Trampla Putin nə əldə etdi, nədə razılaşdı

0
376

Helsinki görüşünün əsas nəticəsi budur ki, iki ölkə arasında müxtəlif məsələlərdə dərin fikir ayrılıqları olsa da, dialoq davam edəcək.

Arazinfo.com axar.az-a istinadən xəbər  verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Trampa və Putinə də elə bu lazım idi:

“Birincisi, Rusiya Prezidenti Vladimir Putin iki ölkə arasında terrorizmlə birgə mübarizənin aparılmasının tərəfdarıdır. Məsələn, Putin təklif edib ki, xüsusi xidmət orqanları arasındakı əməkdaşlıq davam etsin və bu sistemli şəkil alsın. İkincisi, Putin istəyir ki, iki ölkə arasında Suriyada əməkdaşlıq formatları tapılsın. Putin Trampa kompliment edərək onun Şimali Koreya nüvə məsələsinin həllindəki yüksək rolunu da vurğulayıb. Halbuki, Tramp özününkülərindən narazıdır ki, niyə Amerikada onun Şimali Koreya nüvə məsələsinin həllindəki rolunu lazımınca qiymətləndirmirlər. Putin bu mənada Trampın zəif damarını tapıb”.

Politoloq qeyd edib ki, İran məsələsində isə iki ölkə lideri arasında razılaşma əldə olunmadı:

“Tərəflərin mövqelərində dəyişiklik baş vermədi, bu heç gözlənilmirdi də. Tramp İranı çökdürmək istəyir və bu planında heç bir dəyişiklik etməyəcək. Eyni zamanda prezidentlər Suriya məsələsində də hər hansı razılıq əldə etmədilər”.

Politoloq bildirib ki, Putin Rusiyanın ABŞ-dakı seçki prosesinə qatılmadığını bir daha xatırlatdı:

“Trampdan olsa, Putinə inanardı. Məsələ burasındadır ki, Trampa Amerikada müxalif olanlar, o cümlədən Konqres və media Putinin dediklərinə inanmır və Ağ Ev sahibi durumu dəyişə bilmir. Putinin mətbuat konfransında amerikalı jurnalistin sualına cavab olaraq, “Bəli, mən Amerikada prezident seçkisində Trampın qələbə qazanmasını istəyirdim” etirafı da Ağ Ev sahibinə ölkəsində az problem yaratmayacaq. Putin inanır ki, Trampla dialoq ümumi işin xeyrinədir. Ancaq Konqres və Amerikadakı müxtəlif siyasi və media mərkəzləri belə hesab etmir”.

Politoloq vurğulayıb ki, Ukrayna məsələsində tərəflərin mövqeləri dəyişməyib:

“Bu görüşə qədər ehtiyat edilirdi ki, Donald Tramp Krımın ilhaqını qəbul edə bilər. Helsinkidə bu baş vermədi. Mətbuat konfransında prezidentlər Ukrayna mövzusuna ümumiyyətlə toxunmadılar. Tramp üçün Ukrayna mövzusu açıq-aşkar arxa plana keçib. Halbuki, Barak Obamanın dövründə Ukrayna mövzusu aktual idi. Çünki Ukraynadakı hadisələr məhz Obamanın dövründə cərəyan etmişdi. Obama özünə borc bilirdi ki, Ukraynanı dəstəkləsin. Trampın isə belə bir dərdi yoxdur”.

Politoloqun sözlərinə görə, bu görüşə baxmayaraq, Tramp Avropanın Rusiyadan enerji asılılığının əleyhinədir və bu durumu dəyişməyə çalışır:

“Ancaq Tramp mətbuat konfransında Rusiyanı və Putini düşmən deyil, yaxşı mənada rəqib adlandırdı. Tramp Putinin gözünün içinə baxaraq onu düşmən adlandıra bilməzdi. Ona görə də əvvəlki ritorikasını zəiflətdi. Ancaq görüşdən sonra Tramp yenə də istədiyi kimi danışacaq. Tramp mətbuat konfransında onu da açıq dedi ki, Rusiya iki ölkə arasındakı münasibətlərin soyumasında Amerikanın keçmiş administrasiyalarından az günahkar deyil”.

Politoloq qeyd edib ki, Putinin amerikalı həmkarı ilə dialoqda bir problemi yoxdursa, Trampı daxildə ciddi suallar gözləyir:

“Amerikadakı siyasi mərkəzlər və media ABŞ prezidentinin Putinlə dostluğunun və sıx dialoqunun əleyhinədir”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

2 × 3 =