Tiflisə qarşı Azərbaycan ssenarisi işə salındı: “Kvazidövlət” PLANI və ERMƏNİ OYUNU

0
749

Tiflisə qarşı Azərbaycan ssenarisi işə salındı: “Kvazidövlət” PLANI və ERMƏNİ OYUNU

Ermənilər Gürcüstanda separatizmi qızışdırmaq istiqamətində aktiv fəaliyyətə başlayıb.

Publika.az xəbər verir ki, “kavkazplus” saytı ermənilərin Azərbaycanda etnik qruplar arasında separatizm toxumu səpdiyi kimi, eyni addımları Gürcüstanda da atdığını yazıb.

“Ermənilər Azərbaycanda talış və ləzgilər arasında satqınları taparaq, onlara maliyyə dəstəyi ayırır, xüsusilə media sahəsində kömək edir. Misal üçün, işğal olunmuş Şuşada yaradılan “Talışıstanın səsi” radiosu belə layihələrdəndir. Bu işi İrəvan rejimi və erməni lobbisi həyata keçirir. Erməni lobbisi analoji addımları Gürcüstana qarşı da atmağa başlayıb”, – deyə sayt yazır.

Ermənilər Gürcüstanın Samsxe-Cavaxetiya bölgəsində kompakt şəkildə yaşayırlar. Onilliklər boyunca bu bölgədə erməni separatizmi Tiflisin başağırısına çevrilib. Lakin sayt yazır ki, ermənilər bununla kifayətlənmir və son dövrlər meqrellərlə svanlar üzərində separatizm kartını işə salmağa hazırlaşırlar: “Prinsip etibarilə erməni lobbisinin Gürcüstanda separat Meqreli və Svaneti bölgəsi yaratmaq planı çoxdan var idi. Hələ Zvaid Qamsaxurdianın dövründə erməni lobbisinə bağlı KİV Gürcüstanı bölmək üçün “abxaz-meqrel” layihəsini təklif edirdi. Lakin meqrellər bu fitnəkar təkliflərə qarşı çıxaraq, gürcü xalqı ilə eyni yerdə yaşamağı üstün tutdular. Ermənilər eyni separatizmi svanlarla bağlı da tətbiq etmək niyyətində idi. Orada heç nə alınmadı. Çünki svanlar tarixən ermənilərə nifrət edirlər və “Müstəqil Svaneti” fikrini, ümumiyyətlə, yaxına buraxmadılar”.

Eduard Şvarnadzenin dövründə Kodor dərəsində Tiflisin rəsmi nümayəndəsi olan Emzar Kvisiani Saakaşvilinin prezidentliyini qəbul etməkdən imtina etdi. Bu, Gürcüstanda Kodor dərəsi böhranına səbəb oldu. 2006-cı ildə erməni lobbisi yaranmış vəziyyəti fürsət bilib “svan kartı”nı yenidən masaya yatırdılar. Lakin bu cəhd nəticə vermədi.

“Kavkazplus” yazır ki, buna səbəb Abxaziya müharibəsi dövründə Kodor dərəsindəki svanların erməni döyüşçülər tərəfindən vəhşicəsinə qətlə yetirilməsi idi: “Svanlar keçmişi əla xatırlayırlar. Erməni vəhşiliyinə ən çox məruz qalan isə meqrellər olub. Abxaziyada meqrellərə qarşı ən dəhşətli cinayətləri Baqramyan adına erməni batalyonunun döyüşçüləri etmişdi. Onlar meqrelləri Qaqridən, Suximidən, Qulripşdən və Oçamçirdən tamamilə qovdular. Hətta separat Abxaziya hakimiyyəti qaçqın meqrellərin Qalski rayonuna qayıtmağına icazə versə də, məhz erməni lobbisinin təşəbbüsü ilə bu insanlar bütün vətəndaş hüquqlarından məhrum edildilər. Lakin indi meqrellərin cəlladları – erməni millətçilər “unikal meqrel xalqı” haqda danışır, onlara yaltaqlanırlar. Qeyd edirlər ki, meqrellər də “qədim ermənilər” kimi “qədim kolxov nəsli” elan edilməlidir. Erməni lobbisinə bağlı KİV sifarişlə meqrellərin gürcü olmadığı və “müstəqil dövlət qurmaq hüququna malik olması” haqda məqalələr dərc edirlər. Burada məqsəd aydındır: ermənilər Gürcüstanı “kvazidövlət”lərə bölmək və torpaqlarını tikə-tikə edib əllərinə keçirmək istəyir”.

Niyə meqrellər?

Sayt qeyd edir ki, ermənilərin meqrellər üzərindən oynaması təsadüfi deyil.

Meqreliyada ermənilər heç vaxt yaşamayıb. Lakin erməni apostol kilsəsi (AAS) burada “erməni kilsələri”nin olduğunu iddia edir. Məlumdur ki, ermənilər separatizm ideyalarını translyasiya etmək üçün meqrellər arasında satqınları tapırlar. Xüsusilə Rusiyada yaşayanlar arasında onları tapmaq daha asandır. Onlar əvvəlcə sosial şəbəkələrdə, sonra bloqlarda, daha sonra məşhur olmayan saytlarda təbliğat aparırlar.

Misal üçün, yaxın vaxtlarda “livepress.ge” adlı saytda Nino Toloraya adlı müəllifin materialı dərc olundu: “Kim və niyə Sameqrelo respublikasını yaratmaq istəyir – artıq konstitusiya layihəsi mövcuddur”.

Məqalədə “Sameqrelo respublikası”nın həqiqi sifarişçiləri – erməni lobbisi haqda heç nə deyilmir. Hər şeyin “sadə meqrellər”in təşəbbüsü ilə baş verdiyi görünür. Konstitusiya layihəsini isə Sankt-Peterburqda yaşayan Rajden Todua adlı şəxs irəli sürüb. Konstitusiya layihəsinə əsasən Sameqrelo respublikasının öz prezidenti var və bu prezident inaqurasiya mərasimində doğma meqrel dilində and içir. Meqrel dili dövlət dili elan olunur, lakin gürcü dili də ikinci dövlət dili olaraq saxlanılır. Sameqrelo respublikası ilə Gürcüstan arasında münasibətlər konstitusiya çərçivəsində müqavilələrlə tənzimlənir. Layihənin şərtlərindən biri odur ki, Sameqrolo respublikası istədiyi vaxt referendum keçirərək, Gürcüstanın tərkibindən ayrıla bilər. Rajden Todua Sameqrolo konstitusiyasını 17 il əvvəl hazırlayıb. Deyir ki, həmin vaxt Gürcüstanda meqrellərin mədəni muxtariyyətinə nail olmağı ümid edirdi. Bildirir ki, universitetdə oxuyanda köhnə kolxi dövlət quruluşunun bərpa edilməsi şansının olduğuna inanırdı.

“Hesab edirəm ki, Gürcüstanın dövlət quruluşunun dəyişilməsinin vaxtı gəldi. Gürcüstanı bugünkü vəziyyətə – iqtisadi gerilikdən ərazilərin itirilməsinə qədər – birtərəfli yanaşma və gürcülərin özlərini bəyənməsi gətirib çıxarıb. Biz meqrellərik, böyük millətik və öz qiymətimizi yüksəltməliyik”, – deyə o danışır.

“Kavkazplus” baş verənləri təhlükə adlandırır və yazır: “Hələlik “Sameqrelo respublikası” ideyası yalnız Gürcüstanın xaricində yaşayan satqınlar tərəfindən müzakirə edilir. Lakin zamanla bu fitnəkar təbliğat gürcü dövlətinin ciddi probleminə çevrilə bilər. Xüsusilə kənardan maliyyələşmə olacaqsa və Gürcüstanın daxilində satqınlar tapılacaqsa, problem böyük olacaq”.

Asif

BIR CAVAB BURAXIN