burada ən fəal rol isə “türk ordusu”na təlim keçəcək Türkiyənin üzərinə düşür. Türk dünyasının birləşmiş ordusunun simvolu isə at və 4 ulduz olacaq”.
Məqalə müəllifinin iddiasına görə, doğulmaqda olan yeni hərbi blok ən əvvəl NATO-nu narahat edəcək: “Əvvəla, ona görə ki, nəzəri cəhətcə Avrasiya hərbi qüvvələri KTMT üçün bir növ köməkçi qismində ola bilər. İkincisi isə Türkiyə ilə NATO arasında parçalanma artıq Ankaranı özünə hərbi müttəfiqlər axtarmağa vadar edir. Üstəlik, bu, Rusiyanın Yaxın Şərqdə aşkar uğurları və Türkiyənin görünməmiş şəkildə ona yaxınlaşması fonunda baş verir. Türkiyənin NATO üzvlüyü ciddiyə alınarsa, söyləmək olar ki, unikal bir vəziyyət yaranıb”.
Müəllifin fikrincə, ortaq türk ordusunun yaradılması ideyası tamamilə məntiqli görünür:“Türkiyənin girmək istədiyi Avropa Birliyi də öz ordusu haqda danışmağa başlayıb. NATO-nun ideologiyası və ABŞ-ın hökmü artıq Avropaya sərf eləmir. Fransa prezidenti E.Makron deyib ki, Ortaq Avropa Ordusu 2020-ci il üçün, NATO-ya əlavə qüvvələr kimi formalaşacaq. Lakin fransız prezidentinin səmimiliyinə şübhə eləmək olar: nədən ki, Avropa məhz ”separat” silahlı qüvvələr yaratmağı hədəfləyib və NATO-nun da adını ona görə çəkir ki, ABŞ-ı qıcıqlandırmasın. Bir sözlə, türk ordusunun yaradılması ilk baxışda göründüyü qədər elə də qəfil gediş deyil”.
Daha sonra məqalədə Türkiyənin Azərbaycandakı sabiq səfiri İsmayıl Alper Coşquna istinadla fikirlər yer alıb: “Hələ 2015-ci ilin martında səfir bildirmişdi ki, vahid türk ordusu yaratmaq çətin olsa da, türkdilli ölkələr strateji vacib regionda yerləşir və onlar sabitlikdə və təhlükəsizlikdə maraqlıdır və öz aralarında dialoq qurmalıdır. Nümunə qismində də o, Türkiyə və Azərbaycanı göstərmişdi – hansı iki ölkə ki, məlum olduğu kimi, müntəzəm birgə hərbi təlimlər keçirir. ”Türk dünyasının ortaq ordusu olsa da, olmasa da, onun ölkələri işgüzar tərəfdaşlardır. Təkcə türk dünyasının dövlətləri deyil, başqa ölkələr də müşahidəçi qismində bu tərəfdaşlığa qoşula bilər” – səfir demişdi. Yəni iki il yarım öncə diplomat vahid türk ordusunun yaranması haqda xəbəri birmənalı təsdiqləməsə belə, türk dünyası üçün əməkdaşlığın “analoq”u qismində NATO-nu göstərib. Xüsusi qeyd edək: səfir həm də müşahidəçilərdən danışıb. Lakin belə bir qurumun yaradılması üçün təşkilat lazımdır. Ehtimal ki, bu da artıq formalaşmaqdadır, çünki Türkiyə bu barədə artıq bəyan edib. Yəni birbaşa türk ölkələrini hədələyən terror təlatümləri, habelə bəzi qüvvələrin bu ölkələrdə hakimiyyət dayaqlarını laxlatmaq maraqları nəzərə alınarsa, bundan ötrü zamanın çatdığını söyləmək olar”.
Bəs regional və dünya siyasətində həm də Türkiyə ilə rəqib olan Rusiya bu layihəni dəstəkləyəcəkmi? Müəllif özünün qoyduğu suala belə cavab verir: “Əgər gələcək türk ordusu özünə sürətlə yeni qüvvələri cəlb eləməzsə, yəqin ki, Rusiya hay-küy qaldırmayacaq. Axı müstəqil türk dövlətləri dünya xəritəsində altıdır – Azərbaycan, Qırğızıstan, Türkiyə ilə yanaşı, Qazaxıstan, Özbəkistan və Türkmənistan. Bu ölkələrin hamısı Rusiyanın maraqlar zonasında yerləşir. Bəziləri isə (Qazaxıstan, Qırğızıstan -red.) hətta KTMT-də təmsil olunur ki, bu da onların vahid türk ordusunun bayrağı altında təmsilçiliyinə mane ola bilər. Hərçənd Rusiya ərazisində də türk etnosunun üstünlük təşkil elədiyi regionlar və muxtariyyətlər var. Yəni ki, Rusiyanı şərti olaraq, ”qismən türk dövləti” də adlandırmaq mümkündür. Kəsəsi, əgər “Türk ordusu – vahid Avrasiya qüvvələri” gerçəkdən, yaranacaqsa, bu, çətin ki, orada Rusiyanın kölgə iştirakı olmadan mümkün olsun. Çox şey Türkiyədən və onun öz ambisiyalarını yumşaltmasından, Ankaranın NATO və AB ilə münasibətlərində nə dərəcədə öz maraqlarında təkid edəcəyindən asılı olacaq”.
*****
Qardaş ölkə isə nə NATO-nun, nə də ABŞ və Avropanın maraqlarının yedəyində getməyə hazırlaşır. Politoloq Qabil Hüseynli hesab edir ki, Türkiyə artıq NATO-nun itaətindən çıxaraq dünya siyasətində müstəqil oyunçu rolunu daha da gücləndirməkdədir (axar.az). Onun sözlərinə görə, Türkiyə özünə yaxın yeni bölgələr yaratmağa səy göstərir, ona görə də üzünü bir sıra müsəlman və türkdilli ölkələrə çevirib.
“Ankara orada öz maraqlarını təmin etməyə çalışır. Türkiyənin bu genişlənmə siyasətini bəzən Osmanlı dönəminə qayıtmaq planı kimi səciyyələndirirlər. Ancaq bu, heç də belə deyil. Türkiyə buna qədər daxilə yönəlik xarici siyasət yeridirdisə, indi bu xəttə hücumçu bir status verib. Qardaş ölkə öz regionunda sözü keçən bir dövlətə çevrildiyini isbatlamaq üçün bir-birinin ardınca böyük cəhdlər edir. Doğrudur, bu cəhdlər bəzən güclü maliyyə tələb edir. Ancaq hər halda Türkiyəyə yönəlik düşmən cəhdlərini ölkə daxilində deyil, xaricdə qarşılamaq doktrinası özünü doğruldan siyasətdir” – politoloq deyib.
Onun fikrincə, Türkiyə artıq NATO çətiri altında yaşayan bir ölkə deyil: “Qətərdə dövlət çevrilişi cəhdinin qarşısını almaqla və burada öz hərbi bazasını yaratmaqla, eyni zamanda, Sudan tərəfindən müvəqqəti verilən bir adada nümunəvi şəhərcik salmaq öhdəliyini öz üzərinə götürməklə Ankara bir tərəfdən islami dəyərlərin güclənməsinə yardım edir, o biri tərəfdən isə qüdrətini ən azından yaxın çevrəsinə yaymağa çalışır. Bu sarıdan qardaş ölkənin atdığı addımlar artıq öz bəhrəsini verir. Bununla yanaşı, Türkiyə sənaye istehsalına görə dünyanın 13-cü ölkəsinə çevrilir, hətta milli gəlir səviyyəsinə görə Rusiyanı ötüb. Belə olan şəraitdə bir dövlətin müəyyən ambisiyalarının yaranması təbiidir. Bu nöqteyi-nəzərdən də hesab edirəm ki, Türkiyə genişlənmə siyasətini ehtiyatla həyata keçirərsə, qarşıya qoyduğu məqsədlərinə nail ola bilər”.
Bütün hallarda gələn il böyük ehtimalla, Türkiyə və Azərbaycanın episentrdə yer aldığı çox maraqlı geosiyasi gəlişmələrin şahidi ola bilərik. Söhbət ortaq türk ordusu ideyası ilə yanaşı, həm də Azərbaycanda (Naxçıvanda) Türkiyə hərbi bazalarının yerləşdirilməsindən gedir.
“Yeni Müsavat”ın analitik xidməti