Tikintidə niyə bu qədər problem var?

0
548

arxiv

Prezident Administrasiyasına daxil olan şikayətlərin çoxu tikinti şirkətləri ilə bağlıdır. Şikayətlər tikilmiş mənzillərin keyfiyyətinin aşağı olması, alıcıların aldadılması, kommunal xidmətlərlə təminetmənin və mülkiyyət hüququ haqqında aktların verilməsinin gecikməsi ilə əlaqədardır. Bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun mediada dərc olunmuş müsahibəsində bildirilir.

Tikintidə niyə bu qədər problem var? Qanunlarda boşluq var, yoxsa şirkətlər qanunlara əməl etmir?

Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, Azərbaycanda tikinti ilə bağlı kifayət qədər normal hüquqi normativ aktlar və sənədlər mövcuddur. Amma ekspert təəssüflə qeyd edir ki, Azərbaycandakı tikinti şirkətləri həmin qanunvericilik aktlarına əməl etmirlər və istehlakçı hüquqlarını pozurlar.

Ramil Osmanlının fikrincə qanunvericiliyi pozan tikinti şirkətləri ilə bağlı götürülən ölçülər cəmiyyətə açıqlansa, bunun bir qədər qarşısını qismən almaq olar. Ekspert bildirir ki, bu gün də xeyli problemlər qalmaqdadır və bu problemlərin aradan qaldırılması üçün dövlət tikinti şirkətlərinin yox, istehlakçıların arxasında dayanmalıdır.

Daha bir ekspert Nüsrət İbrahimov isə deyir ki, Azərbaycanda tikinti sektoru hələ tam formalaşmayıb. Onun sözlərinə görə formalaşma prosesində təsadüfi şirkətlər bazarı tərk edir və özünü təsdiq etmiş şirkətlər normal fəaliyyət göstərir.

Ekspert bildirir ki, tikinti şirkətlərinin rastlaşdığı xərclər onların fəaliyyətində bəzi çatışmazlıqlar yaradır.

İqtisadçı ekspert Natiq Cəfərli isə tikinti sektoruna nəzarət edən kifayət qədər dövlət və hökumət orqanlarının olduğunu yada salır. Və qeyd edir ki, buna baxmayaraq tikinti sektorunda vəziyyət ürəkaçan deyil. Ekspert deyir ki, vəziyyət o yerə çatıb ki, Prezident Administrasiyası səviyyəsində cəmiyyətə tikinti şirkətləri ilə bağlı açıqlama verilir.

Natiq Cəfərli bu sahədə əsas problem kimi bir-birini təkrarlayan dövlət və hökumət orqanlarının sayının çoxluğunu və qanunvericilik bazasını gördüyünü deyir. Ekspert həm də onu deyir ki, tikinti şirkətlərinin bir çoxu iri məmurlara bağlı olduğu üçün bir sıra problemlər də burdan qaynaqlanır.

BIR CAVAB BURAXIN