Tramp-Lewis toqquşması: Demokratların inaqurasiya boykotu genişlənir

0
614

  • Donald Trump və John LewisFotonun müəllifiAFP
Image captionDonald Trump insan haqları fədaisi John Lewis-ə hücumuna görə kəskin tənqid olunur

Cümə günü Trump-ın inaqurasiyasında iştirak etməyəcklərini bildirən demokratların sayı 26-ya çatıb.

Bir çoxları bunun səbəbi kimi prezident seçilənin bu yaxınlarda insan haqları mücəsəmməsi sayılan konqresmen John Lewis-ə tənqid hücumunu göstərirlər.

Cənab Lewis onun “legitim prezident olmadığını” deyəndən sonra Trump konqresmenin üstünə tvit tənqidləri yağdırıb.

O deyib ki, cənab Lewis “yalnız danışmağı bacarır və heç bir iş görmür”.

Cənab Lewis Amerika insan haqları hərəkatının görkəmli nümayəndəsidir və amerikalıların bir çoxu onu qəhrəman hesab edirlər.

O 1965-ci ildə səs hüququ tələb edən bədnam Selma-Montgomery yürüşü zamanı polis tərəfindən döyülənlərin arasında olub.

O 1987-ci ildə Nümayəndələr Palatasına seçilib və o vaxtdan bəri Georgia ştatının 5-ci konqres dairəsində deputat kimi çalışır.

Trump bunu da deyib ki, həmin dairə başdan-başa “cinayətkartlıq içindədir”.

Martin Luther King Günü ərəfəsində səslənmiş bu təhqir demokratların bir çoxu üçün səbr kasasını daşdıran son damla olub. Onlar ənənəni pozaraq cümə günü keçiriləcək inaqurasiya mərasiminə qatılmayacaqlar.

“Respublikaçı John Lewis-in təhqiri Amerikanın təhqiri deməkdir” – deyib New York-un beş millət vəkilindən biri Yvette Clarke.

California deputatı Ted Lieu deyib: “Mənim üçün inaqurasiyada iştirak etməmək qərarı şəxsi mənada sadə qəbul olunub: Mən Donald Trump-ın yanındayam, yoxsa John Lewis-in? Mən John Lewis-in yanındayam.”

Illinois nümayəndəsi Luis Gutierrez inaqurasiyanı boykot edəcəyini hələ dekabr ayında elan etmişdi.

“Mən ora getsəm, gərək sonra arvadımın, qızlarımın, nəvəmin gözlərinə baxa bilməyim. Onda belə çıxar ki, namizədin qadınlar, latinolar, qaralar, müsəlmanlar və başqaları haqqında dediklərini, tvitlədiklərini bizim kollektiv yaddaşımızdan silmək olar” – deyib Gutierrez Konqresə.

Cənab Gutierrez deyib ki, o inaqurasiyanın ertəsi günü qadınların alternativ olaraq Washington-da keçirəcəkləri yürüşə qoşulacaq.

Konqresmen Katherine Clark (ortada) mərasimi boykot edənlərin arasındaFotonun müəllifiAP
Image captionKonqresmen Katherine Clark (ortada) mərasimi boykot edənlərin arasında

Cənab Lewis özünün boykot qərarını NBC News kanalına müsahibəsində bildirib. O deyib ki, cənab Trump qeyri-legitim prezidentdir. Onun bu bəyanatı Trump-ı özündən çıxarıb.

Cənab Trump-ın andiçmə mərasimi son 30 ildə Lewis-in qatılmadığı ilk inaqurasiya olacaq. Georgia konqresmeni deyib ki, Trump-ı legitim hesab etməməsinin səbəblərindən biri də Rusiyanın seçkiyə iddia edilən müdaxiləsidir.

“Sən yanlış olduğuna inandığın bir şeylə yaşaya bilməzsən” – deyib konqresmen NBC News kanalına.

Trump-ın tənqidlərindən sonra cənab Lewis-in memuarlarının satışı Amazon-dakı Amerika bestsellerləri siyahisinda birinci yerə qalxıb vıə kitabın bütün nüsxələri satılıb qurtarıb.

John Lewis (ortada) respublikaçıların blokladığı silah nəzarəti debatının keçirilməsini tələb edən etiraz aksiyasındaFotonun müəllifiAFP
Image captionJohn Lewis (ortada) respublikaçıların blokladığı silah nəzarəti debatının keçirilməsini tələb edən etiraz aksiyasında

Cənab Lewis Orlando şəhərində baş vermiş qətliamın ardınca, ötən iyul ayında silahlara nəzarət haqqında qanunvericilik aktı üzrə səsvermə tələb edirdi.

Respublikaçılar oturaq etirazın qarşısını almaq üçün erkən iclas keçirərək bütün televiziya kameralarını söndürmüşdülər, lakin C-Span şəbəkəsi etirazın canlı yayınını bəzi demokratların telefonlarından ala bilmişdi.

Massachusetts ştatından nümayəndə Katherine Clark cənab Lewis-in etiraz aksiyasına qoşulan birincilərdən idi. Xanım Clark ötən həftə bildirib ki, Trump-ın inaqurasiyasına getməyəcək.

Onun bəyanatında deyilir ki, “mənim dairəmin insanları Trump kampaniyasındakı antiqadın, antimiqrant və antimüsəlman vədlərin siyasətə çevrilərək adamların rifahina və təhlükəsizliyinə zərbə vuracağından narahatdırlar”.

“Mən düşünmürəm ki, prezident seçilmiş bu şəxsin bölücü ritorikasından sonra vəziyyətin normallaşdırılması məqsədilə inaqurasiyada iştirak edə bilərəm” – deyib xanım Clark.

Cənab Trump onun komandasının çox geniş axtarışlarına baxmayaraq inaqurasiya mərasimi üçün az-çox babat musiqiçilər tapmaqda çətinliklə üzləşib.

İndi bu tədbirdə America’s Got Talent verilişinin yarışçılarından 16 yaşlı Jackie Evancho, hərbi orkestr və Radio City Rockettes iştirak edəcəklər. Rockettes truppasının bəzi üzvləri də etiraz əlaməti olaraq tədbirə qatılmayacaqlar.

BIR CAVAB BURAXIN