Tofiq Zülfüqarov: “Azərbaycan İrəvanı vura bilən raketlərə malikdir”

0
512

“ABŞ-da kimin prezident seçilməsindən asılı olmayaraq, bunun Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri olmayacaq”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.

T.Zülfüqarov deyib ki, əgər Dağlıq Qarabağ münaqişəsi nə zaman beynəlxalq gündəmdə olsa, o zaman ABŞ rəhbərliyi də bu məsələyə diqqət yetirəcək. Onun sözlərinə görə, indi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmaq ABŞ üçün prioritet deyil:

“Aprel döyüşləri zamanı Qarabağ münaqişəsi qısa müddətdə beynəlxalq ictimaiyyətin diqqətində olsa da, ancaq sonradan bu məsələ dünya üçün aktuallığını itirdi. Bu gün isə Qarabağ münaqişəsinin tezliklə həll edilməsi dünya, o cümlədən ABŞ üçün o qədər də əhəmiyyətli və aktual deyil. Bu baxımdan da indi heç kəs dəqiq deyə bilməz ki, ABŞ-da filan namizəd prezident seçiləndən sonra Qarabağ münaqişəsinin həlli məsələsi aktuallaşacaq və sairə. Bu, Qarabağ ətrafında yaranacaq vəziyyətdən asılıdır. Əgər həmin vaxtı Qarabağ münaqişəsi aktual olarsa, o zaman bu məsələ ABŞ prezidenti üçün maraqlı ola bilər. Ancaq indiki vəziyyətdə olarsa, inanmıram ki, aktual olsun”.

T.Zülfüqarov Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaranan indiki vəziyyəti də dəyərləndirib:

“Son bəyanatlar göstərir ki, Qarabağla bağlı yüksək görüşlər də planlaşdırılmır. Amma bu dəqiqdir ki, Ermənistan tərəfi heç bir kompromisə hazır deyil. İndi ermənilərin kompromisə hazırlığı sıfır səviyyəsindədir. Rusiyadan alınan “İsgəndər M” raket sistemi isə Ermənistanı siyasi və psixoloji cəhətdən daha arxayın edib. İndi ermənilər özlərini siyasi və psixoloji baxımdan daha arxayın hiss edir. Ancaq hərbi baxımdan vəziyyət dəyişməyib. Təbii ki, Ermənistan Naxçıvan Muxtar Respublikasının İrəvandan təqribən 50-60 kilometr məsafədə yerləşdiyini unudur. Bu məsafədən atəş üçün heç “İsgəndər M” raketlərinə ehtiyac yoxdur. Azərbaycan bu məsafədən İrəvanı vura bilən raketlərə malikdir. Odur ki, “İsgəndər M” Ermənistan üçün gərəksiz olan silahdır”.

BIR CAVAB BURAXIN