Azərbaycan və Ümumtürk tarixinin ağsaqqalı və patriarxı böyük alim

0
661

 

Bir neçə gün öncə əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yığıncağında bu quruma yeni həqiqi üzvlər seçlib. Onların arasında AMEA-nın Tarix İnstitunun direktoru, tarix elmləri doktoru, vətənpərvər alim, görkəmli elm xadimi Milli Məclisin deputatı Yaqub Mahmudov da var. Mən artırıb-əksiltmədən deyərdim ki, Yaqub Mahmudov nəinki Azərbaycan, həm də günümüzdə türk dünyası tarixinin ən görkəmli nümayəndələrindən biridir. Bir jurnalist kimi mətbuatda çalışdığım müddətdə Yaqub Mahmudovla dəfələrlə müsahibələr götürmüşəm və hər dəfə də onun nə qədər böyük ürəyə sahib olmasının, vətənpərvərliyinin, millətinə, xalqına olan sonsuz sevgisinin, məhəbbətinin şahidi olmuşam. Bu baxımdan o taylı bu taylı Azərbaycanımızın həqiqi tarixinin öyrənilməsində, ümumdünya türk tarixinin ən qaranlıq səhifələrinin üzə çıxarılmasında, araşdırılmasında, bu gün qazax, qırğız, türkmən, özbək, tatar, başqırd və digər adlarla adlandırılan türk xalqlarının ümumtürk kökünə qaytarılmasında Yaqub Mahmudovun əvəzsiz xidmətləri var. Tarixçi alimin şübhəsiz ki, ən böyük xidmətlərindən biri SSRİ dövründə yaradılan saxta Azərbaycan tarixinin yenidən öyrənilməsi, yazılması və tariximizə atılan belə demək mümkünsə çirkabların təmizlənməsi oldu. Hələ SSRİ dövründə, çox gənc yaşlarından xalqımızın öz köklərindən uzaqlaşdırılmasına xidmət edən tarixi saxtakarlıqlara qarşı mübarizəyə başlayan Yaqub Mahmudov bu yolda min bir çətinliklərlə üzləşdi, təzyiqlərə məruz qaldı.

Bakı Dövlət Universitetinin tarix fakultəsini bitirdikdən sonra orta əsrlər tarixi üzrə aspiranturada saxlanılan Yaqub Mahmudovun tariximizin açılmamış səhifələrindən olan Ağqoyunlu dövlətinin Avropa ilə əlaqələri üzrə dissertasiyası böyük əks-sədaya səbəb oldu və ona birbaşa doktorluq elmi dərəcəsi verilməsi təklif edildi. Lakin gənc alimin uğurlarına paxıllıq edənlər buna razılıq vermədilər. Amma çətin mübarizədən sonra ona elmlər namzədi adı verdilər. Bundan sonra Rəsul Rzanın yanında Ensiklopediyada işə düzələn Yaqub Mahmudov qısa müddətdə elmi redaktor vəzifəsinə qədər yüksəldi. Onun tarixi saxtalaşdıranlara qarşı mübarizəsi də məhz alovlu vətənpərvər olan Rəsul Rzanın rəhbəri olduğu milli ensiklopediyamızda davam etdirildi. Həqiqi tariximizin yazılması yönündə apardığı mübarizəsi 1971-ci ildə onun Ensiklopediyanın elmi işlər üzrə baş redaktor müavini təyin edilməsi ilə nəticələndi.

Elmi Ensiklopediyada o dönəmdə tarixi həqiqətlərin üzə çıxarılması yönündə həyata keçirilən işlər, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, sərhədlərimiz, tarixi torpaqlarımız, xəritələrimizlə bağlı məsələlər qaldırıldı. Təbii ki, onların cəsarətlə tarixi həqiqətləri üzə çıxarması o vaxt respublikamıza rəhbərlik edən Heydər Əliyev tərəfindən də dəstəklənirdi. Onlara qarşı ermənilər tərəfindən aparılan hücumların qarşısının alımasında da ulu öndər Heydər Əliyevin böyük xidmətləri oldu. Ensiklopediyada 10 illik fəaliyyəti dövründə Yaqub Mahmudov əsl tariximizin yazılması sahəsində mübarizə ilə dolu böyük bir həyat məktəbi keçdi. Bu da sonrakı illərdə onun əsl tariximizin yazılması istiqamtində apadığı mübarizədə köməyinə gəldi.

Burada bir haşiyə çıxaraq qeyd edək ki, Yaqub Mahmudovun əslində tariximizi saxtalaşdıranlara qarşı gənc yaşlarından başlatdığı mübarizəsi onun atası Mikayıl Mahmudoğlunun ermənilərə və bolşevik rejiminə qarşı apardığı silahlı mübarizənin davamı demək idi. 1918-1920-ci illərdə Şəkinin Baş Göynük kəndinin igidləri Mikayıl Mahmudoğlunun rəhbərliyi altında ətraf kəndlərə hücumlar təşkil edən Səbətli kəndinin ermənilərdən təmizlənməsində əsl qəhrəmanlıq gösrərdilər. 1930-cu ildə bolşevik rejiminə qarşı Baş Göynük kəndində qalxan və tarixdə Şəki üsyanı kimi tanınan milli azadlıq mübarizəsinin rəhbərlərindən biri də məhz Mikayıl Mahmudoğlu idi. Ötən əsrin 60-cı illərindən başlayaraq atasının mübarizəsini Yaqub Mahmudov qələmini süngüyə çevirərək davam etdirdi.

Həyatının sonrakı dövründə, istər o vaxtkı Lenin adına Azərbaycan dövlət Pedaqoji İnstitutunda, istərsə də sonra Bakı Dövlət Universitetində çalışdığı illərdə Yaqub Mahmudov mübariz, milli ruhda köklənən tarixçilərin, gənc nəslin formalaşmasına önəmli töhfələr verdi. Azərbaycanın həqiqi tarixinin yazılması uğrunda mübarizəsini davam etdirən Yaqub Mahmudov 1989-cu ildə Moskva Dövlət Universitetinin Elmi Şurasında Ağqoyunlu və Səfəvi dövlətlərinin Avropa ölkələriylə əlaqələri mövzusunda doktorluq dissertasiyası müdafiə etdi. Bununla da vətənpərvər alim Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər dövlətlərinin İran deyil, Azərbaycan dövlətləri olduğunu sübut etdi. Əslində bolşevik rejimi dövründə, Moskvadan Azərbaycandan türk izlərinin silinməsi, millətimizi kökündən ayıraraq onu farslara bağlanması barədə göstərişin verildiyi bir vaxtda Ağqoyunlu və Səfəvilərin Azərbaycan dövlətləri olmasının sübut edilməsi sözün əsl mənasında böyük qəhrəmanlıq demək idi.

Xalq hərəkatı dövründə onda fəal iştirak edən tələbələrin bu ali məktəbdən qovulmasının qarşısını alan Yaqub Mahmudov eyni zamanda onları sona kimi milli mübarizəyə ruhlandırırdı. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra sovet düşüncəsi, Moskvanın göstərişi ilə yazılan saxta tariximizin yenidən yazılması uğrunda mübarizəsini davam etdirən Yaqub Mahmudov bununla da bizi türk kökümüzdən ayırmaq, kökümüzü farslara bağlamaq, millətimizə gəlmə damğası vurmaqda davam edən bəzi “tarixçilər”ə qarşı əsl savaş açdı. O vaxt tariximizin başında duran və türk amilini danmağa çalışaraq ermənilərin tariximizə atdığı çirkablara dəstək verən bəzi şəxslərə qarşı mübarizədə yenə də Yaqub Mahmudova ən böyük dəstək ulu öndər Heydər Əliyevdən gəldi. Ulu öndərin Azərbaycanın həqiqi tarixinin yazılması barədə dəyərli tövisyələrinə və göstərişlərinə əməl edən Yaqub Mahmudov tarixi faktlarla ölkəmizə qarşı ərazi iddiaları qaldıranların layiqli cavabını verdi. Bu müstəvidə də onun yazdığı “Ata yurdu” dərsliyi tariximizi saxtalaşdıranlara verilən tutarlı cavab oldu. “Ata yurdu” dərsliyi ilə bağlı İrandan nota verildi ki, kitabın üzərində niyə bütöv Azərbaycanın görüntüsü var. Amma məsələnin mahiyyətindən yaxşı xəbərdar olan ulu öndər Heydər Əliyev Yaqub Mahmudovun böyük alimlərdən biri olduğunu deyərək onu bu sahədəki fəaliyyətlərini daha da genişləndirməyə ruhlandırdı. Azərbaycana qarşı ərazi iddialarının ifşa edilməsində xidmətlərinə görə, o, məhz ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən2004-cü ildə AMEA Tarix institunun direktoru vəzifəsinə təyin edildi.

Yaqub Mahmudovun rəhbərliyi altında AMEA Tarix İnstitunun əməkdaşları tərəfindən Qarabağ, Naxçıvan, İrəvan xanlıqlarının tarixi yazıldı, ermənilərin ötən əsrin əvvəllərindən başlayaraq azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımlarını tarixi sübutlarla ifşa edən elmi əsərlər yazıldı. Bununla da ermənilərin qondarma ərazi iddialarına layiqli cavab verildi. Eyni zamanda Yaqub Mahmudovun başçılığı altında həyata keçirilən bu işlər dövlətimiz tərəfindən də yüksək qiymətləndirildi. Belə ki, başda Yaqub Mahmudov olmaqla bu tarixin yazılmasında iştirak edən AMEA Tarix İnstitunun bir qrup əməkdaşı dövlət mükafatına layiq görüldü. Azərbaycan Prezidenti İlham Əliyevin tariximizin öyrənilməsini daim diqqət mərkəzində saxlaması öz növbəsində bu sahə üzrə çalışan mütəxəssisləri daha böyük həvəslə çalışmağa ruhlandırır. Bu baxımdan görkəmli tarixçi alim, Ümumtürk tarixinin ağsaqqalı, millət vəkili Yaqub Mahmudovun AMEA-ya həqiq üzv seçilməsi də prezident İlham Əliyevin tarix elmimzə verdiyi böyük dəyərin nəticəsidir. Biz bu işdə hörmətli Yaqub Mahmudova, eləcə də AMEA Tarix İnstitunun bütün əməkdaşlarına uğurlar arzulayırıq.

Əziz Mustafa

BIR CAVAB BURAXIN