Tomsk müəmmasının, qədim Artaniyanın sirri açılır – FOTOLAR

0
571

 

Uzaq Sibirdə günümüzdə ən böyük şəhərlərdən biri kimi tanınan Tomsk ətrafında uzun illər bəzi müəmmalar mövcud olub. Bu da şəhərin yerində vaxtı ilə Turan hökmdarlarından birinin paytaxtının olması barədə çoxsaylı məlumatlarla bağlıdır.

Hələ X-XII əsrlərdə ərəb tarixçi və coğrafiyaşünasları Qərbi Sibirdə Artaniya adlı dövlətin olduğundan yazırdılar. Ərəb coğrafiyaşünaslarının “Bilik kitab”ında Artaniyanın paytaxtı kimi Tomsk şəhərinin yerində Qrasion və ya Qrustin adlı şəhərin mövcudluğundan bəhs edilir. Bəzi tarixçilərin fikrincə, Artaniya dövlətinin ərazisi Oka-Volqa çaylarının arasını əhatə edirdi. İran mifologiyasına görə, Artaniyanın ən güclü hökmdarı Turan sərkərdəsi Franqrasion olub. Bu məlumata əsaslanan alimlər Turan çarlığının dağılmasından sonra onun yerində eramızdan əvvəl V əsrdə Artaniya dövlətinin yarandığını ehtimal edirlər. Qədim Artaniya dövlətinin paytaxtı Qrustinin axtarışı ilə bağlı aparılan arxeoloji qazıntılar da Tomsk müəmmasına müəyyən qədər aydınlıq gətirib. Qədim mənbələrdə Qrustin şəhərinin inkişaf etmiş sivilizasiya mərkəzı olduğu, daşdan iki mərtəbəli binaların inşa edildiyi və şəhərdə Asiya ölkələrindən gələn çoxsaylı tacirlərin burada alver etdiyi vurğulanır. Həmin dövrdə Qrustin ən varlı şəhərlərdən biri hesab edilirdi. Artaniya olduqca güclü orduya malik idi. Artaniya qonşu dövlətlərlə müharibələr aparırdı və demək olar məğlubiyyət nə olduğunu bilmirdi. Yaxşı silahlanan Artaniya əsgərləri qazaxları və digər qonşu xalqları dəhşətə salırdı. Fars mənbələrində qeyd edilir ki, 560-cı ildə Artaniya hökmdarı Franqrasion Kopetdağ ətrafında baş verən döyüşdə sasaniləri darmadağın edərək öz paytaxtına qənimət kimi 5 karvan qızıl daşımışdı. Bundan əlavə Franqrasion bu döyüşdə 2000 nəfər farsı əsir almış və onları Artaniyaya apararaq qul kimi müxtəlif işlərdə işlətmişdi. X-XII əsrlərdə Artaniya dövləti və onun paytaxtı özünün yüksəliş dövrünü yaşamaqda idi. Artaniya dövlətinin yüksək inkişafına isə XIII əsrin əvvəllərində monqollar tərəfindən son qoyuldu.

Əfsanə həqiqət olur

Uzun illər boyu Qərbi Sibirdə güclü və qüdrətli Artaniya dövlətinin paytaxtı Qrustinin harada yerləşməsi müəmma olaraq qalmaqda idi. Onun yerini gah Ural dağları, gah indiki Tobolsk, gah da Xəzər ətrafında axtarırdılar. Amma ötən əsrin 70-ci illərindən başlayaraq alimlər çoxsaylı araşdırmalardan sonra qədim Artaniya dövlətinin paytaxtı Qrustinin Tomsk və ona bitişik ərazilərdə olduğunu müəyyən etdilər. Ötən əsrin 80-ci illərinin sonları, 90-cı illərin əvvəllərində Tomskda aparılan arxeoloji qazıntılar Qrustinin məhz burada mövcud olduğunu üzə çıxardı. 6 metr dərinlikdə arxeoloqlar 600-800 il bundan əvvələ aid yarıdağılmış daş bina qalıqlarına rast gəldilər. Bundan əlavə qazıntılar zamanı çoxlu sayda nizə qırıqlarına, doğranmış insan və heyvan sümüklərinə rast gəlindi. Bu da Qrustinin monqol hücumu zamanı yandırılaraq yerlə-yeksan edildiyini göstərirdi. Qazıntılar zamanı qalaydan hazırlanmış böyük qabda daş-qaş aşkar edildi. Şəhərdə aşkar edilən yeraltı yol şəhər ətrafına aprırdı və burada monqol hücumlarından qaçan əhali qiymətli əşyalarının, qızıl və gümüş pullarının bir hissəsini ataraq canlarını qurtarmağa çalışmışdılar. Qazıntılar zamanı tapılan çoxsaylı maddi mədəniyət nümunələri, o cümlədən qızıl, gümüş bəzək əşyaları və yerli ustaların poladdan hazırladıqları məşhur qılınclar Artaniya dövlətinin Avrasiya məkanındakı dövlətlərin hamısı ilə ticarət əlaqəsində olduğunu təsdiq etdi. Həmin dövrdə Artaniyadan Hindistana və Çinə qızılı rəngli mis ixrac edilirdi. Artaniya ustalarının hazırladıqları əşyalar bütün Avrasiya məkanında şöhrət qazanmışdı. Artaniya dövlətinin etnik tərkibinə gəlincə, alimlər türk xalqlarından olan skiflərin, noqayların, altaylıların, həm də xantların, evenlərin, nenslərin burada böyük çoxluq təşkil etdiyini, yüksək vəzifələrdə də onların nümayəndələrinin çalışdığıni, dövləti idarə etdiyini vurğulayırlar. Bir sözlə qədim türk yurdu olan Artaniya həmin dövrdə sivil inkişaf baxımından Avropadan və Çindən xeyli irəlidə idi. Yenə də təssüflər olsun ki, bu gün qədim Artaniya dövləti ilə bağlı araşdırmalar onların varisləri tərəfindən deyil, buranı işğal edən yadellilər tərəfindən aparılır. Onlar isə hər addımbaşı bu qədim və möhtəşəm türk dövlətinin varlığı barədə məlumataları saxtalaşdırmağa, özününküləşdirməyə cəhd edirlər…

Əziz Mustafa

BIR CAVAB BURAXIN