Tramp İranla sazişin ləğvində haqlıdır

0
450

2015-ci ildə İranın nüvə proqramı üzrə imzalanmış hərtərəfli fəaliyyət planı İran diplomatiyasının parlaq qələbəsidir. Obama ilə Kerri ABŞ siyasi tarixinin bəlkə də ən pasifist cütlüyüdür və belə bir sənədə ABŞ tərəfindən ancaq liberal siyasilərin dövründə imza atıla bilərdi. ABŞ və İsrailin maraqları baxımından yanaşdıqda, anlaşmanın qənaətbəxş olmadığını anlamaq çətin deyil. Müqavilə İranın nüvə proqramının ləğvini nəzərdə tutmur.

Arazinfo.com axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Trampın açıqlamasını şərh edən politoloq Şahin Cəfərli deyib. O bildirib ki, nüvə razılaşmasının müddəti 10 illikdir və bu müddətdə nüvə proqramının yalnız dondurulmasından söhbət gedir:

“Heç kim bilmir ki, 10 il sonra nə olacaq. Həmin vaxta qədər hərbi qüdrətini daha da artıracaq İran 2025-ci ildə niyə güzəştə getsin ki? Müqavilədə İranın raket proqramı ilə bağlı hər hansı müddəa, qadağa da yoxdur. İran heç bir əngəl olmadan İsraili xəritədən silmək gücünə malik, eyni zamanda, nüvə başlığı daşıya bilən ballistik raketlər hazırlaya bilər. Hətta İran istəsə, ABŞ-ı vura biləcək uzaqmənzilli raketlər də istehsal edə bilər, buna da bir maneə yoxdur. İran nüvə proqramını təxirə salmağın müqabilində öz iqtisadiyyatını inkişaf etdirmək imkanı qazandı, neft ixracına yenidən başladı, Qərbdə dondurulmuş pullarını geri aldı. Məsələn, Obama 400 milyon dolları nağd şəkildə təyyarə ilə Tehrana göndərmişdi. Beləliklə, Yaxın Şərqdə öz nüfuzunu genişləndirmək üçün əlavə resurslar əldə edərək bu məqsəd üçün milyardlarla dollar pul xərclədi və xərcləyir”.

Məsələyə sırf ABŞ və İsrailin maraqları baxımından yanaşdıqda, politoloq Trampın haqlı olduğunu düşünür:

“Amma onun qərarı sözsüz ki, bölgədə gərginliyi daha da artıracaq. Təsadüfi deyil ki, İsrail Trampın çıxışından dərhal sonra Suriyaya növbəti raket zərbələri endirdi. Artıq aydındır ku, bölgədə sülh başqa bahara qaldı və İranın nüvə proqramı ilə bağlı problemin hərbi yolla həlli ehtimalı getdikcə artacaq”.

Ş.Cəfərli bildirib ki, İran yenə ağıllı addım ataraq bu məsələdə ABŞ-ın müttəfiqi Avropa Birliyi, eləcə də Çin və Rusiya ilə əlaqəli şəkildə siyasət yeritməyə qərar verdi:

“Bu, ABŞ üçün təklənmə təhlükəsi yaradır. İndi ABŞ-la İsrail bir tərəfdə, dünyanın qalan hissəsi isə başqa tərəfdəymiş kimi bir görüntü var. Amma ABŞ Avropa üçün həyati müttəfiqdir, siyasi, iqtisadi, hərbi baxımdan Qərb blokunun şəriksiz lideri olmaqla yanaşı, həm də vaxtilə Avropanı faşizm və kommunizm kimi iki böyük bəladan xilas etmiş, onu xarabalıqlar arasından ayağa qaldırmış, inkişafına kömək etmiş, bu günə qədər qorumuş və hələ də qoruyan gücdür və mənəvi avtoritetdir. Fransada qollist xəttin hər zaman var olmasına, alman solçularının və radikal sağçılarının antiamerikanizminə baxmayaraq, ABŞ-ın Avropa üçün vazkeçilməzliyi hələ uzun müddət davam edəcək. Avropalılar İrana qarşı sanksiyaların ləğvindən sonra sürətlə bu ölkə ilə biznes əlaqələrini bərpa edərək İranda ciddi layihələr həyata keçirməyə başladılar. Böyük müqavilələr, o cümlədən “Airbus” satışına dair anlaşma imzalandı. AB-nin Trampın qərarına mənfi münasibətinin əsas səbəblərindən biri budur. Çünki Rusiyaya qarşı sanksiyalar nəticəsində müəyyən itkilərə məruz qalan Avropa biznesi İrana qarşı ABŞ sanksiyalarının bərpası nəticəsində də milyardlar itirəcək. Avropa şirkətlərinin ABŞ sanksiyalarına məhəl qoymamaq kimi bir lüksü yoxdur, məcbur əməl edəcəklər. Çünki heç bir Avropa şirkəti İrana gorə Amerika kimi nəhəng tərəfdaşı və bazarı itirmək istəməz”.

Politoloq ABŞ tərəfindən İrana qarşı sanksiyaların iki mərhələdə həyata keçiriləcəyini vurğulayıb:

“İlk növbədə avqustda İranın dollarla əməliyyatlar həyata keçirməsinə, qızıl və digər qiymətli metal ticarətinə, polad, kömür, alüminium, proqram təminatı alqı-satqısına, avtomobil sənayesinə, İranın suveren borcu ilə bağlı əməliyyatlara, İran rialı ilə iri miqdarda tranzaksiyalar həyata keçirilməsinə sanksiya tətbiq ediləcək. İkinci mərhələdə noyabrda İranın enerji sektoruna, neft şirkətlərinə, neft treyderlərinə, limanlarına, gəmiqayırma sənayesinə, İran Milli Bankına, sığorta sisteminə sanksiyalar bərpa olunacaq. Sanksiyalar şübhəsiz ki, İranda iqtisadi problemləri dərinləşdirəcək. Tramp hökumətinin məqsədi budur ki, ötən ilin dekabrında olduğu kimi, əhali ayağa qalxsın və mümkünsə, inqilab etsin. ABŞ-ın məqsədinin İranda rejim dəyişikliyi olduğunu bir neçə gün əvvəl Trampın vəkili Rudolf Juliani də təsdiqlədi”.

Politoloqun fikrincə, sözügedən sanksiyalar Azərbaycan-İran iqtisadi əlaqələrinə də təsirsiz ötüşməyəcək:

“Məsələn, Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində Rəşt-Astara dəmir yolunun tikintisi üçün Azərbaycanın İrana ayırdığı 500 milyon dolların bu ölkəyə köçürülməsi mümkün olmaya bilər. İranla həyata keçirilən bəzi layihələrin, məsələn, avtomobil istehsalının icrasında da problemlər yarana bilər. Amma gözlənilən neqativ təsirləri çox şişirtməyə dəyməz. Çünki Azərbaycan sanksiyaların ən sərt dövründə də İranla normal əməkdaşlıq edib”.

Ş.Cəfərli onu da əlavə edib ki, noyabrda Konqresə keçiriləcək seçkilərdə demokratlar qalib gələrsə, vəziyyət dəyişəcək və Trampın hərəkət sahəsi xeyli daralacaq:

“Bu halda impiçmentin də gündəmə gəlməsi mümkündür, xüsusi prokurorun təhqiqatının nəticələri bu baxımdan önəmli olacaq”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın İranla nüvə razılaşmasından çıxması barədə açıqlamasının ardından maliyyə sanksiyaları tətbiqinin detalları aydınlaşıb. ABŞ Maliyyə Nazirliyi qarşıdakı 90 gün ərzində İrana qarşı bank sektoru, metal ticarəti, dövlət borcu və maşın sektoru kimi sahələrdə keçmiş sanksiyaların təkrar qüvvəyə minəcəyini bildirib.

6 ay ərzində isə İrana qarşı gəmiçilik, neft və enerji sahələrindəki sanksiyalar bərpa ediləcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

five + twenty =