Son illərdə Azərbaycanın həqiqi tarixinin öyrənilməsi istiqamətində uğurlu elmi tədiqatlar aparılmaqda və olduqca dəyərli tarixi tədqiqat əsərləri ortaya qoyulmaqdadır. Bu baxımdan AMEA Tarix İnstitutunda müzakirə edilən tarix üzrə fəlsəfə doktoru Zaur Həsənovun“Skiflər və onların Azərbaycan tarixində yeri” adlı doktorluq dissertasiyası tariximizin qaranlıq səhifələrinin öyrənilməsinə işıq salan daha bir dəyərli tədqiqat əsəri hesab edilir. AMEA Tarix İnstitutunun mətbuat xidmətinin rəhbəri Nazim Xəlilovun“Yeniavaz.com”a verdiyi məlumata görə, müzakirələrdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib ki, skiflər Azərbaycan xalqının formalaşmasında yaxından iştirak etmiş qədim tayfa ittifaqlarından biridir.
Müzakirələrdə akademik Yaqub Mahmudovla yanaşı, AMEA-nın müxbir üzvü İlyas Babayev, Tarix İnstitutunun direktor müavinləri Cəbi Bəhramov və Tofiq Nəcəfli, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdirləri Səfər Aşurov və Fərhad Quliyev, Tarix İnstitutunun şöbə müdiri Allahverdi Əlimirzəyev və başqa görkəmli tarixçilər və arxeoloqlar da iştirak ediblər. Qeyd edək ki, tarixçi-alim Zaur Həsənov ilk dəfə olaraq dissertasiya şəklində “çar skiflər” və “şişpapaq saklar”ın etno-dil mənsubiyyətini araşdırıb. Tarixçi alim öz əsərlərində “çar skiflər”in və “şişpapaq saklar”ın türk mənşəli olmasını sübut edib.
Xatırladaq ki, Aşquz dövlətini “çar skiflər”, Sakasena dövlətini isə “şişpapaq saklar” yaradıb. Bu dövlətlər e.ə. VII-IV əsrlərdə Cənubi Qafqazda mövcud olub. Onu da deyək ki, Zaur Həsənov “Şişpapaq saklara” məxsus İssık yazısını oxuyub və bununla bağlı onun elmi araşdırması Rusiya Elmlər Akademiyasının (REA) Şərqşünaslıq İnstitutunun “Şərqin Epiqrafikası” (“Epiqrafika Vostoka”) jurnalında çap edilib.
Əziz Mustafa